Azərbaycan xalqı qazandığı tarixi Zəfərinin ikinci ildönümünü qeyd etdi. Tarixi bir gündə noyabrın 8-də Möhtərəm Prezident cənab İlham Əliyev Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə iştirak edib. Cənab Prezident İlham Əliyev tədbirdə çıxış edərək Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edib və Vətən müharibəsində həlak olmuş qəhrəman şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edib. Azərbaycanın incisi sayılan Şuşada Prezident, Ali Baş Komandan cənab İlham Əliyev hərbçilər qarşısında çıxış edərək bir daha dövlətimizə qarşı qərəzli siyasət aparanlara, məkrli planlar quranlara açıq şəkildə xəbərdarlıq etdi, mesajlar ünvanladı. Ölkə rəhbəri çıxışı zamanı "Şuşa Azərbaycan xalqının ürəyidir, canıdır, hər bir azərbaycanlı üçün müqəddəs yerdir", - deyərək son iki il ərzində Şuşada on dəfədən çox olduğunu bildirib. Alınmaz qala sayılan Şuşanı iki il bundan əvvəl erməni işğalından azad edən Azərbaycan Silahlı Qüvvələrinin şanlı tarix yazdığını, Azərbaycan xalqı, gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklərini deyən cənab Prezident qəhrəman övladlarımızın dağlardan, meşələrdən, dərələrdən, cığırlardan bu uzun məsafəni qət edərək, qanlı döyüşlərdə düşməni məğlub edərək Şuşaya yaxınlaşdığını, ondan sonra sıldırım qayalara dırmaşaraq, yüngül silahlarla şəhər döyüşlərində, əlbəyaxa döyüşlərdə düşməni məğlub edərək torpağımızdan qovaraq üçrəngli bayrağımızı Şuşada qaldırdıqlarını bildirdi. Şuşanın azad edilməsi ilə 28 illik həsrətinə son qoyuldu və xalqımızın tarixi-mədəni irsində xüsusi yeri olan Şuşanın geri qaytarılması ilə milli qürurumuz da, mənliyimiz də, mədəniyyətimiz də, incəsənətimiz də, tariximiz də azad edildi. Bu, Vətən müharibəsində qələbə demək idi. Şuşanın azad edilməsi son əsrdə Azərbaycan tarixinin ən şanlı qələbəsidir. Qələbə xəbərinin elan edilməsindən öncə dövlət başçısının Ümummilli Lider Heydər Əliyevin ruhu önündə nümayiş etdirdiyi ehtiram, məhz Ulu Öndərin vəsiyyətini yerinə yetirdiyini deməsi Azərbaycanın həm də dövlətçilik prinsiplərinə sahib olduğunu göstərdi. Bu gün Azərbaycan bayrağı Şuşada dalğalanır. Şuşaya bayrağımızın sancıldığı 2020-ci ilin 8 noyabr günü Azərbaycan tarixinə əbədi həkk olundu.
Azərbaycan hər zaman haqqın, ədalətin və sülhün tərəfdarı olub. Azərbaycanın irəli sürdüyü şərtlər ədalətli beynəlxalq hüquqa əsaslanır və sülh müqaviləsi bu şərtlər əsasında imzalanmalıdır. Beləlikə, qazandığımız möhtəşəm Zəfərlə xalqımız dünyada qəhrəman, qürurlu və şərəfli bir millət olduğunu bir daha təsdiq etdi. Sözsüz ki, tariximizin qızıl səhifələri olacaq bu Zəfər gələcək nəsillər üçün də tükənməz iftixar və şöhrət mənbəyi olacaqdır. Ümumilikdə 44 günlük Vətən müharibəsində 30 ilə yaxın işğal altında olan ərazilərimizin azad olunması, münaqişənin bitməsi xalqımızın tarixinə qızıl hərflərlə Zəfərimizi yazdı. Xalqımızın Azərbaycan Prezidenti İlham Əliyevin ətrafında sıx birləşməsi, həmrəyliyi, milli birliyi, vahid amal uğrunda birləşməsi nəticəsində 44 günlük Vətən müharibəsində 30 il ərzində silahlanmış, istehkamlar qurmuş düşmən üzərində Qələbəmizə nail olduq. Bu Qələbə xalqımızın əzmini, qəhrəmanlığını bütün dünyaya nümayiş etdirdi və sübut etdi ki, Azərbaycan xalqı qələbəni döyüş meydanında əldə etdi.
Vətən müharibəsinin başa çatmasından ötən qısa müddət ərzində Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işləri dövlətimizin iqtisadi gücünün göstəricisidir. Bu gün Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur və bərpa edilir. Həmin ərazilərdə irimiqyaslı infrastruktur layihələr icra olunur, hava limanları, elektrik stansiyaları, sosial binalar, yaşayış evləri inşa edilir, dəmir yolları, avtomobil yolları, tunellər tikilir, körpülər salınır, yaşayış məntəqələrimiz yenidən bərpa edilir. Bu gün Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə ölkəmizin müharibədən qısa müddət keçməsinə baxmayaraq, bütün sərhəd boyunca yeni hərbi hissələrin qurulması, Ordumuzun yeni silah və son model hərbi texnika ilə təchiz edilməsi həm də dövlətimizin gücünü göstərir. Bunun nəticəsidir ki, bu gün Ordumuz əvvəlkindən də güclüdür. Ölkəmizdə vətənpərvər gənclər ordusu yetişmişdir. 44 günlük Vətən müharibəsində Azərbaycan dünyaya siyasi və hərbi gücünü göstərdi. 2020-ci il noyabrın 10-da Azərbaycanın Qələbəsini təsdiqləyən üçtərəfli Bəyanat imzalandı. Çox təəssüflər olsun ki, bu gün də təcavüzkar Ermənistanı dəstəkləyən, Azərbaycana qarşı məkirli siyasət aparan ölkələr mövcuddur. Lakin Ermənistan anlamalıdır ki, bu kimi qüvvələrə arxayınlaşmaq onlar üçün fəlakət ola bilər. “Fərrux” əməliyyatı, “Qisas” əməliyyatı, 13-14 sentyabr Ermənistan-Azərbaycan sərhədindəki hadisələr Ermənistan üçün dərs olmalıdır. Əgər erməni xalqı qonşuluq şəraitində yaşamaq istəyirsə, Ermənistan 2020-ci ilin 10 noyabr Bəyanatının bütün müddəalarını yerinə yetirməlidir. Heç şübhəsiz ki, Zəfər günündə Prezident İlham Əliyevin Ermənistanın havadarlarına ünvanladığı mesajlar da dövlət başçısının qətiyyətli mövqeyini bir daha ifadə etmiş oldu. Prezident İlham Əliyevin erməni xalqına ünvanlandığı mesajlarda bölgəmizdə sülhün və sabitliyin təmin edilməsinə çağırış Azərbaycanın sülhsevər siyasətinə dəlalət edir.
Ayaz Cəbrayılov,
Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası