Cəmiyyətdə böyük nüfuza malik olan Yeni Azərbaycan Partiyasının yaranmasından 30 il keçir. 21 noyabr 1992-ci il ictimai-siyasi və fikir tariximizin ən əlamətdar və unudulmaz təqvimlərindən biridir.
Ölkəmizdə ictimai-siyasi sabitliyin gərgin olduğu, və hərc-mərcliyin tüğyan etdiyi həmin tarixdə Ümummilli Lider Heydər Əliyevin banisi olduğu, xalqın inandığı və güvəndiyi bir siyasi təşkilat - Yeni Azərbaycan Partiyası yarandı. Bununla da müstəqil dövlətimizin memarı, Ulu Öndər Heydər Əliyev yeni partiyanın təməlini qoydu və Yeni Azərbaycan Partiyası zamanın tələbindən yarandı. Elə bir zamanın ki, bu zaman hər şeyi diktə etməyə qadirdir. Yenicə müstəqillik qazanan Azərbaycanda bu partiya dövlətçiliyin keşiyində dayanan siyasi qüvvəyə çevrildi. “Dünənin, bu günün və gələcəyin partiyası” olan Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanımızın dövlətçilik tarixində yeni bir yüksəliş mərhələsinin əsasını qoydu. Yeni Azərbaycan Partiyasının Sədri, dövlət başçısı, cənab İlham Əliyev partiyanın keçdiyi keşməkeşli yolu belə dəyərləndirmişdir: “Yeni Azərbaycan Partiyası güclü təşkilatdır və Azərbaycanın ictimai-siyasi həyatında müstəsna rola malikdir. Heç bir siyasi qüvvə Yeni Azərbaycan Partiyası ilə rəqabət aparmaq iqtidarında deyil. Bu partiyaya mənim də münasibətim eynidir. Mən də öz siyasi fəaliyyətimi partiyasız təsəvvür etmirəm. Əminəm ki, biz hamımız birlikdə həm partiyamızı daha da gücləndirəcəyik, həm də ölkəmizi daha da inkişaf etdirəcəyik. Azərbaycan müasirləşəcək, güclənəcək, çox zəngin, qüdrətli dövlətə çevriləcəkdir”.
Bu gün Ümummilli Lider Heydər Əliyevin qoyduğu tarixi ənənələr Yeni Azərbaycan Partiyası tərəfindən sədaqətlə həyata keçirilməkdədir. Bu tarixi reallığı müdrik Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev qətiyyətli, dönməz siyasəti ilə gerçəkləşdirir.
Bu gün Yeni Azərbaycan Partiyasının regionda ən nüfuzlu partiya olmasının başlıca səbəblərindən biri də təşkilatın bölgələrdə göstərdiyi uğurlu, müvəffəqiyyətli və səmərəli nəticələridir.
Yeni Azərbaycan Partiyası bu gün Cənubi Qafqazda, bütövlükdə, beynəlxalq münasibətlər sistemində özünün bütün müsbət keyfiyyətləri ilə fərqlənməkdədir. 760 mindən artıq üzvü olan Yeni Azərbaycan Partiyasının arxada qoyduğu möhtəşəm və tarixi 30 ilə nəzər yetirdikdə, vurğulaya bilərik ki, YAP qüdrətli ictimai-siyasi təşkilat olmaqla, dünya miqyasında fəaliyyət göstərən ən güclü siyasi təşkilatlar sırasındadır. Dünyanın sağ mərkəzçi hakim partiyaları ilə YAP-ın geniş və hərtərəfli əməkdaşlıq əlaqələri mövcuddur. Hakim iqtidar partiyası olaraq, son illər keçirilən prezident, parlament və bələdiyyə seçkilərində əldə etdiyi uğurlar onu deməyə əsas verir ki, Yeni Azərbaycan Partiyası xalq arasında nüfuz qazanmaqla yanaşı, daim qalib partiya olduğunu sübut edir. Bu baxımdan da, qədirbilən Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyev ideyalarını özündə əks etdirən Yeni Azərbaycan Partiyasına böyük diqqət və qayğı, tükənməz məhəbbət hissi ilə yanaşır. Bütün bunlar isə cəmiyyətin sosial münasibətlər sistemində Yeni Azərbaycan Partiyasının aparıcı siyasi bir güc mərkəzinə çevrilməsində mühüm töhfə kimi qiymətləndirilir. Populyarlığına, reytinqinə, cəmiyyətdə aparıcı mövqe tutmasına, üzvlərinin sayına, ideya-siyasi xəttinə görə, hər zaman öndə gedən bu partiyanın siyasi qüvvə kimi ölkədə real, ciddi alternativi yoxdur.
Cavid Mehdizadə,
YAP Xətai rayon təşkilatının fəalı
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası