Azərbaycan və Albaniya arasında olan diplomatik münasibətlər 23 sentyabr 1993-cü ildə qurulub. Bu münasibətlərin 30-cu ildönümü ilə əlaqədar gələn il Albaniyada "Azərbaycan həftəsi"nin təşkil olunması planlaşdırılır. İki ölkə arasında siyasi dialoq daim yüksək səviyyədə olub. Albaniya prezidentləri ölkəmizə 5 işgüzar səfər, baş nazirləri isə 2 rəsmi və 2 işgüzar səfər ediblər.
Albaniyanın Baş naziri Edi Rama 2022-ci il aprelin 14-də Azərbaycana rəsmi səfər edib. Bu ölkənin keçmiş Prezidenti İlir Meta isə IX Qlobal Bakı Forumunda iştirak etmək üçün 2022-ci il iyunun 16-da Azərbaycana işgüzar səfərə gəlib.
İndiyədək Azərbaycan və Albaniya arasında 8 sənəd, həmçinin "Azərbaycan Respublikası Hökuməti və Albaniya Respublikası Hökuməti arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq haqqında Saziş" imzalanıb.
Prezident İlham Əliyevin 15 noyabr tarixində Albaniyada rəsmi səfəri zamanı prezidentlərin görüşü baş tutub və hər iki ölkə üçün aktual olan məsələlər müzakirə olunub. Prezidentlərin mətbuata birgə bəyanatları zamanı Bayram Beqay Azərbaycan Prezidentinin Albaniyaya səfərini əlaqələrin tarixində ilk mühüm dövlət səfəri olduğunu deyərək vurğuladı ki, belə yüksəksəviyyəli görüşlər münasibətlərin inkişaf etdirilməsində, xalqlarımız arasında əməkdaşlığın genişləndirilməsində qarşılıqlı iradənin təzahürüdür. Bu səfər həm də qarşılıqlı maraq doğuran əməkdaşlıq üçün yeni imkanlar yaradacaq. Bayram Beqay Albaniyanın Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəklədiyini və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmasına öz dəstəyini verdiyini söyləyərək dedi ki, hər iki ölkə arasında beynəlxalq təşkilatlarda, BMT-də, Avropa Şurasında məhsuldar əməkdaşlıq edilir.
Prezident İlham Əliyev qeyd etdi ki, bu səfər əlaqələrin inkişafına güclü təkan verəcək. Siyasi dialoqa gəldikdə isə, İlham Əliyev Albaniya prezidentlərinin əvvəlki illərdə Azərbaycana dəfələrlə səfərlərini xatırlatdı və vurğuladı ki, bu təmaslar siyasi dialoqun çox gözəl təzahürlərinin olduğunu və çox güclü dinamizmim mövcudluğunu təsdiqləyir.
İlham Əliyev Azərbaycanın həmçinin Albaniyada qaz təsərrüfatının inkişafına da töhfə verə biləcəyini qeyd edərək dedi ki, bu ölkədə indiyədək qaz şəbəkəsi yaradılmayıb. Azərbaycan bu sahədə də investor kimi iştirak edə bilər və buna hazırdır.
Göründüyü kimi, Azərbaycan Prezidenti hər zaman olduğu kimi, Albaniya səfərində də bir daha sözünə sadiq etibarlı tərəfdaş olduğunu və tam müstəqil siyasət yürütdüyünü göstərdi. Bu səfər Azərbaycanın Albaniya ilə əməkdaşlığında yeni səhifənin açıldığını bir daha təsdiqlədi. Eyni zamanda bir daha bəlli oldu ki, hazırda Avropanın əsas enerji tədarükçüsü Azərbaycandır. Çünki bugünkü dövrün şərtləri bunu tələb edir. Avropa İttifaqının Rusiya ilə münasibətlərində yaranan qarşıdurmada Qərbin əsas planlarından biri Avropa ölkələrinin Rusiyadan asılılğını aradan qaldırmaqdır. Bu siyasi xəttin icra olunmasında Azərbaycan Avropa üçün olduqca böyük önəm daşıyır. Ona görə də əminliklə deyə bilərik ki, tezliklə Azərbaycan Avropaya qaz təchizatını daha da artıracaq.
Mais Günəşli,
YAP-ın gənc fəalı
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası