Bu sənəd Cənubi Qafqazdakı vəziyyətə tamamilə qərəzli və birtərəfli baxışdır, sülh prosesinə kölgə salır, eyni zamanda, Azərbaycan-Fransa münasibətlərinə də zərbə vurur
Artıq tarixin arxivinə verilmiş Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məqsədilə yaradılan və artıq uğursuz “missiyası” başa çatan ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biri statusunda hər hansı konstruktiv fəaliyyəti əsla nəzərə çarpmayan, əksinə daim işğalçının tərəfini saxlayan Fransa postmüharibə mərhələsində də Ermənistanın işğalçılıq siyasətini dəstəkləyir və onu pozuculuq fəaliyyətində həvəsləndirir. Növbəti biabırçı tərəfkeşlik isə Fransa Senatından gəldi… O, Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan bədnam qətnamə qəbul etdi. Qətnamədə ölkəmizə qarşı bir sıra əsassız müddəalar yer alıb. Belə ki, Azərbaycan “çoxsaylı təcavüzkar hərəkətlərdə” ittiham edilir, ölkəmizin Laçın dəhlizindən çıxması tələbi irəli sürülür, Fransa hakimiyyətinə Avropa İttifaqı miqyasında “Azərbaycandan idxal edilən qaz və neftə embarqo qoyulmasına başlamaq” və Qarabağdakı Azərbaycan ərazilərində özünün “humanitar bürosunu” yaratmaqla bağlı çağırış edilir.
Xatırladaq ki, 2020-ci ilin yenə də noyabr ayında Fransa Senatı qondarma “Dağlıq Qarabağ respublikası”nın “müstəqilliyinin” tanınması barədə qətnamə qəbul etmişdi. Aradan iki il vaxt ötüb. Dəyişən isə heç nə yoxdur. Məlum qətnaməni Senatın arxivində toz basmaqdadır. “Dağlıq Qarabağ respublikasının müstəqilliyi” isə dünya çapında ümumiyyətlə yada düşmür, müzakirə predmeti deyil və bundan sonra da belə olacaq.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin məlum qətnamə ilə bağlı yaydığı məlumatda qeyd edilib: “15 noyabr 2022-ci il tarixində Fransa Senatında qəbul edilmiş “Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi” adlı qətnamə tamamilə həqiqətdən uzaqdır, yalan və iftira dolu müddəaları əks etdirir və açıq təxribat xarakteri daşımaqla Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə xələl gətirilməsinə xidmət edir.”
Vurğulanıb ki, Senat tərəfindən qəbul edilən və hər hansı hüquqi qüvvəyə malik olmayan bu qətnamə sülh prosesinə öz töhfəsini vermək niyyətini bəyan etmiş ölkə kimi Fransanın növbəti dəfə qərəzli və birtərəfli siyasi mövqeyini bariz şəkildə nümayiş etdirir.
Ümumiyyətlə, qətnamədə qeyd edilən və reallıqlardan uzaq iddialar onun müəlliflərinin tarixi faktlardan və bölgədəki hazırkı vəziyyətdən xəbərsiz olmasını göstərir.
Qətnamədə “Dağlıq Qarabağ” adlandırılan qondarma qurumla bağlı cəfəng fikirlərlə əlaqədar senatorlara bir daha xatırladırıq ki, beynəlxalq səviyyədə tanınan ərazimiz olan Qarabağ bölgəsi Azərbaycanın ayrılmaz tərkib hissəsidir, bu bölgədə yaşayan erməni əsilli əhalinin hüquqları və təhlükəsizliyi Azərbaycanın daxili məsələsidir və bunlar Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq təmin ediləcək. Senatın bu qətnaməsi Ermənistandakı revanşist qüvvələri həvəsləndirməklə, bölgədə sülh, sabitlik və tərəqqiyə xidmət etmir və qətnamənin adında qeyd olunduğu “dayanıqlı sülhün təşviq edilməsindən” çox uzaqdır.
Fransa tarixinin hər səhifəsi başqa xalqlara qarşı edilmiş cinayətdir. Fransa Senatı tarixi keçmişlərindən xəcalət çəkmək əvəzinə belə qanunsuz və qərəzli qərar qəbul edir. Yalnız tövsiyə xarakteri daşıyan budəfəki qətnamə də Fransa Senatının fransız xalqının iradəsini lobbi maraqlarına qurban verməsinin növbəti bariz göstəricisidir. Qətnamə əsassız ittihamlara və faktoloji mənbəyi olmayan mülahizələrə istinadən hazırlanıb.
Sözügedən qətnamə Fransanın Azərbaycanla münasibətlərdə etibarlı və dayanıqlı tərəfdaş olmadığını göstərir. Belə olan təqdirdə Fransanın Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasna töhfə verməsi mümkünsüz görünür, eyni zamanda, Cənubi Qafqazda gedən proseslərdə iştirakı da öz mənasını itirir. Bununla da özünü demokratiyanın beşiyi kimi qələmə verən Fransa əsl simasını göstərmiş oldu və işğalçı Ermənistandan heç nə ilə fərqlənmədiyini nümayiş etdirdi.
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın Fransa Senatında Azərbaycan əleyhinə qəbul edilmiş qətnaməsinə dair bəyanatında bildirilib ki, 15 noyabr 2022-ci il tarixində Fransa Senatında qəbul edilmiş “Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi” adlı qətnamə qərəzli, həqiqətdən kənar, ikili standartlara yönəlik bir kağız parçası olmaqla bərabər Fransa Respublikasında beynəlxalq hüququn, beynəlxalq humanitar hüququn və beynəlxalq insan hüquqları hüququnun süqut etdiyinin bariz göstəricisidir.
Diqqətə çatdırılıb ki, 30 il ərzində Azərbaycanın tarixi torpaqlarını işğal altında saxlayan Ermənistana qarşı heç bir fikir bildirməyən Fransa hökumətinin ölkəmizə bu cür münasibəti onun həm də insan hüquq və azadlıqlarına hörmətsizliyinin bariz nümunəsidir. Ermənistanın siyasi-hərbi hakimiyyətinin törətdiyi vandalizm aktları nəticəsində xeyli sayda uşaq və qadın olmaqla, minlərlə mülki şəxs həyatını itirmiş və ya yaralanmış, eyni zamanda regionda ciddi humanitar problemlər ortaya çıxmışdır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi üzrə qətnamələri də icra olunmayaraq kağız üzərində qalmışdır. Azərbaycan Respublikası isə bütün bunlara baxmayaraq Ermənistanla aralarında olan gərginliyi azaltmağa yönələn fəaliyyət həyata keçirmiş, dünya ölkələrindən beynəlxalq hüquq çərçivəsində haqlı mövqe sərgiləmələrini tələb etmişdir.
Bəyanatda o da vurğulanıb ki, Azərbaycan torpaqlarının 30 ilə yaxın bir müddətdə Ermənistan tərəfindən işğalı, mülki əhaliyə qarşı törədilmiş qırğınlar, şəhər və kəndlərin talan edilməsi, yüzminlərlə məcburi köçkünlərin hüquqlarının qəddarcasına tapdanması, Ermənistanın Azərbaycanın tarixi torpaqlarında etnik təmizləmə siyasəti həyata keçirməsi, işğal müddətində və 2020-ci ilin Vətən müharibəsindən sonra torpaqlarımızın minalarla çirkləndirilməsi ilə bağlı faktlar da qəbul edilən qətnamədə nəzərə alınmamışdır.
Bu məqam da xatırladılıb ki, Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya unutmamışdır. Fransa yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə aparmış, soyqırım siyasəti yürütmüş, 1,5 milyon əlcəzairlinin ölümünə səbəb olmuşdur. Fransa Senatının üzvləri tarixdən dərs götürmələri əvəzinə bu qətnamə ilə milli və dini ədavəti qızışdırmaqla yeni münaqişə ocaqları yaratmaq istəyirlər.
Fransa kimi ölkənin dövlət maraqlarını erməni lobbisinə qurban verməsi təəccüb doğursa da, görünən odur ki, Emmanuel Makronun rəhbərlik etdiyi komanda sülh və sabitliyi deyil, terroru, münaqişəni və işğalı dəstəkləyir. Bütün bu kimi faktlardan sonra Fransanın dövlət başçısı hansı mənəvi haqla ölkəsinin sülyaratma prosesində iştirakı barədə danışa bilər?
Azərbaycan regionda davamlı sülhə nail olmaq üçün bütün səylərini səfərbər etdiyi vaxtda fransız siyasətçilər və parlamentarilər təhlükəli mövqeləri ilə regionda sülhün bərpa edilməsində maraqlı olmadıqlarını göstərir və qərəzli çıxışları ilə vəziyyəti daha da mürəkkəbləşdirirlər. Fransanın birtərəfli davranışdan əl çəkməsi və daha tarazlaşdırılmış mövqe tutması çox vacibdir. Birtərəfli ittihamlar və sanksiyalarla vəziyyəti gərginləşdirmək olmaz. Fransa Senatı qərəzli qətnamələr qəbul etmək əvəzinə regionda sülhə, sabitliyə və tərəqqiyə xidmət edən, ölkənin maraqlarına uyğun gələn və regionun davamlı inkişafına töhfə verəcək fəaliyyətlərlə məşğul olsa daha çox inam və etibar qazana bilər. Fransa Senatı onun adına rüsvayçılıq olan bu qətnamədən imtina edərək tarixi səhvini düzəltməli, terrorçu Ermənistanın haqsız iddialarını müdafiə etməklə Cənubi Qafqazda yeni qarşıdurmanın baş verməsini tətikləməməlidir. Hüququn da, ədalətin də tələbi hamı üçün aydındır və Fransa da hər kəs kimi bu tələbə hörmətlə yanaşmalıdır.
Yaqut Ağaşahqızı, “İki sahil”
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası