19 noyabr 2022 11:57
606

Yeni Azərbaycan Partiyasının ətrafında xalqın bütün təbəqələri sıx birləşib

Ulu Öndər Heydər Əliyev kimi görkəmli şəxsiyyətin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycan cəmiyyətində böyük siyasi-tarixi hadisə idi. Heydər Əliyevin siyasi təcrübəsi, şəxsi təsiri və müstəqil demokratik dövlət quruculuğu yolunda gərgin fəaliyyəti milli müstəqilliyini yenicə əldə etmiş xalqımızın bu günü və gələcək taleyi üçün mühüm amilə çevrilmişdir. Eyni zamanda, YAP-ın xalq partiyası kimi formalaşması onun sosial infrastrukturunun, intellektual potensialının möhtəşəmliyini ifadə etdi. Heydər Əliyevin siyasi xəttinin məzmun mahiyyəti YAP-ın Proqramında, onun çıxışlarında açıq və aydın ifadə olunub. Ruhən demokrat olan prezident Heydər Əliyev müxalifətdəki “milli demokratlara” böyük dərs verdi. Prezident Heydər Əliyev deyirdi: "Yeni Azərbaycan Partiyası o vaxt iqtidara müxalifət partiyası kimi yaradılmışdı. Amma heç bir zaman xalqa müxalifət olmamışdır”.

Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə çətin və təlatümlü günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir vaxtda Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaradılmışdır. Yeni Azərbaycan Partiyasının yaradılması 1988-ci ildən ölkəmizdə baş verən hadisələrin  və mövcud ictimai-siyasi mühitin məntiqi nəticəsi idi.

Ulu Öndər Heydər Əliyev o vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri idi. Heydər Əliyev xalqın ərizəsini qəbul etsə də, partiyanı yaratmaq istəyənlərin bir qismi - 550 nəfərlik təşəbbüs qrupunu Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə nail oldular, çünki o vaxt hakimiyyət bu partiyanın yaradılmasına əngəllər yaratmışdı. Bütün bu əngəllərə baxmayaraq Heydər Əliyev Bakıya gəlir. Azərbaycanın bütün bölgələrindən seçilmiş nümayəndələrin iştirak etdiyi konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirilmişdir. Konfransda Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərarla partiyanın Proqram və Əsasnaməsi qəbul edilib. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın sədri seçilib. Bundan başqa, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədr müavinləri seçilib. Beləliklə, müstəqil Azərbaycanın tarixində böyük tarixi missiyanı üzərinə götürən, xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı. Yeni Azərbaycan Partiyasının Proqramında qarşıya qoyulan əsas vəzifələr onun müstəqilliyini möhkəmləndirmək, demokratik, dünyəvi, hüquqi dövlət qurmaq, vətəndaşların mülki və firəvan həyatını təmin etməkdir. Partiyanın amalının əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri həm də Azərbaycanın siyasi gələcəyinin intellektual infrastrukturunu şərtləndirir, məqsədlərinin reallaşmasının təminatıdır.  YAP-ın Proqram və Əsasnaməsinə uyğun olaraq, təşkilatın strateji xətti müəyyən edilmiş, Azərbaycanın müstəqilliyinin qorunması və möhkəmləndirilməsi, müasir beynəlxalq sistemdə mühüm yer tutması, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası üçün əsas məqsəd və vəzifələr müəyyən edilmişdir. 1993-cü il oktyabrın 3-də YAP-ın sədri Heydər Əliyevin seçilməsi ilə partiyanın həyatında yeni dövrün əsası qoyuldu. Partiyanın statusu yeni şəraitə uyğun olaraq dəyişmiş, ölkənin siyasi həyatında münasibəti güclənmiş, kütləvi siyasi hakimiyyətə çevrilmiş və ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq üçün yüksək səmərəlilik nümayiş etdirilmişdir.

YAP Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, öz sıralarında Azərbaycanda hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən sağ mərkəzyönümlü siyasi partiyadır.

Bu gün Yeni Azərbaycan Partiyası cəmiyyəti zərərli siyasi təsirlərdən qoruyur, milli birliyimizi ayaqda saxlayır.

Səba Rzayeva,
YAP-ın gənc fəalı