1992-ci ilin noyabrında qarlı-şaxtalı Naxçıvanda yaradılmış Yeni Azərbaycan Partiyasının məqsəd və vəzifələri hər bir Azərbaycan vətəndaşının arzu və istəklərini özündə əks etdirirdi. Bu gün biz Heydər Əliyev ideyalarından danışarkən Yeni Azərbaycan Partiyasının bilavasitə ulu öndər tərəfindən yazılmış məramnaməsinə dönə-dönə nəzər salmalı, orada Heydər Əliyevin qurmaq istədiyi, görmək istədiyi yeni Azərbaycanın mənzərəsini gözümüz önündə canlandırmalıyıq.
Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi Azərbaycan dövlətinin ideya prinsipləri yalnız bugünkü Azərbaycan üçün deyil, gələcəkdə ölkəmizin inkişafı üçün də başlıca mənbə rolunu oynayacaqdır. Ümummilli liderimiz Azərbaycanın milli ideologiyasından, milli baxışlarından danışarkən qeyd etmişdir ki, Yeni Azərbaycan Partiyasının proqramında əks etdirilən prinsiplər, əslində, Azərbaycan xalqının, dövlətimizin söykəndiyi ana prinsiplərdir. Heydər Əliyev bu prinsipləri müəyyən edərkən Azərbaycan xalqının keçdiyi tarixi yolu, milli-mənəvi dəyərləri, eyni zamanda perspektivdə qarşımızda duran vəzifələri nəzərə almışdır.Ümummilli liderimiz Azərbaycanın söykəndiyi dəyərlərdən danışarkən deyirdi: «Yeni Azərbaycan Partiyasının demokratik, hüquqi dövlət qurmaq istiqamətində irəli sürdüyü müddəalar Azərbaycan xalqının söykəndiyi əsas prinsiplər hesab olunmalıdır». Bu prinsiplər 1992-ci ildə YAP-ın təsis konfransında qəbul edilən proqramda öz əksini tapıb. Onu da qeyd etmək istərdim ki, Yeni Azərbaycan Partiyası (YAP) tarixi zərurətdən yarandı. Ümummilli liderimiz Heydər Əliyevin başçılıq etdiyi YAP seçkilərdə böyük üstünlük qazanmaqla xalq arasında nə qədər böyük nüfuza malik olduğunu sübut etdi. Yeni qəbul edilmiş Konstitusiyada insan hüquqları ilə bağlı və demokratiyanın inkişafına stimul verən mühüm müddəalar öz əksini tapdı. Hakimiyyət bölgüsü prinsipi təsbit edildi. Ali qanunverici, ali icraedici və ali nəzarətedici hakimiyyət olmaqla demokratik idarəetmənin əsası olan üç hakimiyyət qolu yaradıldı. Bunun nəticəsidir ki, cəmiyyətdə tutduğu mövqeyinə, siyasi nüfuzuna, yüksək intellektual səviyyəli kadr potensialına görə bu nəhəng partiya digər partiyalardan əsaslı surətdə fərqlənir.
Ölkə rəhbərliyinə qayıdışının ilk günlərindən Heydər Əliyev zəkası və gərgin əməyi itirilmiş torpaqlarımızı geri qaytarmaq, ərazi bütövlüyümüzü təmin edib xalqımız üçün əmin-amanlığa və firavanlığa nail olmaq qayəsinə xidmət etmişdir.
Yeni Azərbaycan Partiyası ayrı-ayrı şəxslərin deyil, bütövlükdə tarixi zərurəti dərk edən yüz minlərlə vətənpərvər insanın yüksək mübarizliyi nəticəsində yaranmış siyasi partiyadır. Yarandığı gündən müstəqil Azərbaycanda hüquqidemokratik, dünyəvi dövlət və vətəndaş cəmiyyəti yaratmaq uğrunda fəal mübarizəyə atılan YAP-ın siyasi partiyalar tarixində nadir hadisə sayılan qısa zaman kəsiyində - təxminən 7 ay sonra Azərbaycanda hakimiyyətə gəlməsi də məhz ulu öndər Heydər Əliyevin parlaq şəxsiyyətinə olan yüksək ictimai inamın, etimadın nəticəsi olmuşdur.
Xüsusi olaraq qeyd etmək lazımdır ki, bütün bu uğurlar eyni zamanda möhkəm ideoloji təmələ bağlı olub zərgər dəqiqliyi ilə ölçülmüş düzgün siyasi kurs üzərində bərqərar olmuşdur. Daim öz xalqının dəstəyinə arxalanan ulu öndər Heydər Əliyevin banisi və lideri olduğu Yeni Azərbaycan Partiyası bu gün ümummilli liderin ideyalarını daşıyan və dönmədən həyata keçirən ən güclü siyasi qüvvə kimi formalaşmışdır. Elə bu baxımdan da Heydər Əliyevin ideyalarına sadiq və hazırda respublikada hakim siyasi lider olan Yeni Azərbaycan Partiyasının rolu və intellektual potensialı gündən-günə artmaqdadır. Bütün bunlar ilk növbədə ölkəmizi dünyanın inkişaf etmiş qabaqcıl dövlətləri sırasına çıxarılması üçün səfərbər olunub. Yarım milyondanartıq üzvü olan və ümumxalq partiyası sayılan YAP hər zaman xalqımızın əsas istinad nöqtəsinə çevrilməyi bacarıb.
Rəna Süleymanlı,
YAP-ın gənc fəalı
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası