17 noyabr 2022 13:51
653

Azərbaycan-Albaniya: Cənub Qaz Dəhlizinin icrasında əməkdaşlıq modeli ən yüksək səviyyədədir

İki ölkə iqtisadi əlaqələrin, o cümlədən energetika sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinə maraq göstərir

Noyabrın 15-də Prezident İlham Əliyev Albaniya Respublikasına dövlət səfəri zamanı paytaxt Tiranada bu ölkənin dövlət başçısı Bayram Beqay ilə görüşüb. Sonra prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər.

Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Albaniya ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir. Bu səfər Prezident İlham Əliyevin Albaniyaya ilk səfəridir. Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir.

Azərbaycan ilə Albaniya arasında diplomatik münasibətlər 1993-cü ilin sentyabrın 23-də qurulub. Gələn il bu tarixi hadisənin 30-cu ildönümü olacaqdır. Bu münasibətlə 2023-cü ildə Albaniyada “Azərbaycan Həftə”sinin təşkil olunması planlaşdırılır.

Azərbaycan ilə Albaniya arasında siyasi dialoq daim yüksək səviyyədə olub. İndiyədək Albaniya prezidentləri ölkəmizə 5 dəfə işgüzar səfər, Baş nazirləri isə 2 rəsmi və 2 işgüzar səfər ediblər. Albaniyanın Baş naziri Edi Rama 14 aprel 2022-ci il tarixində ölkəmizə rəsmi səfərə gəlib. E.Rama səfər zamanı Bakıda bildirib ki, Albaniya ATƏT-in sədri və hazırda BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi hər zaman Azərbaycanı, həqiqəti və ölkənizin tarixi hüquqlarını dəstəkləyir və bunu etməyə davam edəcək.

Baş nazir, həmçinin deyib: “Biz Sizin qonşunuz Ermənistanla sülhə və uzunmüddətli əməkdaşlığa yönəlmiş olduqca nümunəvi səylərinizi alqışlayırıq.”

Albaniyanın sabiq Prezidenti İlir Meta 16 iyun 2022-ci il tarixində ölkəmizə işgüzar səfəri zamanı VIII Qlobal Bakı Forumunda iştirak edib. Prezident İlham Əliyevə və Azərbaycan xalqına yeni uğurlar arzulayan Albaniya dövlətinin başçısı TAP layihəsinin müvəffəqiyyətlə başa çatdırılması ilə əlaqədar Azərbaycan Prezidentinə təşəkkürünü bildirib. Eks-Prezident İlir Meta işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı quruculuq işlərində Azərbaycana uğurlar arzulayıb. Azərbaycan və Albaniya xalqlarının qardaş olduğunu deyən İ.Meta gələn il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd ediləcəyini məmnunluqla bildirib.

8 aprel 2013-cü il tarixində Bakıda Azərbaycan və Albaniya arasında 8 sənəd imzalanıb. O cümlədən “Azərbaycan Respublikası Hökuməti və Albaniya Respublikası Hökuməti arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq haqqında Saziş” imzalanıb. Enerji sahəsində əməkdaşlıq iqtisadi əlaqələrin əsas istiqamətidir. Azərbaycan ilə Albaniya Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik Boru Kəmərinin (TAP) həyata keçirilməsində uğurla əməkdaşlıq edib. Albaniyanın yüksək səviyyəli rəsmiləri Cənub Qaz Dəhlizi Məşvərət Şurasının bütün iclaslarında iştirak edib və layihənin icrasına töhfə verib.

Albaniya TAP vasitəsilə Cənub Qaz Dəhlizinin iştirakçısıdır. TAP layihəsi üzrə Hökumətlərarası Saziş 2013-cü ilin fevral ayında Albaniya, İtaliya və Yunanıstan dövlətləri arasında imzalanıb və 2016-cı ilin mart ayından tikinti işləri başlayıb. 2020-ci ilin 31 dekabr tarixində TAP boru kəməri vasitəsilə kommersiya qazının nəqlinə başlanılıb. Albaniya podratçı şirkətləri TAP boru kəmərinin tikinti işlərində iştirak ediblər. TAP layihəsinin həyata keçirilməsi çərçivəsində Albaniya öz tranzit imkanlarından faydalanması ilə yanaşı, layihənin icrası Albaniyada məşğulluğun artmasına böyük töhfə verib. Layihə, həmçinin Albaniya üçün ÜDM və büdcə gəlirlərinin artımını təmin edib. Ümumiyyətlə, TAP-ın Albaniyanın enerji təchizatında çox əhəmiyyəti vardır. TAP layihəsi Albaniyaya 1,5 milyard avro dəyərində sərmayə yatırıb. Layihə ömrü ərzində (tikinti və 25 il istismar mərhələsi dövründə) ölkəyə gözlənilən vergi ödənişləri 285 milyon avrodur.

Azərbaycan ilə Albaniya ikitərəfli iqtisadi əlaqələrin, o cümlədən energetika sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinə maraq göstərir. 2021-ci ildə bu ölkələr arasında ticarət dövriyyəsinin həcmi 4,95 mln. ABŞ dolları, o cümlədən idxalın həcmi 0,66 mln. dollar, ixracın həcmi 4,29 mln. dollar təşkil etmiş, xarici ticarət saldosu isə müsbət 3,63 mln. dollar olmuşdur. 2020-ci illə müqayisədə 2021-ci ildə Albaniya ilə ticarət dövriyyəsi 12,83 dəfə çox olmuş, o cümlədən idxal 70,47 faiz artmış, ixrac əməliyyatları bərpa olunmuşdur.

2022-ci ilin yanvar-sentyabr aylarında ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 1,45 mln. ABŞ dolları, o cümlədən idxalın həcmi 1,14 mln. dollar, ixracın həcmi 0,31 mln. dollar təşkil etmiş, xarici ticarət saldosu isə mənfi 0,83 mln. dollar olmuşdur. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2022-ci ilin yanvar-sentyabr aylarında Albaniya Respublikası ilə ticarət dövriyyəsi 2,78 dəfə, o cümlədən idxal 2,69 dəfə, ixrac isə 3,14 dəfə çox olmuşdur. Azərbaycanda tikinti və xidmət sahələrində fəaliyyət göstərən 3 Albaniya investisiyalı şirkət qeydiyyatdan keçmişdir.

2019-cu il noyabr 26-da Albaniyada baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Azərbaycan tərəfindən humanitar yardım olaraq 500 min avro ayrılmışdır. Qeyd edək ki, Albaniya 2022-2023 illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür.

Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri