19 noyabr 2022 09:08
418

Yeni Azərbaycan Partiyasının yaranması ilə demokratik dəyərlər milli birliyin əsasında yer aldı

İnsan kütlələrini birləşdirən qüvvə kimi spesifik kültürün və coğrafi arealın xüsusi rolu olsa da, daha böyük birləşdirici qüvvə rolunda insanların siyasi idealları daha əsasdır.  Məsələn, siyasi idealları sağlam  olmadan sırf ortaq kültür və tarixi köklər əsasında birləşən toplumların  apardığı milli mübarizə çox vaxt təbii sürətdə uğursuzluğa düçar olur.

Bunun ən yaxın nümunəsi kimi Azərbaycanda 1990-cı illərin epoxasını göstərmək olar. Xalqın milli ruhu oyanmış, müstəqillik əldə edilmiş, lakin elə ilk mərhələdə siyasi ideya və lider böhranı üzündən müstəqillik uğrunda başlanan hərəkat öz yekununa vara bilməmişdir. Əvəzində isə siyasi hakimiyyəti qəsb edən marginal qruplar yarıtmaz idarəçiliklərilə xalq hərəkatı nəticəsində qazanılan müstəqillik üçün təhdidə çevrilmişdilər. Belə olan halda birləşdirici güc ola biləcək siyasi təsisatın yaranmasına zərurət yaranırdı.

Beləliklə 1992-ci ilin noyabrında ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyası təsis edildi. Tariximizdə ilk dəfə olaraq milli ideyanı ziyalılar açıqladı və onlar Ümumilli Lider Heydər Əliyevə müraciət etdilər. Noyabr ayının 21-də Yeni Azərbaycan Partiyası təsis edildi. Dövrün böyük ziyalıları birləşərək ən çətin bir dövrdə bu partiyanı qurmuş, və cəmiyyət daxilində sintetik yeniliklərə açıq olan, konstruktiv rol oynayan inkişaf ideologiyasını müəyyənləşdirmişdilər. Bu ideologiya özündə həm sosial elementləri, həm də liberal elementləri birləşdirərək, möhkəm dövlət intizamına əsaslanan sosial sabitlik vəd edirdi. Şübhəsiz ki, bu ideologiyanı neokonservatizmə aid edə bilərik. Bu doktrinaya uyğun olaraq dövlət cəmiyyətin bütövlüyünün qorunub saxlanılmasına, hüquqi dövlət quruculuğuna, ən əsası da fərdlərin yüksək həyat şəraiti ilə təmin olunmasına zəmanət verirdi. Yəni, universallığı və sistematikliyi ilə Azərbaycan cəmiyyətini tam əhatə edə bilən yeganə siyasi ideya olmuşdur. Bunun nəticəsində əvvəlki kortəbii fəaliyyət göstərən siyasi təşkilatlardan fərqli olaraq Yeni Azərbaycan Partiyasının həm sivil institutlarda, həm də geniş xalq kütlələri arasında sosial bazası yarandı. Heydər Əliyevin Azərbaycançılıq ideologiyası dinindən, etnik mənsubiyyətindən, irqindən, cinsindən, sosial mənsubiyyətindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşlarını bir çətir altında birləşdirdi. Eyni zamanda demokratik dəyərlər milli ideyanın əsasında yer tutdu. Qısa müddət ərzində parçalanmış xalqın milli birliyi formalaşdı.

Xalqımız ümumilli liderdən sonra da onun layiqli davamçısının ətrafında birləşdi. Xalq həm Qafqazın ən böyük siyasi partiyasının sədri kimi, həm də Ali Baş Komandan kimi Prezident İlham Əliyevi dəstəklədi. Bunun nəticəsində o həm daxili düşmənlərimiz üzərində siyasi qələbənin həm də torpaqlarımızı otuz il işğal altında saxlayan düşmən üzərində hərbi və diplomatik qələbənin memarı oldu. Bu qələbədən sonra xalqın birliyi sarsılmaz iradəyə çevrildi.

Qətiyyətlə demək olar ki, bu otuz il ərzində Yeni Azərbaycan Partiyası böyük inkişaf yolu keçdi. Hazırda partiyaya üzv olanların sayı günbəgün armaqdadır.Partiyanın inkişafında xüsusi mərhələ kimi isə partiyanın  5 mart 2021-ci il tarixində keçirilən qurultayından sonrakı dövr xüsusi fərqlənir. Məhz bu dövr siyasi fikir tariximizdə yeni mərhələnin başlanğıcı kimi xarakterizə oluna bilər. Böyük qələbəmizdən sonrakı dövrdə keçirilən bu qurultayda partiyanın sədri, Cənab Prezident partiya qarşısında daha böyük vəzifələr qoydu. Partiyanın yeni fəaliyyət proqramı üzrə qısa zamanda böyük uğurlar əldə edildi. Bu qurultaytaydan sonra daha da qətiyyətlə demək olar ki siyasi sistemimiz yeni struktur elementləri ilə tamdır və YAP yeni reallıqda yeni keyfiyyətlə fəaliyyətini davam etdirir.

Bu gün Yeni Azərbaycan Partiyasının ətrafında xalqın böyük bir hissəsi, məğrur Azərbaycan gəncliyi, ən əsası dövrün intellektual elitası birləşib. Bu birlik isə sarsılmazdır, güclüdür. Bu birliyi ayaqda saxlayan isə ali dəyərlər, sağlam iradə və sədaqətdir- Partiyaya və xalqa sədaqət!

Əli Babazadə,
YAP-ın gənc fəalı