İran qonşu dövlət olaraq Azərbaycana qarşı riyakar davranır. Azərbaycan İrana qarşı dost və mehriban qonşuluq münasibəti bəsləsə də, İran hər zaman bunun əksini nümayiş etdirib.
İranda İslam dinini siyasətə alət etmiş bir fars rejimi var. Onların hədəfi Azərbaycanın inkişafının qarşısını almaqdır. Fars molla rejimi çox gözəl anlayır ki, Azərbaycanın bir bütövlük idealı var. Ona görə də bunu əngəlləmək istəyirlər. Həmçinin, Türkiyə və Azərbaycanın strateji tərəfdaşlığı da gün keçdikcə daha da inkişaf edir.Farsların isə söykəndiyi idealogiyanın içərisində türk düşmənçiliyi var. İran Azərbaycan və Türkiyənin yaxınlaşmasını, o cümlədən Azərbaycanın regionda və dünyada söz sahibi olmasını istəmir.
İranla Ermənistan arasında həmişə isti münasibətlər olub. Hətta İranın öz ərazilərində yaşayan erməni icmasına olan yaxşı münasibəti də yüksək səviyyədədir. İranda hər il aprelin 15-i ermənilər özlərinin qondarma “soyqırım” günləri münasibətilə yürüyüş keçirirlər. İran polisi isə onları mühafizə də edir. Onların İranda kilsələri, övladları üçün erməni dilində təhsil verən məktəblərin olması İran-erməni dostluğunun sıx olduğunu, İranda erməni icmasına daha çox rəğbət bəsləndiyini göstərir. Lakin orada yaşayan təxminən 40 milyon nəfərlik Azərbaycan türkünün öz dilində təhsil almasına, hətta öz övladlarına Azərbaycan adları belə qoymalarına imkan verilmir. Bu, İranın tarix boyu Azərbaycana qarşı olan aqressiyasından irəli gəlir.
2020-ci ildə Azərbaycan ordusunun 44 günlük Vətən Müharibəsində qalib gəlməsi Fransa qədər İranı da narahat etmişdi. Müharibə dövründə onların ərazisinə mərmi düşməsi bəhanəsi ilə Azərbaycana xəbərdarlıq etmələrini, ordumuz Cəbrayılı işğaldan azad etdiyi vaxtda Arazın o tayında olan soydaşlarımızın bunu qürurla, sevinclə izləyib alqışladıqları zaman buna müdaxilə etmələrini Azərbaycanla sərhədə qoşun yeritmələrinin də anti-Azərbaycan mövqeyindən irəli gəldiyini hesab etmək olar. Son 1 ildə isə, İran Ermənistanı daha qətiyyətli formada dəstəkləyir. İranın Qafanda konsulluq açmağı isə bunun ən pik nöqtəsi idi.
İran rejimi Azərbaycan-Türkiyə müttəfiqliyini özlərinə qarşı hədə kimi görür. Şuşa Bəyannaməsində də qeyd olunduğu kimi, nə Azərbaycan, nə də Türkiyə hər hansı bir dövlətə qarşı deyillər. Bu, regiondakı sülh üçün razılaşmadır. Bu baxımdan İranın sözügedən mövqeyini belə izah etmək mümkündür ki, Tehran vəziyyəti düzgün qiymətləndirmir. Azərbaycana qarşı əsassız böhtan kampaniyası həyata keçirir. İran nəzərə almalıdır ki, artıq regionda sülh üçün böyük perspektivlər var. Azərbaycan özü də İran üçün əhəmiyyətli tərəfdaşdır. Ən azından Rusiya və İran arasında quru yol yalnız Azərbaycandan keçir. Həmçinin, Azərbaycan qonşularına qarşı heç bir zaman aqressiv düşmənçilik siyasəti yürütməyib. Bu, Azərbaycanın prinsiplərinə aid deyil.
Cavid Mehdizadə,
YAP Xətai rayon təşkilatının fəalı
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası