22 noyabr 2022 23:12
411

Soydaşlarımızın pozulmuş hüquqlarının bərpası istiqamətində atılmış mühüm addım

“Qərbi Azərbaycan İcması” təşkilatının yaranması bu məqsədə xidmət edir

Vətən müharibəsinin bitməsi ilə tarixin arxivinə atılmış  Qarabağ münaqişəsi 1980-ci illərin sonunda Ermənistanın Azərbaycanın Yuxarı Qarabağ bölgəsinə ərazi iddiasının hərbi fazaya keçid alması və Qarabağda, həmçinin Ermənistanda yaşayan azərbaycanlıların öz əzəli torpaqlarından qovulması ilə başlandı.

Tarixi sənədlər, xəritələr, bağlanmış müqavilələr təsdiqləyir ki, azərbaycanlıların tarixən yaşadıqları ərazilər indikindən qat-qat böyük olub. Hazırkı Ermənistan da tarixi Azərbaycan torpaqlarında yaradılıb. Bunun üçün XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən nəşr edilmiş xəritələrə baxmaq kifayətdir. İndiki Ermənistan ərazisində yerləşən kəndlərin, şəhərlərin mütləq əksəriyyətinin adları da Azərbaycan mənşəlidir və İrəvan xanlığının əhalisinin 70-80 faizi azərbaycanlılar olub. Tarixi faktlardan danışarkən ölkə başçısı İlham Əliyev xatırladır: “Bizim Ermənistanın ərazi bütövlüyünü tanımamaq üçün bəlkə də yüz dəfə daha çox əsasımız var, nəinki onların bizim ərazi bütövlüyümüzü tanımaması üçün. Çünki hər kəs artıq bunu yaxşı bilir, dünya ictimaiyyəti də bilir ki, 1920-ci ilin noyabr ayında tarixi torpağımız Zəngəzur bizdən ayrılıb Ermənistana birləşdirildi, Göyçə də həmçinin. İrəvan şəhəri 29 may 1918-ci ildə Ermənistana verildi.” Digər tərəfdən, İrəvan şəhərindəki, eləcə də ətraf ərazilərdəki yaşayış məntəqələrinin, məhəllələrin, küçələrin, dağların, göllərin, bulaqların və s. böyük əksəriyyətinin adlarının Azərbaycan türkcəsində olması da bu faktı təsdiqləyir.

Ermənilərin təcavüzü təkcə yerli əhaliyə qarşı vəhşiliyi ilə yekunlaşmırdı. Belə ki, onlar həmin ərazilərdə xalqımıza məxsus milli- mədəni irsimizi də məhv etdilər və bu proses hazırda da davam edir. 2006-cı ildə Ermənistanda təsdiq edilən İrəvan şəhərinin baş planında fars memarlığı kimi təqdim olunan azərbaycanlılara məxsus memarlıq nümunələrinin yerləşdiyi altı ərazi göstərilib. 2006-cı ildə həmin ərazilərin ümumi ölçüsü 29 hektar idi. Onlardan bu gün yalnız Təpəbaşı hissəsi (16 hektar) qalmaqdadır. Demək bu illər ərzində Azərbaycan xalqına məxsus memarlıq üslubunda tarixi şəhər sayıla biləcək 13 hektar sahə tamamilə məhv edilib. Tarixçilərimizin ərsəyə gətirdikləri “İrəvan şəhərində Azərbaycan milli-mədəni, tarixi irsinin sonuncu qalığı Təpəbaşı məhəlləsinin taleyi: Ermənistanda Azərbaycan xalqının irsinin dağıdılması və tarixi izlərinin silinməsi” üzrə araşdırmada qeyd olunub ki, Təpəbaşı qədim İrəvan şəhərinin üç hissəsindən biridir. Hazırda İrəvan şəhərinin tarixi hissəsində yeganə tarixi şəhər strukturu məhz bu yerdə qalmaqdadır. XVII əsrdən mövcud olan bu hissə zaman keçdikcə tədricən adını, ölçüsünü, coğrafi mövqeyini, fiziki sərhədlərini, etno-dini kimliyini və demoqrafik xüsusiyyətlərini dəyişmişdir. Təbii ki, ermənilər tərəfindən həyata keçirilən bu insanlığa sığmayan əməllərin kökündə Azərbaycan xalqının çoxəsrlik tarixi-mədəni irsini məhv etmək məqsədi dayanıb.

Haşiyə çıxaraq qeyd edək ki, daim tolerant ölkə kimi seçilən, multikultural dəyərlərə həmişə hörmətlə yanaşan Azərbaycanda kilsələr, sineqoqlar qorunub saxlanılır, təmir edilir. Ermənilər isə tarixi Azərbaycan torpaqlarında İslam mədəniyyətinə məxsus abidələri tamamilə dağıdıb və ya erməniləşdiriblər. Onlar müsəlman aləminin müqəddəs hesab etdiyi məscidlərdə mal-qara saxlayıblar. Qarabağda ermənilər tərəfindən dağıdılmış, talan edilmiş muzeylər, məscidlər, abidələr təkcə Azərbaycan xalqının mədəni irsinə deyil, bütün İslam dünyasına, ümumən bəşər mədəniyyətinə qarşı həyata keçirilmiş vandalizm aktıdır. Yeri gəlmişkən, Prezident İlham Əliyev çıxışlarında, xarici KİV-lərə müsahibələrində dəfələrlə vurğulayıb ki, Ağdam məscidində donuz, inək saxlanılması Ermənistan tərəfindən bütün müsəlman aləminə edilən təhqirdir.

Ermənistan Respublikası “Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında” Haaqa Konvensiyasının və “Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında” Paris Konvensiyasının müddəalarını kobudcasına pozaraq, bütün dünyanın gözü qarşısında Azərbaycanın mədəni sərvətlərini talamaqla məşğul olub və bu siyasət qədim ata-baba torpaqlarımız olan İrəvan xanlığı ərazisində bu gün də davam etdirilir. Vətən müharibəsinin bitməsindən dərhal sonra məlum məsələ ilə bağlı Azərbaycan tərəfi UNESCO missiyasının erməni işğalından azad olunmuş ərazilərə səfəri ilə bağlı təkliflər hazırlayıb,  UNESCO Katibliyinə təqdim etdi. Rəsmi şəkildə bəyan edildi: “Biz tez bir zamanda onların işğaldan azad edilən ərazilərə gəlmələrini və tarixi abidələrin vəziyyətini öyrənmələrini istəyirik”.

Prezident İlham Əliyev cari il yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsi zamanı “siyasi məsələlərlə məşğul olmayan UNESCO”nun əslində elə siyasətlə hərəkət etdiyinə diqqət çəkərək  bəyan etdi: “Bir il keçib, mən Hadrutda olmuşam, orada bircə binaya da toxunulmayıb. İşğal dövründə orada əsasən ermənilər yaşayırdı. Bu, ümumiyyətlə, Azərbaycan xalqının xarakterinə ziddir. Heç bir qəbirüstü daş sındırılmayıb, heç bir kilsə dağıdılmayıb. Amma yəqin bilirsiniz, UNESCO ilə bağlı epopeyanı deyirəm, onlar bizi az qala vandalizmdə təqsirləndirməyə çalışırdılar, düşünürdülər ki, indi biz kilsələri dağıdacağıq. Biz ermənilərin buraya gəlməsi marşrutunu onlarla razılaşdırdıq. Onlar da, onlarla əlaqədə olan bəzi ölkələr də çox təkidlə buraya gəlmək istəyirdilər. Biz işğaldan azad edilmiş ərazilərə xarici diplomatların və əcnəbi jurnalistlərin səfərlərini təşkil edəndə, onlar bu kilsələrin və bu qəbirlərin yerində olduğunu görəndə UNESCO-nun gəlməsi mövzusu gündəlikdən çıxarıldı. Məsələ belədir. Biz bütün illər boyu onları dəvət edirdik. Cavab necə olurdu? Deyirdilər ki, UNESCO siyasi məsələlərlə məşğul olmur. İkinci Qarabağ müharibəsi başa çatan kimi onlar təkidlə buraya gəlməyi xahiş etməyə başladılar. Biz marşrutları razılaşdırdıq və sair. Bu müddətdə baş verənlər məlumdur”.

Bu gün işğaldan azad olunmuş torpaqlarımızda dağıdılan, məhv edilən tarixi-mədəni abidələrimizlə yanaşı, həm də Ermənistan ərazisində Azərbaycan xalqına məxsus zəngin tarixi-mədəni irsin öyrənilməsi, təbliğ olunması və tam məhv olunmasının qarşısının alınması əsas vəzifələrdən biridir. Bu missiyanı “Qərbi Azərbaycan İcması” təşkilatı öz üzərinə götürüb. “Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyinin 2022-ci il avqustun 3-də keçirilən ümumi yığıncağında Birliyin “Qərbi Azərbaycan İcması” adı ilə qeyri-kommersiya təşkilatına çevrilməsi (yenidən təşkili) təsdiq olundu.

“Qərbi Azərbaycan İcması” təşkilatının yaranması Qərbi Azərbaycandan olan soydaşlarımızın təşkilatlanmış şəkildə öz pozulmuş hüquqlarını müdafiə və bərpa etməsi istiqamətində atılmış mühüm addımdır. İcmanın rəhbəri Milli Məclisin deputatı Əziz Ələkbərlidir.

Bir nüansı da xüsusi olaraq vurğulayaq ki, dünya mədəni irsinin müdafiəsini öz ali məqsədi elan etmiş UNESCO hazırkı Ermənistan ərazisində Azərbaycan xalqına məxsus mədəniyyət abidələrinin dini məbədlərin və s. dağıdılmasına, məhv edilməsinə qarşı heç bir tədbir görməyib.

Günel Eyyubova, “İki sahil”