19 noyabr 2022 13:31
560

Yeni Azərbaycan Partiyası xalqın milli birliyini yaradan partiyadır

 Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranan Yeni Azərbaycan Partiyasının var olmasından artıq 30 il ötür.  Partiyanın əsası 1992-ci ildə Heydər Əliyev tərəfindən qoyulub. 2003-cü ildən partiyanın sədri İlham Əliyevdir. 1988-ci ildən başlayaraq Azərbaycanda xaos hökm sürürdü, dövlət büdcəsi talan olunmuşdu, ölkədə hər addımbaşı cinayətlər törədilirdi. Müstəqil respublika elan olunsa da, ancaq bu müstəqilliyi qoruyub-saxlamaq qeyri-mümkün bir hala çevrilmişdi. Azərbaycan xalqının çıxılmaz durumda olmasına baxmayaraq, o vaxt iqtidarda olanlar ancaq öz şəxsi niyyətlərinə, şəxsi arzularına xidmət edirdilər. Cəmiyyət ümumxalq inamına malik olan və ilk növbədə, milli birliyə, vətəndaş həmrəyliyinə əsaslanaraq ölkəni böhrandan xilas etməyə qadir olan yeni siyasi qüvvəyə ehtiyac duyurdu. Bu səbəbdən də Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında yeni siyasi partiya yaratmaq istəyi ilə 1992-ci ilin oktyabrında ziyalılar "Səs" qəzeti vasitəsilə  müraciət ünvanladılar. 21 noyabr 1992-ci ildə Naxçıvanda YAP-ın təsis konfransı keçirildi və Ulu Öndər Heydər Əliyev tərəfindən partiyanın əsası qoyuldu və sədr seçildi.

Əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan bu siyasət nəticəsində Azərbaycan gəncliyi yüksək inkişaf mərhələsini yaşayır. Ulu öndərimizin müəyyənləşdirdiyi gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasət eyni zamanda, müasir dövrün tələblərinə və reallıqlarına uyğun olaraq mahiyyət və keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub. Bu siyasətin başlıca istiqamətlərindən biri gənclərə dövlət dəstəyinin gücləndirilməsindən, onlara hərtərəfli diqqət göstərilməsindən ibarətdir.

Yeni Azərbaycan Partiyası hazırda sıralarında 773 mindən çox üzvü birləşdirərək ölkənin avanqard siyasi qüvvəsi kimi respublikamızda YAP-ın sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən nəhəng quruculuq proseslərinin önündə gedir. Yeni Azərbaycan Partiyası ölkəmizin dünya miqyasında tutduğu mövqeyə paralel olaraq gündən-günə daha da mükəmməlləşir, təkmilləşir və öz sıralarını könüllü olaraq genişləndirərək inkişaf edir, milli dövlətçiliyimizin inkişafı naminə möhkəmlənir. Bu gün qürurla söyləmək olar ki,partiyamız bizim qarşımızda xalqımıza, dövlətimizə sədaqətlə xidmət etmək, həyatda fəal olmaq və Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında yaxından iştirak etmək kimi önəmli vəzifələr qoyur. Xalqın arzularının təcəssümü, yekdil iradəsinin ifadəsi kimi tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası ölkəmizin siyasi həyatına yeni nəfəs verməklə qurtuluş və tərəqqinin simvoluna çevrildi. İllər öncə necə yaranmışdısa, bu gün Partiya sədri, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında yüksəlişə doğru inamla irəliləyir.

Şəbnəm İsmayılova,
YAP-ın gənc fəalı