22 noyabr 2022 11:25
643

İslam həmrəyliyinə uyğun olmayan siyasət

Azərbaycan torpaqlarını 30 ilə yaxın müddətdə işğal altında saxlayan Ermənistan həm də şəhər və kəndlərimizi talan edərək xarabazarlığa çevirdi. Çox təəssüflər olsun ki, onların bu talançılıq əməllərinə nəinki hüquqi qiymət verilmədi, həm də adında İslam Respublikası ifadələri yer alan cənub qonşumuz olan İran da yaşayış məntəqələrimizin talan edilməsində vandal Ermənistanın yanında yer aldı. Nəzarətsiz qalan dövlət sərhədlərimizdən bu uzun illər ərzində narkotik tranziti məqsədilə istifadə olundu. Bu məqam artıq sübuta yetirilmiş cinayət faktıdır. İşğal dövründə məscidlərimizin dağıdılmasına və ya Allahın evində heyvanların saxlanılmasına İslam Respublikası heç bir reaksiya vermədi. İşğal altında olan bir sıra sərhədyanı rayonlarımıza bu illər ərzində məhz SEPAH nəzarət etdi.

Azərbaycan xalqı hər zaman öz qonşuları ilə mehriban münasibətlər saxlamaq əzmində olmuş, hətta son tikəsini belə qonşuları ilə bölüşməkdən çəkinməmişdir. Lakin nə yazıq ki, taleyin qismətimizə yazdığı cənub qonşumuz bu xoş məramımıza qarşılıq vermək əvəzinə ortaya nifrət toxumu əkərək dostluq və qonşuluq dəyərlərini, xüsusilə də İslam dəyərlərini görməzdən gələrək Xocalıda əli yüzlərlə dinc müsəlman körpəsinin, qadınının, qocasının qanına bulaşmış, millət, xalq adı daşımağa belə layiq olmayan bir erməni deyilən toplumun tərəfini saxladılar. Bu hal sözsüz ki, hər bir həqiqi müsəlmanın qəlbində dərin təəssüf hissi yaradır.  

Ötən illər ərzində rəsmi Bakı Tehranla səmimi münasibətləri qorumağa çalışsada bunun qarşılığını görmədi. İran İslam Respublikası terroru dövlət səviyyəsində dəstəkləyən Ermənistan ilə hərtərəfli əməkdaşlığı 30 illik işğal dövrünün ötən hər günündə daha da dərinləşdirdi. Xüsusilə də 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı parlaq qalibiyyət bəzi dövlətlər tərəfindən çox böyük qısqanclıqla qarşılandı. Onlar Azərbaycan xalqının bu möhtəşəm Zəfərini hələ də həzm edə bilmirlər.

Multikulturalizmin Azərbaycan modeli dünya dövlətləri üçün gözəl bir nümunədir. Müasir Azərbaycan Respublikası tolerantlıq ideyalarını yorulmadan təbliğ edir, sülhün və əmin-amanlığın bərqərar olması üçün bütün addımları atır. Azərbaycan İslam dövlətləri arasında birlik ideyalarını daim təbliğ edir. Lakin bir çox hallarda cənub qonşumuz tərəfindən İslam həmrəyliyinə uyğun olmayan siyasət yürüdülür. Təəssüf ki, bəzi region dövlətləri Azərbaycandan nümunə götürmək əvəzinə dini radikalizmi təbliğ edir, region dövlətlərinə dini zəmində təhdidlər yaradırlar. Özünü İslam dininin təəssübkeşi hesab edən cənub qonşumuz, İranda yaşayan 35 milyon Azərbaycanlını elementar hüquqlardan belə məhrum edib. Bir neçə min erməniyə hər cür hüquq və imtiyazlar verildiyi halda Azərbaycanlı əhali öz dilində təhsil almaq, öz dilində danışmaq, öz dilində qəzet, jurnal nəşr etmək və s. bu kimi elementar hüquqlardan məhrum edilib. Cənub qonşumuz unudur ki, bütün dünya Azərbaycanlılarının hüquqlarını qətiyyətlə qorumağa qadir olan Müzəffər Ali Baş Komandanımız, Cənab İlham Əliyev kimi liderimiz var.

Cavid Məmiyev,

YAP Sumqayıt şəhər təşkilatının sədr müavini