19 noyabr 2022 11:02
497

Yeni Azərbaycan Partiyasının yaranması siyasi tariximizin parlaq səhifəsidir

Yeni Azərbaycan Partiyası 1992-ci ilin ən çətin şəraitində yaranmışdır. Xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış Yeni Azərbaycan Partiyası ilk dövrlərdə müxalifət partiyası olaraq yaranmışdır. Ölkədə gedən proseslər Azərbaycanın gələcəyini sual altında qoymuşdu və ölkə parçalanma ərəfəsində idi. Xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi təcrübəsi, biliyi, cəsarəti nəticəsində ölkəmiz o çətin şəraitdən şərəflə çıxmağı bacardı, Azərbaycan özünü bütün təhlükələrdən qoruya bildi. Ölkəmiz inamla inkişaf etməyə başladı və qısa müddət ərzində Azərbaycan öz siyasi və iqtisadi potensialını gücləndirərib bölgədə lider dövlətə çevrildi. Bu, böyük siyasi və tarixi hadisədir.

Həmin vaxt əgər xalqımızın ümummilli lideri Heydər Əliyev o çətin anda ölkəyə rəhbərliyə gəlməsəydi, Azərbaycanın hansı bəlalarla üzləşə biləcəyini təsəvvür etmək çətindir. Azərbaycanın gələcəyi, müqəddəratı çox böyük təhlükələrlə üzləşə bilərdi. Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ölkəmizdə intibah dövrü başladı. Bu dövrün ilk illəri də ölkəmiz üçün çox çətin şəraitdə keçirdi. Ölkədə sabitlik tam bərqərar olunmamışdı. Vətəndaş müharibəsinin fəsadları aradan götürülməmişdi. Ölkədə hökm sürən böhran iqtisadi tənəzzülə gətirib çıxarmışdı. İnsanlarımızın həyat səviyyəsi ildən-ilə pisləşirdi və ölkə iqtisadiyyatı demək olar ki, iflic vəziyyətində idi.

Yenə də məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində, onun uzaqgörən siyasəti nəticəsində qısa müddət ərzində iqtisadiyyatda, siyasi həyatda müşahidə olunan mənfi meyillərin qarşısı alındı və ölkə inkişaf yoluna qədəm qoydu. Heydər Əliyev ictimai-siyasi quruluşundan asılı olmayaraq, sözün əsil mənasında, bütün dövrlərdə Azərbaycan xalqının lideri idi. 1970-1982-ci illərdə ölkəyə rəhbərlik etdiyi dövr ərzində onun tərəfindən görülmüş işlər Azərbaycan xalqının maraqlarına xidmət edirdi. Məhz onun fəaliyyəti nəticəsində Azərbaycana mərkəzi fondlardan böyük həcmdə vəsait gətirilirdi. Yeni zavodlar, fabriklər tikilirdi. İndi bu zavodlar və fabriklər Azərbaycanın iqtisadi və sənaye potensialına böyük dəstəkdir. Əgər o illərdə Azərbaycanda iri sənaye infrastrukturu yaranmasaydı, xüsusilə neft sahəsində, neft emalı sahəsində nəhəng qurğular tikilməsəydi, bu gün Azərbaycanın iqtisadi potensialı o qədər də güclü ola bilməzdi. Yəni demək istəyirəm ki, ictimai-siyasi quruluşundan asılı olmayaraq, bütün zamanlarda Heydər Əliyevin liderlik keyfiyyətləri, xalqa, millətə bağlılığı ölkəmiz üçün, böyük işlər görmək üçün gözəl şərait yaratmışdır. Amma təbii ki, Azərbaycanın ən ağır dövrü olan müstəqilliyimizin ilk illərində Heydər Əliyevin fəaliyyəti həlledici idi.

Görülən bütün bu işlərin nəticəsində indi Azərbaycan öz siyasi və iqtisadi gücünü daha da artırır. Müstəqillik təkcə dövlət atributları deyildir. Bu gün bir neçə ölkə var ki, onların bütün dövlət atributları mövcuddur, rəsmən müstəqil dövlət kimi dünya birliyinə daxil olublar. Fəqət, onların siyasəti heç də müstəqil deyildir. Xalqımızın ən böyük sərvətlərindən biri də odur ki, bu gün Azərbaycan və Azərbaycan rəhbərliyi tam mənada müstəqil siyasət aparır. Bu siyasət yalnız və yalnız Azərbaycan xalqının milli maraqlarına xidmət edir.

Rza Eyvazlı,
YAP-ın gənc fəalı