16 noyabr 2022 17:09
580

İran hakimiyyətində Azərbaycan dövlətinə qarşı həmişə bir qısqanclıq olub

Cənub qonşumuz İran Azərbaycanın uğurlarına daim qısqanclıqla yanaşıb. Bu istər Azərbaycanda din pərdəsi altında radikal qruplaşmaların yaradılmasında və qızışdırılmasında, istər rəsmi şəxslərin zaman-zaman Azərbaycanın suverenliyini və mövcudluğunu şübhə altına alan bəyanatları, istər Azərbaycanın Qarabağ bölgəsini işğal altında saxlamış Ermənistanla sıx siyasi-iqtisadi əməkdaşlıq qurmasında, istərsə də Azərbaycanın Vətən Müharibəsində qələbəsindən sonra ölkəmiz üçün yaranmış yeni əlverişli geosiyasi reallığı qəbul etməməsində özünü büruzə verir. Ötən ayın ortalarında İİR Silahlı Qüvvələri Azərbaycan sərhəddində hərbi təlimlər keçirdi.

Bunun ardınca da bəzi İran rəsmiləri, diplomatları və deputatları Azərbaycanla bağlı kəskin bəyanatlar və fikirlər səsləndirdilər və daxili işlərimizə müdaxilə edən açıqlamalar verdilər. Bu amillər də tərəflər arasındakı münasibətləri daha da gərginləşdirdi. Beynəlxalq iqtisadi təhlilçilər belə hesab edirlər ki, bu, iki ölkənin ərazisində və regionda sabitliyə böyük zərbədən başqa, böyük bir böhranın yaranmasına, həm də tərəflər üçün mümkün iqtisadi itkilərin artmasına səbəb ola bilər.

İstər cümhuriyyət dövründə, istərsə də indi, İran hakimiyyətində Azərbaycan dövlətinə qarşı həmişə bir qısqanclıq olub və indi də var. Çünki Azərbaycanda Güney Azərbaycan türklərinə nümunə ola biləcək bir dövlət formalaşıb. Nə qədər ki, torpaqlarımız işğal altında idi, İran tərəfi bundan Güney azərbaycanlılara qarşı bir qaxınc kimi istifadə edirdilər, torpaqlarımız işğaldan azad edildikdən sonra isə onlarda bir çaşqınlıq yarandı, çünki bunu heç vaxt gözləmirdi. Ona görə də İranda Azərbaycana qarşı təbliğatlar başladı - istər müharibə dövründə, istərsə də ondan sonra davam edib. Bu təxribatlarda məqsəd İranda yaşayan soydaşlarımızın Azərbaycan sevgisinə qarşı çıxmaq olub. İrandakı molla rejimi yaxşı başa düşür ki, cənubun azadlıq mübarizəsi bir qədər də alovlansa, molla rejimi öz süqutunu yaşayacaq.

İslam Bafadarov,
YAP-ın gənc fəalı