17 noyabr 2022 13:00
484

Türkdilli ölkələr arasında əməkdaşlıq keyfiyyətcə yeni mərhələyə qədəm qoydu

Məlumdur ki, noyabrın 11-də Səmərqənddə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, cənab Prezident İlham Əliyev, digər dövlət və hökumət başçılarının iştirakilə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü keçirilib.

Ümumiyyətlə son dövrlər Azərbaycan ilə Mərkəzi Asiya ölkələri, həmçinin Özbəkistan arasında münasibətlərdə də canlanma müşahidə olunmaqdadır. Prezidentimiz cənab İlham Əliyev istər Türk Dövlətləri Təşkilatı çərçivəsində, istərsə də təşkilata üzv ölkələrlə ikitərəfli formatda dostluq və əməkdaşlıq əlaqələrinin genişləndirlməsini və inkişafını daim diqqət mərkəzində saxlayır. O cümlədən bu gün Azərbaycan-Özbəkistan ikitərəfli münasibətlərinin intensivliyi diqqəti cəlb edir.

Azərbaycan və Özbəkistan arasında diplomatik münasibətlər 1995-ci il oktyabrın 2-də qurulub. Ölkələrimiz müstəqilliklərini bərpa etdikdən sonra 1996-cı ilin ortalarında Azərbaycanın Özbəkistanda, 1998-ci ilin mayında isə Özbəkistanın Bakıda səfirlikləri fəaliyyətə başlayıb. İki ölkə prezidentləri arasında sıx dialoq və qarşılıqlı anlaşma sayəsində yüksək strateji əməkdaşlıq səviyyəsi əldə olunub. Bir faktı demək kifayətdir ki, cənab Prezident İlham Əliyev son 7 ayda artıq üç dəfə Özbəkistana səfər etmişdir və bu səfərlər zamanı aparılan müzakirələr onu göstərir ki, Azərbaycan-Özbəkistan əlaqələri daha da yüksək səviyyəyə qalxmışdır.

 Cənab Prezident İlham Əliyevin 11 noyabr tarixində Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü zamanı çıxışında da qeyd etmişdir ki, “Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq. 2009-cu ildə Naxçıvan Zirvə Görüşündən başlayaraq Türk Dövlətləri Təşkilatı böyük inkişaf yolu keçmişdir. Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir. Əlbəttə ki, bütün bu potensialın Türk dünyasının birlikdə daha da güclənməsinə yönəldilməsi bu günümüzün ən vacib məsələlərindəndir”

    IX Zirvə Görüşündə türk dünyası böyük bir ailə adlandıran Prezident cənab İlham Əliyev vurğuladı ki, türk dünyası bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməlidir. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq. Türk dünyasının təkcə müstəqil türk dövlətlərindən ibarət olmadığını, onun coğrafi sərhədlərinin daha geniş olduğunu  diqqətə çatdıran Azərbaycan Prezidenti öz çıxışı ilə  Təşkilat qarşısında bir sıra mühüm vəzifələr də müəyyənləşdirdi. Belə ki, Prezident cənab İlham Əliyev Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşların hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələlərin artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vacibliyindən də söz açdı. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev eyni zamanda onu da bildirdi ki, gənc nəslin yaşadıqları digər ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur. Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları daim təşkilatın gündəliyində olmalıdır. Öz çıxışında Azərbaycan dövlətinin xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquq və azadlığının, təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirdiyini qeyd edən Prezident cənab İlham Əliyev taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətənləri ilə əlaqələrin heç vaxt kəsilməməsi üçün dövlətimizin üzərinə düşən bütün işləri görəcəyini bildirdi.

    Azərbaycan ilə Türkiyənin birgə reallaşdırdığı nəhəng layihələrin dünya miqyasında mühüm əhəmiyyətini xüsusi qeyd edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında bildirdi ki,  “Bakı-Tbilisi-Ceyhan neft boru kəməri qlobal miqyasda ən uğurlu enerji layihələri arasındadır. Cənub Qaz Dəhlizi isə Avropaya qaz nəql edəcək dördüncü arteriya olaraq layihələndirilib. Onurğa sütununu Trans-Anadolu təbii qaz boru kəmərinin təşkil etdiyi bu dəhliz əlavə qaz tədarükü ilə daha da genişləndirilə bilər. Xəzər hövzəsi bunun üçün ağla ilk gələn mənbədir. Enerji sahəsində təşkilatımızın nəzdində və ikitərəfli səviyyədə əməkdaşlıqla həyata keçirəcəyimiz ortaq layihələrə bu baxımdan böyük önəm veririk”.

Azərbaycan işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işləri aparır. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması üçün “Böyük Qayıdış” proqramının icrasına başlanılıb. Ölkə başçısı bu prosesdə Türkiyə şirkətlərinin podratçı kimi bir çox infrastruktur layihələrində fəal iştirak etdiklərini də vurğuladı.  Prezident cənab İlham Əliyev bundan əlavə, işğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistan tərəfindən məktəb tikiləcəyini, Qazaxıstan tərəfindən isə yaradıcılıq mərkəzinin inşa olunacağını da qeyd etdi. Qarabağ münaqişəsinin tarixdə qaldığını bildirən Prezident cənab İlham Əliyev İkinci Qarabağ müharibəsinin nəticələrinin bölgə üçün yeni imkanlar açdığını, bütün region ölkələrinin faydalanacağı Zəngəzur dəhlizinin yaradılması üçün ölkəmizin öz ərazisində genişmiqyaslı fəaliyyət həyata keçirdiyini diqqətə çatdırdı.  Qardaş Özbəkistan 44 günlük İkinci Vətən müharibəsindəki parlaq Qələbəmizlə artıq tarixdə qalmış Qarabağ münaqişəsinin həllində hər zaman Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib, dəfələrlə beynəlxalq təşkilatlar, ikitərəfli və çoxtərəfli görüşlər çərçivəsində dövlətimizin ərazi bütövlüyü ilə bağlı birmənalı mövqeyini qətiyyətlə ifadə edib. Qürurvericidir ki, Özbəkistan artıq azad Qarabağdakı quruculuq işlərinə qoşulub. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin bilavasitə təşəbbüsü ilə Özbəkistan dövlətinin vəsaiti hesabına Füzuli rayonunda böyük məktəbin inşasının layihəsi Azərbaycan hökumətinə təqdim olunub. Son zamanlarda türk dövlətlərinin malik olduğu potensial, müsəlman ölkələri arasında intensivləşən bu cür görüşlər, türkdilli dövlətlərin dünyada yeni güc mərkəzinə çeviriləcəyinin müjdəsidir.

Arzu Əliyeva,
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı