21 noyabr 2022 17:02
593

Qədim yurd yerimiz - Kəlbəcər

Qədim insan məskəni Kəlbəcər! Kəlbəcər rayonu ərazisində ibtidai insanın təşəkkül tapması və formalaşması dördüncü geoloji dövrlə bağlıdır. Bu dövr isə 4 milyon ildən artıq bir tarix deməkdir. Kəlbəcərdəki mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb.

Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb.

Kəlbəcər sözünü bəzi tədqiqatçılar “Kevliçer” kimi qəbul edib qədim türk dillərində “çay üstündə qala” kimi mənalandırırlar. Digər tədqiqatçılar isə Tərtər çayı boyunca varolan mağaralara əsaslanaraq, onun “kevil” (farsca “mağara”) və “cər” (türk dillərində “qaya” sözlərindən əmələ gəldiyini və “mağaralı qaya” anlamında olduğunu bildirirlər. Yerli sakinlər isə bu adı “Kərbəlayi Həcər” adlı bir şəxslə və şəhərin salındığı yerdə torpağın münbitliyini önə çəkərək “gəl, becər” ifadəsi ilə izah edirlər.

Ümumiyyətlə Kəlbəcərdəki oronomik toponimlər türk mənşəlidir. Bəzi qədim türk tayfalarının adı bu gün də bu toponimlərdə yaşayır. Məsələn Kəlbəcər rayonun Bəzirxana kəndi.“Bəzir” kətan bitkisinin digər adıdır. Kənddə vaxtı ilə “Bəzir” bitkisi becərildiyinə görə bu kəndə “Bəzir xana” adı verilib.

Tutqun (Tutqu, Tutxun) dərəsi, çayı. Dəlidağın ətəklərinə doğru uzanıb gedən bu dərə əhali arasında “Qoturlu dərə” və “Qoturlu çay” kimi də tanınır. Bu çay Tərtərçayın ən böyük qoludur və Qoturlu dərədə 40-a yaxın kənd yerləşmişdi. Ehtimal olunur ki, “Qoturlu” adı dərə boyu bir neçə yerdə qaynayıb çıxan və qotur xəstəliklərinin müalicəsinə kömək edən mineral və termal sulara görə deyilmişdir.

Lev kəndi, çayı və qalası. Yerli əhalinin dediklərinə görə kəndin və çayın adı sıldırım qayada tikilmiş qədim Leh, Lök və ya Löküm qalasının adından götürülmüşdür. Bəzi tədqiqatçılar isə düşünür ki, çay dərəsinin planda dəvə hürgücünə oxşadılması ilə bağlıdır.

Zar kəndi, çayı. Ağduzdağ (əslində “Ağduzlağ”) dağının ətəklərində salınmış bu kənd Kəlbəcər rayonunun ikinci ən böyük kəndidir. Bəzi tədqiqatçılar bu kəndin adını  İranın şimal-qərbindən köçüb gəlmiş “zar” tayfası ilə əlaqələndir və çayın adını da kəndin adıyla bağlayırlar. Əhali arasında yayılmış fikrə görə isə çay və kənd öz adını farsca “qızıl” mənasını verən “zər” sözündən almışdır. Bir rəvayətdə deyilir ki, qədimdə insanlar ətrafda mövcud olan qızıl yataqlarından çoxlu qızıl əldə edirmişlər və çayın sahilində, indiki Zar kəndinin yerində “Şəhri-Zər” (“Qızıl şəhər”) adlı zəngin şəhər salınmışdır. Rəvayət nə qədər doğrudur demək çətindir lakin Kəlbəcər dağlarında və yaxınlıqdakı Ağduzdağ dağında qızıl yatağının olması hamıya məlumdur.

Göründüyü kimi, Kəlbəcər dağlarının altında və üstündə nə qədər düyünləri açlmamış sirlər yatır. Onların bir qismi də ümumi milli sərvətimiz olan toponimlərimizdir. Bu toponimlərin sirlərinin ilmə ilmə açılması üçün isə Ali Baş Komandirimiz, qəhraman ordumuzun sayəsində artıq bol zamanımız var.

Rövşanə Abbasova,
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşı