18 noyabr 2022 10:26
851

Yeni Azərbaycan Partiyası ümumxalq partiyasıdır

1988-ci ildən başlanan xalq hərəkatı indiyə qədər də yadımdadır. Bu xal hərakatının gedişində özünü biruzə vermiş və 1990-ci ilin əvvəllərində  bir sıra təşkilatlar yarandı. Lakin yaradılan partiyalar ölkəni düşdüyü ağır, iqtisadi, siyasi,  mənəvi böhrandan nəinki qurtara bilmədi, əksinə, hakimiyyətdə olan və bir-birini əvəz edən siyasi qüvvələr respublikadakı vəziyyəti daha da ağırlaşdıraraq təhlükəli böhran vəziyyətinə çatdırdılar. Ölkəni bürümüş siyasi, iqtisadi böhran ziyalıları, tanınmış insanları narahat edirdi. Bu zaman Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınamış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər.  Məhz belə bir vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd əslində bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladığı bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu.

Heydər Əliyev xalqın müraciətini qəbul etsə də, onun Bakıya gəlməsinə o zamankı hakimiyyətin maneələr yaratması ucbatından partiyanı yaratmaq istəyən insanların bir hissəsi–550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə nail oldular.

Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirildi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Beləliklə, müstəqil Azərbaycan tarixində öz üzərinə böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı. Bu partiya Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə yarandı.

Yeni Azərbaycan Partiyası Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqram əsasında fəaliyyət göstərən, öz sıralarında Azərbaycanda hüquqi dövlət, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən sağ mərkəzyönümlü siyasi partiyadır.

YAP-ın proqramında irəli sürülmüş əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsidir.

YAP 1992-ci ilin dekabr ayının 18-də Ədliyyə Nazirliyinin qeydiyyata alınmış və Azərbaycanın bütün rayonlarında qısa müddətdə rayon təşkilatları və özəkləri yaradılmışdır. YAP-ın təsis konfransında qəbul etdiyi Proqram və Nizamnaməsi 1999-cu il dekabr ayının 20-21-də keçirilən birinci qurultayında geniş şəkildə müzakirə olunaraq müəyyən əlavə və dəyişikliklər edilməklə təsdiq olunmuşdur.

Heydər Əliyev xalqımızın ən çətin anlarında özünü xilaskar kimi irəli verməsinin dəfələrlə şahidi olmuşuq. Mötəşəm prezidentimiz İlham Əliyev də bu faktı öz nitqində diqqətə çatdırmışdır: “1990-cı illərin əvvəllərində - xalqımız üçün ən ağır dövrdə yenə də Heydər Əliyev öz liderlik keyfiyyətlərini göstərmiş, böyük cəsarət, vətənpərvərlik göstərmiş və qanlı 20 Yanvar hadisələrini Moskva şəhərində pisləmişdir. Mən o günü yaxşı xatırlayıram. Mən fəxr edirəm ki, o gün atamla birlikdə idim və Heydər Əliyevin o qətiyyətli çıxışı, Vətəninə, xalqına olan bağlılığı bütün Azərbaycan xalqına bir daha göstərdi ki, o, xalqa bağlı olan böyük bir liderdir.”

Ulu öndər H.Əliyevdən sonra partiyanın Sədri İlham Əliyev  oldu. Möhtərəm Prezidentimiz İlham Əliyevin Yeni Azərbaycan Partiyasının 2005-ci ilin mart ayının 26-da keçirilən III qurultayında YAP-ın Sədri seçilməsindən sonra bu təşkilat uğurlar partiyasına çevrilib. Cənab Prezident İlham Əliyevin apardığı dövlət siyasətinin gənclərimizə düzgün şəkildə təbliğ etməyi, partiyanın tövsiyə və tapşırıqlarını həyata keçirməyi özünə vəzifə olaraq seçən Yeni Azərbaycan Partiyası Gənclər Birliyi, istər kəmiyyət, istərsə də keyfiyyət baxımından qürurla qeyd ediləcək nailiyyətlərə imza atmaqla regionun və ölkənin ən güclü gənclər təşkilatı olaraq bir daha öz fəaliyyətini təsdiqləyir.

Prezident İlham Əliyev son 25 il ərzində partiyanın uğurla inkişaf etdiyini və bütün seçkilərdə - həm parlament, həm prezident seçkilərində böyük səs çoxluğu ilə qalib gəldiyini YAP-ın təntənəli yubiıey mərasimindəki nitqində də diqqətə çatdırmışdır. “Bu gün Azərbaycanda bizim partiyamıza rəqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil. Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasına çevrilibdir. Cəmiyyətimizin bütün təbəqələri partiyamızda birləşib. Buna baxmayaraq, biz həmişə qabağa baxmalıyıq və əldə edilmiş uğurlarla kifayətlənməməliyik. Uğurlarımızın səbəblərindən biri də məhz ondan ibarətdir ki, əldə edilmiş uğurlar bizə əlavə stimul verir. Çatışmayan cəhətləri aradan qaldırmaq, sosial ədaləti daha da böyük dərəcədə bərqərar etmək üçün biz bundan sonra da fəal çalışmalıyıq”.

Hal-hazırda YAP-ın ölkəmizin tarixində mühüm rolu var. Noyabrın 21-də Yeni Azərbaycan Partiyasının 30 illiyi qeyd olunacaq. Tarixi zəfərimiz harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını qürurlandırır və hazırda işğaldan azad edilmiş torpaqlarımızda geniş miqyas alan bərpa-quruculuq işlərində fəal iştirak etməyə çağırış edir.

Beləliklə, müstəqillik dövrünün tarixi, yaşadığımız hər bir gün Ulu Öndərin söylədiyi müdrik bir kəlamı – “Zaman hər şeyi öz yerinə qoyur” ifadəsini bir daha təsdiq edir.

Təranə Mustafayeva,
Bakı şəhəri, Humanitar fənlər təmayüllü məktəb-liseyin ibtidai sinif müəllimi