Yeni Azərbaycan Partiyası – 30
Azərbaycanın ictimai-siyasi həyatında özünəməxsus yeri və rolu olan, ümumxalq partiyasına çevrilən, ölkəmizin əsas siyasi partiyası kimi çox böyük nüfuz qazanan Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 30 ili tamam olur. Ötən 30 il ərzində Yeni Azərbaycan Partiyası çox mühüm və əhəmiyyətli yol keçmişdir. Bu tarix 770 mindən artıq insanı öz sıralarında birləşdirən, milyonlarla təəssübkeşi olan bir təşkilatın fəaliyyətində əhəmiyyətli məqam olmaqla yanaşı, həmçinin ölkəmizin müstəqillik tarixində əlahiddə siyasi hadisədir. Çünki ulu öndər Heydər Əliyevin yaratdığı YAP müstəqillik illərində Azərbaycan dövlətinin qazandığı bütün uğurların müəllifi olan hazırki iqtidarın komandasını təşkil edən hakim partiya, siyasi mərkəzdir.
Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi, ölkənin düşdüyü xaos və anarxiyadan, siyasi, sosial-iqtisadi və hərbi böhrandan çıxarılması, istiqlalımızın dönməzliyinin təmin olunması və hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən geniş və çoxşaxəli islahatlar, sosial-iqtisadi inkişaf, ərazi bütövlüyümüzün bərpası, işğal olunmuş torpaqlarımızın azad edilməsi məhz Yeni Azərbaycan Partiyasının lideri, müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf konsepsiyası və siyasi xətti ilə bağlıdır.
Yeni Azərbaycan Partiyasının yarandığı 90-cı illərin əvvəli ölkəmiz üçün fəlakətli illər idi. Respublikamız “olum, ya ölüm” dilemması qarşısında qalmışdı. Respublika rəhbərliyi problemləri həll etmək iqtidarında deyildi. Torpaqlarımız bir-birinin ardınca işğal olunurdu. Qarabağ müharibəsində Azərbaycan məğlub olmuşdu, erməni qüvvələri sürətlə irəliləyirdi. Hakimiyyət hərisləri isə Bakıda vəzifə davası aparırdı. Respublikamızda vətəndaş müharibəsi artıq başlamışdı. Azərbaycan müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə idi. Belə çətin bir vaxtda respublika ziyalıları Naxçıvanda yaşayan və fəaliyyət göstərən Heydər Əliyevə üz tutdular.
Həmin illərdə Naxçıvanda baş verən tarixi hadisələr və bu hadisələrin önündə dayanan müdrik şəxsiyyət Heydər Əliyevin fəaliyyəti Azərbaycan xalqının öz müqəddəratını həll etməsində mühüm rol oynamışdır. Heydər Əliyev 1990-cı il iyul ayının 22-dən artıq Naxçıvanda idi. 1991-ci il sentyabrın 3-də isə xalqın təkidli tələbi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilmişdi. Bu illər respublikanın taleyüklü məsələləri Naxçıvanda həll edilirdi. Heydər Əliyevin sədrliyi ilə Naxçıvan MSSR Ali Sovetinin sessiyasında “Naxçıvan MSSR-in adının dəyişdirilməsi haqqında”, “Naxçıvan MR Ali Dövlət Hakimiyyəti orqanı haqqında”, “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında” tarixi qərarlar qəbul edildi. Həmin il oktyabr ayının 29-da Heydər Əliyevin iştirakı ilə Naxçıvanla Türkiyə Cümhuriyyəti arasında müvəqqəti körpü, 1992-ci il may ayının 28-də isə “Ümid” körpüsünün açılması, dekabr ayının 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi və Birliyi Günü kimi bayram edilməsi barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərar qəbul etməsi və bu kimi mühüm tarixi hadisələr respublika əhalisi arasında razılıqla qarşılanırdı. Ulu öndər Heydər Əliyevin bu dövrdə həyata keçirdiyi tədbirlər, hazırladığı siyasi sənədlər Naxçıvanın, o cümlədən Azərbaycanın xilasına xidmət edirdi. Bunlar dövlət müstəqilliyinin gerçəkləşməsinə layiqli töhfə idi. Milli ordunun yaradılması, rus ordusunun Naxçıvandan çıxarılması, aqrar islahatların həyata keçirilməsi, atəşkəs rejiminin tətbiq olunması Heydər Əliyev şəxsiyyəti ilə bağlı nəhəng siyasi fəaliyyətin yalnız adi gözlə görünən ümumi cizgiləri idi. Həyat göstərdi ki, Heydər Əliyevin Naxçıvandan başladığı tamamilə yeni kurs, yeni yanaşma tərzi və demokratik dəyişikliklər müstəqil Azərbaycan dövləti kimi nəhəng abidənin ana xətti idi. Yeni Azərbaycan Partiyasının yaranmasının tarixi zərurəti də bununla bağlı idi.
Bunun ikinci səbəbi isə Xalq Cəbhəsi iqtidarının yeritdiyi siyasətlə xalqın barışmaması idi. Bu iqtidarın hakimiyyətə gəlməsi ilə cəmiyyətin siyasi qütbləşməsi elə bir şəkil almışdı ki, “Kim bizimlə deyil bizim düşmənimizdir” – tezisi az qala hakim ideologiyaya çevrilmişdi.
Xalqı parçalayan bu siyasət ölkənin siyasi varlığını təhlükə qarşısında qoymuşdu. Xalqın ümumi narazılığı getdikcə daha çox vahid siyasi axarda birləşir, siyasi hərəkata çevrilirdi. Xalqın içindən, onun qəlbindən gələn bu güclü axını duyan Azərbaycanın mütərəqqi ziyalıları 1992-ci il oktyabrın 16-da Heydər Əliyevə müraciət edərək ondan yeni yaranmaqda olan siyasi hərəkata rəhbərliyi öz üzərinə götürməyi təkidlə xahiş etdilər. Bu müraciəti 91 nəfər ziyalı imzalamışdı. Əslində isə bu, bütün xalqın ürəyinin səsi və arzusu idi.
Ziyalıların 1992-ci il 16 oktyabr müraciətindən 9 gün sonra, yəni 1992-ci il oktyabrın 24-də Azərbaycanda hakimiyyətdə olan Xalq Cəbhəsinin fitvası ilə Naxçıvanda Heydər Əliyevə qarşı ilk dövlət çevrilişi cəhdinə əl atıldı. Qəribə paradoks yaranmışdı. Respublika ziyalıları, əhalinin tam əksəriyyəti ölkənin gələcək taleyini Heydər Əliyevlə əlaqələndirir, onda görürdülər. Xalq Cəbhəsi isə onu Naxçıvanda da hakimiyyətdə görmək istəmirdi. Xalq isə respublika ziyalılarının təklifini dəstəkləyirdi.
Bu qeyri-adi günlərdə siyasi iradə və təmkinlik nümayiş etdirən Heydər Əliyev yeni partiyaya rəhbərlik etmək barədə 91-lərə 24 oktyabr tarixində məşhur “Yeni, müstəqil Azərbaycan uğrunda!” cavabını yazdı. Burada YAP-ın yaranmasının zəruriliyi bildirilməklə, belə bir partiyanın perspektivdə ölkənin siyasi həyatında aparıcı rol oynayacağı əminliklə qeyd edilirdi. Heydər Əliyevin ziyalılara ünvanlanan cavabında deyilirdi: “Belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”. Bu cavab 1992-ci il oktyabrın 24-də Naxçıvanda dövlət çevrilişinə cəhd olan gündə yazılmış və imzalanmışdı. Həmin gün Heydər Əliyevin çağırışı ilə dövlətçiliyə qarşı qiyam etmiş siyasi dəstənin üzərinə gedərək onu zərərsizləşdirən əhalinin əksəriyyəti sonradan xalqımızın böyük oğlunun rəhbərlik etdiyi siyasi partiyanın fəal üzvləri oldular. Bu tarix bir daha sübut edir ki, Yeni Azərbaycan Partiyası yaranmamışdan əvvəl artıq onun geniş sosial bazası formalaşmışdı.
Yeni Azərbaycan Partiyasının təsis konfransını Bakıda keçirməyə imkan vermədilər. 1992-ci ilin noyabrın 21-də Naxçıvanda C.Məmmədquluzadə adına Dövlət Dram Teatrının binasında (indiki Milli Dövlət Dram Teatrının binası) Yeni Azərbaycan Partiyasının birinci Ümumrespublika təsis konfransı keçirildi. Konfransda Azərbaycanın 40 bölgəsindən, rayon və şəhərindən 550-dən çox nümayəndə iştirak edirdi. Konfrans nümayəndələri YAP-ın təsis olunması haqqında qərar qəbul etdilər. Partiyanın Heydər Əliyev tərəfindən hazırlanmış Proqram və Nizamnaməsi müzakirə olunub qəbul edildi. Heydər Əliyev konfrans nümayəndələri tərəfindən açıq səsvermə yolu ilə yekdilliklə Yeni Azərbaycan Partiyasının Sədri seçildi. Heydər Əliyev konfransda böyük tarixi nitq söylədi. Təşkilatın rəhbər orqanları formalaşdırıldı.
YAP-ın yaranması Azərbaycan xalqının tarixində çox əlamətdar hadisə idi. Respublika əhalisi – sadə əmək adamları, ziyalılar, bütün təbəqələrdən olan insanlar Heydər Əliyevin yenidən siyasət meydanına qayıtmasını ruh yüksəkliyi ilə qarşıladılar.
Konfransdan sonra müsahibə verən YAP-ın Sədri Heydər Əliyev Yeni Azərbaycan Partiyasının məqsəd və vəzifələrindən bəhs edərək demişdir: “Yeni Azərbaycan Partiyası parlament tipli partiyadır və qəbul etdiyi proqramına uyğun olaraq özünün məqsədləri hesab edir: Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, milli, dini və dil mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarının bərabər hüquqlara malik olduğu sivilizasiyalı, demokratik, hüquqi dövlətin yaradılması. Lakin ön planda Azərbaycanın qarşısında duran ən mühüm və təxirəsalınmaz problemlərin həlli dayanır – hər şeydən əvvəl, respublikanın genişmiqyaslı xarakter almış müharibə vəziyyətindən çıxarılması. Qarabağ probleminin həll olunması, habelə ağır sosial – iqtisadi böhranın dəf edilməsi.”
Partiyanın yaranması zəruriliyi haqqında YAP-ın I qurultayındakı nitqində Heydər Əliyev belə bəhs etmişdir: “...biz 1992-ci ilin noyabr ayında Naxçıvanda partiyamızı – onun proqramı və nizamnaməsi haqqında burada deyildi – ağır, çətin bir şəraitdə yaratdıq. Nizamnamədə də var, bu partiya hakimiyyət uğrunda mübarizə aparan bir partiya kimi yaranmadı. Biz partiyanın nizamnaməsində yazdıq ki, partiya Azərbaycanın bu ağır dövründə ölkəmizin ictimai-siyasi həyatında iştirak etmək və Azərbaycanı bu ağır vəziyyətdən çıxarmaq üçün yaranır... Bizim partiya sağlam düşüncə, sağlam fikir – xalqı birləşdirmək və Azərbaycanın o mürəkkəb həyatında ölkənin problemlərinin həll olunmasında iştirak etmək, öz xidmətlərini göstərmək məqsədi ilə yarandı”.
Bir sıra tədqiqatçılar Yeni Azərbaycan Partiyasının yaranmasını zəruri edən səbəbləri kompleks halda götürürlər: 1. Azərbaycanı düşdüyü son dərəcə ağır daxili və xarici vəziyyətdən, vətəndaş müharibəsi təhlükəsindən və parçalanmaqdan xilas etmək, ölkə daxilində milli-mənəvi həmrəyliyə, sabitliyə, vətəndaş sülhünə nail olmaqdan ötrü. 2.Yenicə müstəqillik qazanmış respublikamızda ictimai-siyasi prosesləri normal məcraya salmaq, cəmiyyətin demokratikləşməsinə nail olmaq, hüquqi-sivilizasiyalı, demokratik cəmiyyət qurmaq, iqtisadiyyatı liberallaşdırmaq və bazar iqtisadiyyatına keçmək, özəlləşdirmə və aqrar islahatları aparmaq, respublikamızın təbii sərvətlərindən Azərbaycan xalqının mənafeyi naminə səmərəli istifadə etmək məqsədilə. 3.Azərbaycan Respublikasını beynəlxalq miqyasda layiqincə təmsil etmək, Azərbaycanın dövlət maraqlarını region dövlətlərinin və digər maraqlı xarici dövlətlərin maraqları ilə uyğunlaşdıracaq siyasət yeritmək, Dağlıq Qarabağ problemini həll etmək, Azərbaycanın suverenliyini qorumaq üçün və s.
Yeni Azərbaycan Partiyası 1993-cü ilin iyununda iqtidar partiyasına çevrilmiş və 30 illik fəaliyyət dövründə ölkəmizin qarşısında duran mühüm vəzifələrin uğurla yerinə yetirilməsi üçün əzmlə çalışmış, qarşıya çıxan problemləri həll etmiş, dünyanın lider dövlətinə çevrilmişdir.
Naxçıvanda əsası qoyulmuş Yeni Azərbaycan Partiyasının elə Naxçıvanda da ilk təşkilatları yaranmağa başladı. Bir-birinin ardınca Şərur, Babək, Culfa, Şahbuz və b. rayonlarda təsis konfransları keçirilərək YAP-ın rayon təşkilatları yaradıldı. Nəticədə YAP-ın ən mütəşəkkil və fəal dəstəsi Naxçıvan Muxtar Respublikasında formalaşdı. Rayonlarda keçirilən təsis konfranslarında Partiyanın Sədri Heydər Əliyev şəxsən iştirak və çıxış etmiş, tövsiyə və tapşırıqlarını vermiş, qarşıda duran vəzifələri geniş şərh etmişdir.

Son illərdə Naxçıvan Muxtar Respublikasında aparılan böyük quruculuq işləri və bu quruculuq işlərinin həyata keçirilməsində fəal çalışan YAP üzvlərinin uğurları ictimaiyyət tərəfindən razılıqla qarşılanır. Yeni Azərbaycan Partiyası muxtar respublika təşkilatının sədri, Muxtar Respublika Ali Məclisinin Sədri Vasif Talıbovun Naxçıvanın həyatının bütün sahələrinin inkişafı, tərəqqisi üçün apardığı işlər, qazanılan uğurlar eyni zamanda, YAP muxtar respublika təşkilatının uğurlarıdır. Yarandığı ilk dövrdə YAP muxtar respublika təşkilatında 1118 nəfər üzv olmuşdursa, hazırda partiya üzvlərinin sayı 58 min nəfəri keçmişdir. Bunlar 506 ərazi ilk partiya təşkilatlarında birləşmişlər.
Yeni Azərbaycan Partiyasının muxtar respublika təşkilatı ictimaiyyət qarşısında geniş iş aparır. Partiya üzvləri həyatın bütün sahələrində fəallıq göstərirlər. Bu gün Naxçıvan şəhərinin, muxtar respublikanın bütün rayonlarının siması aparılan tikinti-quruculuq işləri sayəsində günü-gündən dəyişir. Belə də olmalıdır. Çünki öz fəaliyyətini Naxçıvandan başlayan YAP cəmiyyətimizin ən aparıcı, ümumxalq partiyasına çevrilmişdir. YAP muxtar respublika təşkilatı və onun çoxminli üzvləri bu məsuliyyəti dərindən dərk edirlər.
Yeni Azərbaycan Partiyasının tarixində 1992-ci ilin noyabrın 21-dən 1993-cü il iyunun15-dək – Qurtuluş gününədək olan dövr ən məsuliyyətli dövrdür. Bu dövrdə YAP mühüm siyasi mübarizə və təşkilatlanma yolu keçmiş, məhz Heydər Əliyev dühası sayəsində müxalifət partiyasından iqtidar partiyasına çevrilmişdir.
Heydər Əliyev təkcə Yeni Azərbaycan Partiyasının deyil, bütün Azərbaycan xalqının lideri idi. O, öz məsləhətləri ilə xalqı yaxınlaşmada olan daha böyük fəlakətdən qurtarmaq üçün iqtidara yol göstərməyə çalışırdı. Uzun müddət bu məsələlərə məhəl qoymayıb səriştəsiz siyasəti ilə ölkəni parçalanmaq, vətəndaş müharibəsi həddinə gətirmiş iqtidar, başlanmış təhlükəli proseslərin qarşısını almaqda gücsüzlüyünü görüb son anda kömək üçün Heydər Əliyevə müraciət etdi. Ali Sovetin Sədri seçilən Heydər Əliyev 1993-cü il oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti seçildi. Xalqımız YAP-ın Sədri, ölkə Prezidenti Heydər Əliyevin ətrafında daha sıx birləşdi 1993 – 2003-cü illər Azərbaycan tarixinə dirçəliş illəri kimi daxil oldu. İqtisadi sahədə yaşanan tənəzzül aradan qaldırıldı, siyasi proseslər müsbət məcrada inkişaf etməyə başladı. Ölkəmizdə siyasi plüralizm, demokratiya, söz azadlığı bərqərar oldu. Çoxpartiyalı sistemin yaradılmasında Yeni Azərbaycan Partiyasının rolu inkaredilməzdir. YAP öz mövqeyini başqa partiyaları zəiflətməklə yox, öz fəaliyyəti ilə təmin etdi.
Yeni Azərbaycan Partiyası sürətlə inkişaf edib ən böyük partiyaya çevrildi. Prezident seçkilərində, parlament seçkilərində bu partiya çoxluq əldə etdi, həm qanunverici, həm də icra hakimiyyətində çoxluq təşkil etdiyi üçün iqtidar partiyasına çevrildi. Yarandığı dövrdə 7250 nəfər üzvü olan partiyanın 2001-ci ildə 230 min nəfər, hazırda isə 770 min nəfərdən çox üzvü birləşdirir. 2001-ci ildə YAP Sədrinin birinci müavini seçilən İlham Əliyev indi ümummilli və ümumxalq xarakteri daşıyan partiyaya uğurla rəhbərlik edir, Ölkə Prezidenti kimi İlham Əliyev hazırda dünyada ən nüfuzlu dövlət rəhbəri kimi tanınır. Ümummilli Liderimizin siyasi kursunu uğurla davam etdirən İlham Əliyev özünün siyasi, iqtisadi, diplomatik, ictimai fəaliyyəti ilə nümayiş etdirdi ki, bu yolu davam etdirmək üçün ən layiqli şəxsdir.
Azərbaycanın ən ağrılı problemi olan Qarabağ problemi Prezident İlham Əliyevin iqtisadi, siyasi, hərbi və diplomatik islahat və layihələrlə, gedişlərlə uğurlu həllinə gətirib çıxardı. Ölkə daxilində həyata keçirilən mütərəqqi sosial-iqtisadi islahatlar Azərbaycanda sürətli inkişafa real zəmin yaratdı. İqtisadi güc artdıqca, dövlət ordu quruculuğu, silahlı qüvvələrin arsenalının gücləndirilməsi prosesini də müasirləşdirdi və artırdı. İlham Əliyev Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi ordu quruculuğuna aid bütün tədbirləri ardıcıl surətdə həyata keçirdi. Azərbaycan Silahlı Qüvvələri XXI əsr müharibəsi ilə düşməni torpaqlarımızdan qovdu.
Yeni Azərbaycan Partiyası çoxpartiyalı sistemdə öz layiqli yerini tutmuş, cəmiyyətin əsas aparıcı siyasi partiyasına – ümumxalq, ümummilli partiyaya çevrilmişdir. Həm də Yeni Azərbaycan Partiyasının meydana gəlməsi ilə Azərbaycan Respublikasında çoxpartiyalı siyasi sistem formalaşmış oldu.
Keçən il Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirildi. Qurultayda Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev Azərbaycan xalqına və partiya üzvlərinə müraciət edərək demişdir: “Mən bu gün qarşıda duran bəzi vəzifələr barədə öz fikirlərimi həm partiya üzvləri ilə, həm Azərbaycan xalqı ilə bölüşməklə, əlbəttə ki, bütün siyasi qüvvələri, bütün ictimaiyyəti geniş diskussiyaya çağırıram. Buna ehtiyac var. Çünki bir daha demək istəyirəm ki, biz yeni dövrə qədəm qoyduq. Bölgədə və ölkəmizdə tamamilə yeni geosiyasi vəziyyətdir. Ona görə biz bütün addımlarımızı düzgün atmalıyıq ki, daim qələbə qazanaq, Azərbaycan bayrağı daim yüksəklərdə olsun”.
Qurultayda qeyd olunduğu kimi, Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Partiya yeniləşmiş formatda ölkə qarşısında duran problemləri daha fəal icra etməkdədir. Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizin aparıcı siyasi qüvvəsi olaraq həyata keçirilən tədbirlərin mərkəzində olacaqdır. Otuz illik tarixi təcrübə bunu bir daha təsdiq etdi.
İsmayıl Hacıyev,
AMEA Naxçıvan Bölməsinin sədri, YAP Naxçıvan MR Təşkilatının İdarə Heyətinin üzvü
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası