30 noyabr 2022 11:29
548

Bakı beynəlxalq platformaların təşəbbüskarı kimi çıxış edir

Dövlətimizin başçısı ADA Universitetində keçirilən beynəlxalq konfransda çox mühüm mesajlar verdi

Prezident İlham Əliyevin noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransdakı çıxışı, həmçinin bir sıra dövlətlərin elm mərkəzlərinin nümayəndələrinin suallarına verdiyi qətiyyətli cavabları işğalçı Ermənistana və onun havadarlarına, ümumiyyətlə dünya ictimaiyyətinə bir mesaj idi.

Konfransda Orta Dəhlizin təhlükəsizlik aspektləri, regionun iqtisadi imkanları müzakirə olunur. Xüsusilə bu baxımdan Zəngəzur dəhlizinin əhəmiyyəti, Şərq-Qərb dəhlizinin yaradacağı yeni nəqliyyat imkanları, beynəlxalq yükdaşımalarının genişləndirilməsi və şaxələndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb. Bu mühüm tədbirin iştirakçıları arasında ABŞ, Belçika, Bolqarıstan, Böyük Britaniya, Fransa, İsrail, İsveçrə, İtaliya, Gürcüstan, Kanada, Misir, Pakistan, Polşa, Rumıniya, Rusiya və Türkiyənin aparıcı beyin mərkəzlərinin rəhbərləri və nümayəndələri də olub.

Son dövrlər ölkəmiz çox böyük iqtisadi layihələrə imza atıb. Bu layihələrin uğurla həyata keçirilməsinin əsas amillərindən biri ölkəmizdə xalq-iqtidar birliyinə görə mövcud olan sabitlikdir. Dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin sayəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu əhəmiyyətli dərəcədə artıb. Ölkəmiz bir çox dövlətlərlə iqtisadi, siyasi sahələrdə dost münasibətlər qurub ki, bunun nəticəsində ölkəmiz güclü və nüfuzlu dövlətə çevrilib.

Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında yer alır. Ölkəmiz dünyanın bir çox dövlətləri ilə strateji müttəfiqlik haqqında müqavilə imzalamışdır. Bütün bu amillər Azərbaycanın beynəlxalq aləmdə öz təhlükəsizliyini təmin etməsi üçün həyata keçirdiyi çox mühüm addımlardır. Ölkəmizə qarşı bir cəbhədə birləşən İran və Ermənistan Azərbaycanın regionda həyata keçirdiyi nəqliyyat-infrastruktur layihələrinə mane ola bilməyəcək. Ermənistan nə siyasi, nə də iqtisadi cəhətdən müstəqil, suveren bir dövlət deyil. Bu ölkənin ərazisindən heç bir beynəlxalq nəqliyyat xətti keçmir. Ümumiyyətlə, işğalçı Ermənistanın nəqliyyat şəbəkəsi özünəməxsus deyil. Bu ölkənin nəqliyyat sektoru Rusiyaya məxsusdur.

Ölkəmiz diplomatik sahədə bir çox ölkələrlə yeni əməkdaşlıq əlaqələri qurmağa üstünlük verir. Azərbaycan dövlətinin İsraildə və Fələstində səfirlik açması sülhə xidmət edən bir addımdır. Ərəb Liqası nümayəndəliyinin Bakıda açılması barədə qərar Azərbaycanın bu təşkilatla dostluq münasibətlərinin yüksək səviyyədə olmasının göstəricisidir. Ərəb Liqasına üzv olan dövlətlər işğal dövründə  və Vətən müharibəsi zamanı Azərbaycanı dəstəkləyən və Ermənistanın işğalçılıq siyasətini pisləyən qətnamələr qəbul etmişlər. Azərbaycan öz növbəsində pandemiya dövründə Ərəb Liqası və İƏT ölkələrinə maliyyə və humanitar yardım göstərmişdir. Azərbaycanla Türkiyə arasında mövcud dostluq və qardaşlıq əlaqələri bütün dünyaya bir nümunədir. Hər iki dövlətin Silahlı Qüvvələri birlikdə hərbi təlimlər həyata keçirirlər. İstər Azərbaycana, istərsə də Türkiyəyə qarşı yönələn qüvvələr bilməlidilər ki, hər iki ölkənin ordusu istənilən təxribatçı qüvvələrə qarşı bir olacaq.

Avropa İttifaqı ilə (Aİ) Azərbaycan arasında əlaqələr yeni mərhələyə qədəm qoymuşdur. Bu gün Aİ ölkəmizin çox mühüm tərəfdaşıdır. Brüsseldə Avropa Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə bir neçə dəfə Azərbaycanla Ermənistan arasında səmərəli görüşlər keçirilmişdir. Bu il oktyabrın 6-da Praqada Aİ və Fransa Prezidentinin iştirakı ilə keçirilən dördtərəfli görüşdə Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını bəyan etdi. Lakin həmin görüşdən bir həftə keçməmiş Fransa Prezidenti Makron Azərbaycana qarşı qərəzli bəyanatla çıxış etdi. Bundan sonra Fransa Senatı da Azərbaycana qarşı qərəzli, böhtan xarakterli qərar qəbul etdi. Fransa işğalçılıq siyasəti həyata keçirən Ermənistanın mövqeyini müdafiə etdiyinə görə heç bir halda vasitəçilik mövqeyindən çıxış edə bilməz. Fransa ancaq Ermənistanın maraqlarını müdafiə etdiyi üçün özünün vasitəçilik missiyasının üstündən xətt çəkmiş oldu.

Tədbirdə Prezident İlham Əliyevin İrandakı soydaşlarımıza qarşı edilən haqsızlıqlar barədəki fikirləri hər bir azərbaycanlı tərəfindən böyük rəğbətlə qarşılanır. Bu fikirlər həmçinin bu gün İranda Azərbaycana və azərbaycanlılara qarşı olan qüvvələrə bir mesaj oldu. Hazırda İranda yaşayan 35 milyondan çox azərbaycanlıların bir dənə də olsun məktəbləri yoxdur. Burada azərbaycanlılar Azərbaycan dilini ancaq məişət səviyyəsində öyrənirlər. İranda bir ovuc ermənilər üçün erməni dilində məktəb açmalarına hər cür şərait yaradıblar. Azərbaycan dövləti İranda yaşayan azərbaycanlıların dünyəvi inkişafını təmin etmək üçün bütün vasitələrdən istifadə edəcək. Azərbaycan bütün dövlətlərlə,  o cümlədən, region dövlətləri ilə yanaşı Ermənistanla da sülh, əmin-amanlıq və mehriban qonşuluq şəraitində yaşamaq niyyətindədir. Dövlətimizin başçısı bir daha Azərbaycan dövlətinin güclü və qüdrətli bir ölkə, Azərbaycan xalqının sülhsevər bir xalq olduğunu bütün dünyaya nümayiş etdirdi.

Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri