23 noyabr 2022 00:12
391

YAP-ın beynəlxalq əlaqələrinin coğrafiyasının genişlənməsi həqiqətlərimizin təbliğində öz sözünü deyir

Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) Bakı şəhərində keçirilən “Təhlükəsizlik və əməkdaşlıq: siyasi partiyaların rolu” mövzusunda xüsusi konfransı Azərbaycanın dünyaya sülh, təhlükəsizlik və əməkdaşlıq çağırışıdır

Dünənin, bu günün, gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyası 30 illik yubileyini möhtəşəm şəkildə qeyd etdi. 30 illik yola nəzər salınıb qarşıdakı dövrün prioritetləri müəyyənləşdirildi, əsas hədəflər açıqlandı. Dövlət başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tədbirdə keçilən yolun təhlili fonunda bir daha bu reallığı diqqətə çatdırdı ki, bu gün Yeni Azərbaycan Partiyasının yubileyini qeyd edərkən hər birimiz yenə də Ulu Öndərin xatirəsinə ehtiramımızı ifadə edirik. Çünki illər keçdikcə və dünya dəyişdikcə hər birimiz çox gözəl bilirik ki, əgər o vaxt Azərbaycan xalqı Heydər Əliyevə müraciət edib onu hakimiyyətə dəvət etməsəydi, ölkəmiz daha böyük fəlakətlə üzləşə bilərdi. Ulu Öndərin həyatı, fəaliyyəti bir fədakarlıq nümunəsi idi: «O, hətta özü üçün ən çətin dövrlərdə, artıq son illərdə fiziki sağlamlığı əvvəlki kimi olmadığı dövrdə də hər zaman hər birimizə nümunə göstərirdi. Hər birimiz, o cümlədən mən onun sağlığında da və yoxluğunda da onun kriteriyalarına uyğun hərəkət etməyə çalışırıq. Bu gün bizi qabağa aparan məhz budur - onun xatirəsinə hədsiz hörmət və onun mirasına olan münasibət. Onun mirası da bu gün müstəqil Azərbaycandır.»

Artıq 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın imzalanmasından, yəni Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqidindən sonra partiyanın yaradılmasının ildönümünü Zəfər ab-havası ilə qeyd edirik. Məhz uğurlarımız, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun gücü, xalqımızın birliyi bizə bu Qələbə sevincini yaşatdı.

Bu gün hansı sahəyə diqqət yetirsək Zəfərimizin nəticələrini görərik. Yeni Azərbaycan Partiyasının yubiley tədbirində YAP-ın Sədri, ölkə Prezidenti İlham Əliyev proqram xarakterli nitqində müstəqillik tariximizi təhlil edərək ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin Azərbaycana qazandırdığı uğurları əsaslı şəkildə diqqətə çatdırdı. Məhz 1993-2003-cü illərdə yaradılan möhkəm bünövrə üzərində Azərbaycan son 19 ildə daha da inkişaf edərək 44 günlük İkinci Qarabağ müharibəsində Zəfərə imza atdı.

Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, 2003-cü ildə xalq Heydər Əliyev siyasətinə səs vermişdi. Cənab İlham Əliyev bu vədi vermişdi ki, əgər xalq etimad göstərərsə, Ulu Öndərin siyasətinə sadiq qalacağam. O əsas amillərdən biri idi. Həyat onu göstərdi ki, son 19 il ərzində doğrudan da tarixi uğurlara imza atdıq. Bu dövrü xarakterizə etmək üçün çox vaxt lazımdır. Hər şey göz qabağındadır. Tarixçilərimiz, politoloqlarımız, alimlərimiz bu dövrü də məqalələrdə, kitablarda, dərsliklərdə düzgün əks etdirəcəklər. Çünki bu, gənc ölkəmizin möhkəm təmələ əsaslanmış yeni dövrü idi.

Cənab İlham Əliyevin çıxışlarında daim bu çağırış da xüsusi yer tutur ki, hər dövrün öz tələbləri var. Biz 1990-cı illərin tələbləri ilə XXI əsrdə yaşaya bilmərik. Bu gün müharibədən sonra yeni dövr başlayır. Əvvəlki dövrlərdə əldə edilmiş bütün uğurları kənara qoymalıyıq: «Bəli, bu, bizim üçün fundament yaratdı, baza yaratdı, imkan yaratdı ki, biz əsas məqsədimizə çataq. Ancaq əgər biz oturub bütün günü o dövr haqqında danışsaq, gələcək haqqında düşünməsək, onda nə olacaq. Biz gələcək haqqında düşünməliyik. Biz zamanı qabaqlamalıyıq. Mən demişəm, indi Qarabağın bərpası ilə bağlı bizim əsas rəqibimiz zamandır.» Artıq yeni dövrün yeni reallıqlarına uyğun olaraq prioritetlər müəyyənləşdirilib. Dövlət başçısı İlham Əliyev partiyanın yubiley tədbirində 2003-cü ildən başlanan yolun mahiyyətini ətraflı şəkildə təhlil edərək o dövrü istər ictimai-siyasi sabitliyin qorunması, istər dayanıqlı iqtisadi inkişafın təmin olunması, istərsə də ordu quruculuğu və beynəlxalq münasibətlər sistemində mövqelərimizin möhkəmləndirilməsi baxımından hazırlıq dövrü kimi xaraterizə etmişdir. Məhz bu uğurlar Azərbaycanın tarixi Qələbəsinə yol açdı və postmüharibə dövründə görüləcək işlər üçün təməl rolunu oynadı.

Qeyd olunduğu kimi, ötən illərin möhkəm bünövrəsi üzərində qarşıdakı illərin hədəfləri gerçəkləşdirilir. Reallıq budur ki, Prezident İlham Əliyev ölkənin innovasiya texnologiyaları əsasında ümumi modernləşdirilməsinə yönəlmiş dövlət idarəçilik sistemini reallaşdırdı. Bu mənada Azərbaycanın inkişaf modeli nümunə göstərilir. İqtisadi və siyasi islahatların vəhdətliyinin qorunması fonunda Azərbaycanın hərtərəfli inkişafına yönələn kompleks tədbirlər həyata keçirilir. Aparılan kompleks islahatlar ölkəmizə dünyada ən islahatçı ölkə imicini qazandırıb. Hər zaman bu reallıq önə çəkilir ki, ölkəmizdə iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması qarşıya çıxan hər bir çətinliyin aradan qaldırılmasında stimulverici amil rolunu oynayır. 2008-ci ildən başlanan və nəticələri hələ də bəzi ölkələrdə hiss olunan iqtisadi və maliyyə böhranını Azərbaycanın çox az hiss etməsi, eyni zamanda, 2019-cu ildən dünyanı cənginə alan koronavirus infeksiyası ilə mübarizə sahəsində ölkəmizin ortaya qoyduğu təcrübə də deyilənlərin təsdiqidir

Ölkəmiz bütün sahələrdə təcrübəsi ilə nümunədir. Yeganə problemimiz Qarabağ münaqişəsi idi ki, o da dövlət başçısı İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun gücü, xalqımızın birliyi sayəsində həll olundu, işğala son qoyuldu, doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımız Böyük Qayıdışı gözləyir.

Möhkəm təmələ əsaslanan siyasətimizin nəticəsi olaraq qarşıya qoyulan hər bir hədəf gerçəkləşəcək, ölkəmizin qarşısında yeni imkanlar açılacaq. Dövlətimizin başçısı İlham Əliyevin bu çağırışı bütün dövrlər üçün öz aktuallığını qoruyur: Əldə olunan uğurlarla kifayətlənməməli, daim irəliyə baxmalıyıq. Azərbaycanın sadaladığımız uğurlarının hər birində öz payı olan Yeni Azərbaycan Partiyasının üzvləri Ulu Öndərin siyasi xəttinə sadiq qalaraq onun siyasətini müasir dövrdə aparmaq üçün bütün lazımi səyləri göstərirlər. Ulu öndər Heydər Əliyevin yaratdığı partiya ötən illər ərzində siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış edib.

Əvvəldə də qeyd etdiyimiz kimi, Yeni Azərbaycan Partiyasının Proqramında irəli sürülmüş əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsidir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirmiş olur. YAP Azərbaycanın Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, öz sıralarında Azərbaycanda hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən siyasi partiyadır.

Sürətlə dəyişən reallıq və müəyyən olunan yeni obyektiv amillər islahatların davamlı surətdə aparılmasını vacib vəzifə kimi müəyyən edir. Son prezident və parlament seçkiləri ilə ölkəmizdə gedən islahatlar daha bir mərhələyə qədəm qoydu və bu gün Azərbaycan genişmiqyaslı islahatlar aparan ölkədir. Əməkdaşlığa daim açıq olan YAP partiyalararası siyasi dialoqu stimullaşdırmalıdır. Siyasi dialoqun inkişafı dövlət siyasətinin prioritet fəaliyyət istiqamətlərindən biridir. Siyasi partiyaların fəaliyyəti, demokratiyanın inkişafı, iqtisadi azadlıqların bərqərar olması, ölkəmizin güclənməsi qarşımızda duran vacib məsələlərdir. Ölkəmizdə aparılan siyasi dialoq təcrübəsi partiyaların təşəbbüsü ilə zənginləşdirilməlidir. YAP-ın təşəbbüsləri ölkəmizin siyasi sisteminin təkmilləşməsi üçün böyük əhəmiyyətə malikdir.

Hazırkı dövrdə dünyada davamlı sülhün, barışığın bərqərar olunması bütün mümkün imkanları səfərbərliyə almağa, onlardan səmərəli istifadə etməyə çağırışlar edir. Regional və qlobal təhlükəsizliyin təşviqində, sülhyaratma prosesində siyasi partiyalar arasında əməkdaşlığın rolu inkaredilməzdir. Azərbaycan daim dünyaya birlik, həmrəylik, sülh, əmin-amanlıq, dostluq mesajlarını ünvanlayır. Ölkəmiz 30 il torpaqlarının 20 faizinin işğal altında qalmasına, bir milyondan artıq soydaşının qaçqın və məcburi köçkün vəziyyətində yaşamasına, bu illər ərzində daim faciələrlə, hərbi təxribatlarla üzləşməsinə, XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımının törədilməsinə baxmayaraq Ermənistana sülh təklifini etdi. Bu, dövlətimizin regionda, dünyada davamlı sülhün, təhlükəsizliyin təmin olunmasında, yeni əməkdaşlıq formatlarının yaradılmasında maraqlı olduğunu nümayiş etdirir.

Azərbaycan yenə də dünyaya sülh və əməkdaşlıq mesajını ünvanlayır. Belə ki, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) Bakı şəhərində keçirilən “Təhlükəsizlik və əməkdaşlıq: siyasi partiyaların rolu” mövzusunda xüsusi konfransı bir daha ölkəmizin sülhün, əməkdaşlığın, təhlükəsizliyin tərəfdarı olduğunu təsdiqləyir. Dövlət başçısı İlham Əliyevin konfrans iştirakçılarına təbrikində də bildirilir ki, dövlətlərin üzləşdikləri müasir qlobal çağırışlar arasında sülh və təhlükəsizlik problemləri beynəlxalq münasibətlərin bütün sahələrinə və iştirakçılarına təsir göstərən ən aktual məsələlərdəndir. Bu, həm də 2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində uzun illər məruz qaldığı hərbi təcavüzə son qoyaraq ərazilərini işğaldan azad etməklə BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın müddət ərzində icra edilməyən dörd qətnaməsinin tələblərini həyata keçirmiş Azərbaycan, eləcə də bütün Cənubi Qafqaz regionu üçün həssas və prioritet məsələdir.

Tarixi təcrübə göstərir ki, münaqişələr əbədi davam edə bilməz. Azərbaycanla Ermənistan arasında da beynəlxalq hüquqa, ədalət prinsipinə əsaslanan sülhün, təhlükəsizliyin təmin edilməsi dövrün və zamanın tələbidir. Bu baxımdan, siyasi partiyaların beynəlxalq sülhə və təhlükəsizliyə töhfə vermək məqsədilə bilik və təcrübələrinin mübadiləsi, əməkdaşlıq imkanlarının genişləndirilməsi təqdirəlayiqdir.

Bakı konfrasının Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi ilə eyni vaxtda keçirilməsi əlamətdar hadisədir və öz yubileyini dost siyasi partiyalarla birlikdə qeyd edən YAP-ın beynəlxalq əməkdaşlığa, xarici tərəfdaşlara verdiyi önəmin göstəricisidir.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyası həm İCAPP, həm də qurumda təmsil olunan ölkələrin siyasi partiyaları ilə əməkdaşlığını möhkəmləndirmək üçün səylər göstərir.

Yeni Azərbaycan Partiyasının Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası ilə həm Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı çərçivəsində, həm də ikitərəfli qaydada sıx əməkdaşlığı mövcuddur. Eyni zamanda, YAP Rusiyanın, Gürcüstanın, Tacikistanın, Qırğızıstanın, Özbəkistanın, Qazaxıstanın bəzi partiyaları ilə sıx əməkdaşlıq edir. YAP Avropa Xalqları Partiyasında da təmsil olunur. Hazırda YAP-ın ən sıx əməkdaşlıq etdiyi partiyalardan biri isə Çin Kommunist Partiyası və Vyetnam Sosialist Partiyasıdır. Bu partiyalarla həm Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı çərçivəsində, həm də ikitərəfli qaydada sıx əməkdaşlıq münasibətlərimiz qurulub. Həm Avropanın, həm də Asiyanın müxtəlif siyasi təşkilatları ilə geniş əməkdaşlıq münasibətləri quran YAP Mərkəzçi Beynəlxalq Demokratlar Təşkilatı ilə də geniş əlaqələrə malikdir.

Göründüyü kimi, cəmiyyətin avanqard qüvvəsi olan Yeni Azərbaycan Partiyası müasir müstəqil, qalib Azərbaycanın bütün sahələrdə davamlı inkişafına öz töhfələrini verir və bundan böyük məmnunluq hissi keçirir. Partiyanın beynəlxalq əlaqələrinin coğrafiyasının genişlənməsi həqiqətlərimizin təbliğində öz sözünü deyir.

Yeganə Əliyeva, «İki sahil»