19 noyabr 2022 18:10
558

YAP - Tarixi zərurətdən yaranıb, misilsiz tarix yazan ən güclü siyasi qüvvə! 

Azərbaycan tarixinin şanlı səhifələrinə qızıl hərflərlə yazılan hadisələrdən biri də 21 noyabr 1992-ci il-Yeni Azərbaycan Partiyasının təsis olunduğu tarixdir. 1980-ci illərin sonu 1990-cı illərin başlanığıcında ölkəmizdə hökm sürən anarxiya, məmur özbaşınalığı, vətəndaş qarşıdurması, siyasi səriştəsizlik və digər bu kimi  neqativ hallar Azərbaycanı uçrumun tam kənarına yuvarlamışdı. Dövlətimizin ərazi bütövlüyü və müstəqilliyi təhlükə altında idi. Ölkədə daxili çəkişmələr baş verir, erməni təcavüzkarlığı isə bu fürsətdən yararlanıb, doğma torpaqlarımızı işğala məruz qoymuşdur. Birinci Qarabağ müharibəsinin baş verməsi və ölkədə cərəyan edən gərgin proseslər nəticə etibarilə 20% torpaqlarımızın itirilməsi ilə nəticələndi. Həmin dövrdə ermənilərin vandalizm fəaliyyəti və işğalçılıq siyasəti nəticəsində 20 minədək vətəndaşımız şəhid olmuş, 50 minədək insan əlil və şikəst, ümumilikdə bir milyondan artıq həmvətənimiz isə öz doğma, dədə-baba yurdundan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Ölkədə mövcud olan siyasi təşkilatlar həmin vaxt həmrəylik nümayiş etdirib, ölkənin ərazi bütövlüyünü təmin etmək əvəzinə bir-birilə hakimiyyət uğrunda əhəmiyyətsiz mübarizə aparırdı.  Azərbaycanın “91” nəfər ziyalı nümayəndəsinin birlik və həmrəyliyi nümayiş etdirən müraciəti əsasında Ümummili lider, müstəqil Azərbaycanın qurucusu dahi Heydər Əliyev tərəfindən yaradılan Yeni Azərbaycan Partiyasının 1992-ci il 21 noyabr tarixində təsis edilməsi məhz ölkə ərazisində cərayan edən gərgin proseslərin məntiqi nəticəsi və yekunu, bir sözlə tarixi zərurət idi. Əgər Ulu öndər Heydər Əliyev və Onun ali rəhbərliyi ilə yaradılmış Yeni Azərbaycan Partiyası olmasa idi bugünkü müstəqil Azərbaycan Respublikası  da  var olmayacaqdı.  Yeni Azərbaycan Partiyası yarandığı müddətdə müxalifət partiyası olsa da, 1993-cü il prezident seçkilərində qalib gəlib,iqtidar partiyasına çevrildi. Bununla da yenicə müstəqilliyini bərpa etmiş Azərbaycanda böyük inkişaf yolunun əsası qoyuldu. Ulu öndər Heydər Əliyevin 1993-2003-cü illər prezidentlik fəaliyyəti dövründə Azərbaycanın inişafı və maraqları naminə bir çox xüsusi tədbirlər həyata keçirildi. Həmin 10 illik fəaliyyət məhz “Heydər Əliyev-Qızıl onluq” adı altında tariximizin şanlı səhifələrinə əbədi olaraq həkk olundu. Ulu öndərin sovetlər dönəmində də Azərbaycan naminə misilsiz ximətləri olmuşdur ki, azərbaycanlılar ölkənin dar günündə dahi Heydər Əliyevi xilaskar kimi Bakıya dəvət edib, təkidli tələblə, böyük coşqu ilə Onu prezident seçmişdi. Düşmənin işğalını dayandıracaq atəşkəsin imzalanması, ölkənin vahid konstitusiyasının qəbul olunması, parlament seçkilərinin ilk dəfə keçirilməsi, humanizm prinsiplərinə əsaslanan ölüm hökmünün ləğv edilməsi, ilk dəfə bələdiyyə seçkilərinin keçirilməsi, ölkənin iqtisadi-sosial göstəricilərinin yüksəlməsi kimi digər bir çox priotitet məsələlər ümummilli Heydər Əliyevin müdrik və bənzərsiz siyasəti nəticəsində həyata keçirilmişdir.

 Doğma Partiyamızın ən böyük üstünlüyü ondan ibarətdir ki, o, Heydər Əliyev ideyalarına söykənib. Bugün Ölkə Prezidenti, Partiyamızın Sədri, Zəfər Sərkərdəmiz cənab İlham Əliyev ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi yolu uğurla davam etdirərək, Azərbaycanı dünya birliyinin layiqli dövlətləri sırasına qoşub. Müstəqil Azərbaycan tarixində öz üzərinə böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası bu gün sıralarında 800 minədək üzvü birləşdirir. Yeni Azərbaycan Partiyası cənab İlham Əliyevin Sədrliyi ilə misilsiz uğurlara imza atır. 30 il müddətində mötəbər Partiyamız Azərbaycanı inkişafın pik həddində qərarlaşdırıb. Ötən bu müddət ərzində Azərbaycan bir sıra beynəlxalq təşkilatlara üzv olmuş, mötəbər tədbirlərə ev sahibliyi etmiş, Qoşulmama Hərəkatına-Dünyada BMT-dən sonrakı ikinci böyük təsisata 3 il müddətə sədrlik statusu almış, dünyanın kosmik klubunun ən dəyərli üzvərindən birinə çevrilmiş, beynəlxalq müstəvidə böyük nüfuz qazanmış, Asan Xidmət və İcbari Tibbi Sığorta sahəsi üzrə böyük layihələri öz brendi olaraq dünyaya təqdim etmiş, Müdafiə sənayesi ən yüksək səviyyədə güclənmiş, eyni zamanda vahid komandanlıqla ən müasir silah-sursat və hərbi texnikalarala təchiz edilmiş Orduya sahib güclü, demokratik, hüquqi və dünyəvi dövlətdir.  Bütün qeyd edilən prioritet məsələlər 30 il müddətində uğurla icra olunmuşdur. Uğurlu islahatların ən böyük nailiyyətlərindən biri məhz 44 günlük Vətən müharibəsində erməni təcavüzkarlarının məhv edilərək, doğma Qarabağ torpaqlarının işğaldan azad olunması idi. 2020-ci il 27 sentyabr tarixində başlayıb 10 noyabr 2020-ci il tarixdə Ermənistanın özünün kapituliyasiyasını rəsmiləşdirən aktı imzalaması ilə baş çatan Vətən müharibəsində qazandığımız parlaq Qələbə Partiyamızın Sədri,Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin qətiyyəti,güclü siyasi iradəsi, peşəkar rəhbərliyi və Azərbaycan Ordusunun rəşadəti hesabına əldə olunmuşdur. Bu möhtəşəm Qələbə nəticəsində Birinci Qarabağ müharibəsində işğala məruz qalan doğma torpaqlarımız düşməndən azad olundu. Sadəcə 30 illik Vətən həsrətinə deyil, ümumilikdə əsrlərdir davam edən erməni mifologiyasına da son qoyuldu. Ölkəmizdə çoxsaylı uğurlara imza atan, ictimai-siyasi sabitliyi, sosial-iqtisadi inkişafı, vətəndaş cəmiyyətinin bərqərar olunmasını, demokratik cəmiyyətin qurulmasını və vətəndaşların hüquq və azadlıqlarının layiqincə təmin olunmasını yüksək səviyyədə həyata keçirən güclü Yeni Azərbaycan Partiyası inanıram ki, bugün 30 illiyini qeyd etdiyi kimi gələcək nəsillərimiz tərəfindən də  bu müdrik siyasi xətlə uğurla addımlayaraq özünün 300 illik yubileyini qeyd edəcəkdir.  Və Azərbaycan indiki kimi gələcəkdə də  bütün sferalarda ən yüksək zirvələrdə olacaqdır. Yeni Azərbaycan Partiyası möhtərəm Sədr cənab İlham Əliyevin ali rəhbərliyi ilə müstəqil Azərbaycanı müstəqillik yolunda inkişaf etdirən güclü və həmçinin C.Qafqazda alternativi olmayan ən böyük siyasi təsisatdır. Bütün partiyadaşlarımızı Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illiyi münasibətilə səmimi qəlbdən təbrik edir, Azərbaycanın maraqları naminə düzgün və məqsədyönlü siyasət aparan doğma Partiyamıza gələcək fəaliyyətində uğurlar arzulayıram.

Tural İsmayılov

YAP Yevlax rayon təşkilatının sədr müavini