“Bu gün Laçın rayonunun azad olunmasından iki il ötür. Ağdam və Kəlbəcər rayonları kimi Laçın rayonu da Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 44 günlük müharibədə əldə edilən qələbə və yürüdülən uğurlu siyasət sayəsində bir güllə belə atmadan, qansız-qadasız azad edildi. Bəziləri düşünə bilər ki, bu rayonların işğaldan azad edilməsi üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq gerçəkləşib. Amma, bunu şərtləndirən amillər də nəzərə alınmalıdır. Azərbaycan Ordusunun müzəffər yürüşü, torpaqlarımızı qısa müddətdə azad etmək iddiası və bütün bunları etmək qabiliyyəti, cəsarəti erməniləri və onların xarici bağlantılarını çıxılmaz duruma saldı. Ermənistan ordusu 30 il əlində saxladığı Azərbaycan torpaqlarından çəkilmək məcburiyyətində qaldı”.
Bunu “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat bildirib ki, Laçın rayonunun strateji nöqtədə yerləşməsi ermənilərə imkan verirdi ki, Qarabağdakı separatçıları müxtəlif növ silah və digər təminat növləri ilə təmin etsin: “Birinci Qarabağ müharibəsində dönüş nöqtəsi də Laçın rayonunun itirilməsi ilə başlandı. Ermənilər Şuşanın işğalını başa çatdırandan sonra bütün güclərini həm Qarabağ, həm də Ermənistan istiqamətindən toplamaqla Laçını ələ keçirdilər. 25 illik atəşkəs dövründə aparılan danışıqlarda Laçının və Kəlbəcərin danışıqlar predmetindən çıxarmağa çalışan erməni rəhbərliyi bu rayonların nə qədər strateji və həssas mövzu olduğunu bilirdilər. Ona görə də Laçını mümkün qədər əllərində saxlamağa çalışırdılar. Reallıq isə budur ki, danışıqların bir səmərə vermədiyini qətiləşdirən Azərbaycan müharibə yolunu seçməklə münaqişəni birdəfəlik həll etdi, erməni silahlı qüvvələrini 44 günlük əməliyyatlarla darmadağın etdi, torpaqlarımızı əsl sahiblərinə qaytardı. Bu gün Laçın azaddır, qürurludur və sakinlərinin yolunu səbrsizliklə gözləyir. Böyük Qayıdışa hazırlaşan Laçın rayonunda meqa layihələr həyata keçirilir. Yollar çəkilir, hava limanı inşa edilir, kəndlər elektrik, qaz və su ilə təmin edilir. Paralel olaraq ərazilər erməni silahlılarının basdırdığı minalardan təmizlənir. Qeyd edək ki, Laçın Azərbaycanın ən iri təsərrüfat, heyvandarlıq rayonlarındandır. Geniş əraziyə malik otlaq sahələri, su mənbələri, müxtəlif növ bitkilərlə zəngin dağlar, düzənliklər imkan verir ki, bu rayondan əldə edilən qida məhsulları ilə Azərbaycanda ərzaq bolluğu yaradılsın. İşğal dövründə Ermənistanın taxıl və digər ərzaq ehtiyatlarının xeyli hissəsinin məhz Qarabağ və ətraf 7 rayon vasitəsilə təmin olunduğu heç kimə gizli deyil. Bu gün Ermənistanda yaranan ərzaq qıtlığının səbəblərini də burada axtarmaq lazımdır”.
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası