16 noyabr 2022 15:49
395

İran ölkəmizə qarşı silsilə təxribatlar törətməklə məşğuldur

Azərbaycan isə bütün təhdidlərin qarşısını almağa, bütün təxribatlara qarşı lazımi şəkildə cavab verməyə qadirdirMüxtəlif beynəlxalq problem və qarşıdurmalarla zəngin olan dövrümüzün özünməxsus tələbləri var. Və öz inkişafının daimiliyini, həmçinin, təhlükəsizliyini təmin etmək istəyən istənilən dövlət xarici ölkələrlə, ilk növbədə isə yaxın qonşuları ilə bərabərhüquqlu, qarşılıqlı, faydalı münasibətlərə söykənən əməkdaşlıqda maraqlıdır. Azərbaycan Respublikası da, məhz, bu prinsiplərə üstünlük verir. Məlum olduğu kimi, işğalçı Ermənistan istisna olmaqla, Azərbaycan bütün ölkələrlə, o cümlədən, yaxın və uzaq qonşuları ilə dostluq əlaqələrinin inkişaf etdirilməsində maraqlıdır. Daha doğrusu, ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəlişindən sonra bütün ölkələrlə siyasi, iqtisadi, diplomatik münasibətlərin qurulması və əlaqələrin qarşılıqlı etimad əsasında inkişaf etdirilməsi Azərbaycan Respublikasının həyata keçirdiyi xarici siyasətin əsas prioritetlərindən olub. Təbii ki, bu siyasət hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

Azərbaycan İranla bağlı məsələlərə xüsusi həssaslıqla yanaşıbHeç şübhəsiz ölkəmizin sıx əməkdaşlıq etdiyi ölkələrdən biri də İran İslam Respublikasıdır. Bu da təsadüfi deyil. Məlum olduğu kimi, əhalisinin böyük hissəsi, 30 milyon nəfəri azərbaycanlılardan ibarət olan bu ölkə ilə müstəqil Azərbaycan dövlətini mədəni və mənəvi dəyərlər bağlayır. Məhz bunun nəticəsidir ki, ötən müddət ərzində ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən çoxsaylı ikitərəfli sənədlər imzalanıb. Eyni zamanda, Azərbaycan Respublikası istər bir yaxın qonşu olaraq, istərsə də ortaq dəyərlərin daşıyıcısı kimi İranla bağlı məsələlərə hər zaman xüsusi həssaslıqla yanaşıb. Buna misal olaraq İranın nüvə proqramı ilə bağlı müzakirələr zamanı ölkəmizin sərgilədiyi prinsipial mövqeyi qeyd etmək olar.

Məlumat üçün bildirək ki, Azərbaycan bu ölkəyə qarşı hərbi müdaxilələri və siyasi-iqtisadi sanksiyaları dəstəkləmir. Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ-a səfəri zamanı keçirdiyi görüşlər və apardığı danışıqlar zamanı ölkəmizin mövqeyini bir daha açıq şəkildə bəyan edib və bildirib ki, Azərbaycan, İrana qarşı mümkün ola biləcək heç bir potensial əməliyyata qoşulmayacaq.İranın adekvat olmayan münasibətiOnu da əlavə etmək yerinə düşər ki, ölkəmiz eyni zamanda heç vaxt İran İslam Respublikasının daxili işlərinə müdaxilə etməyib. Lakin bütün bunların fonunda qonşu ölkənin atdığı addımlar, ölkəmizə qarşı səprgilədiyi qeyri-səmimi mövqe Azərbaycanda təəssüf və qəzəblə qarşılanmaqdadır. Düzdür, son vaxtlara qədər Azərbaycan tərəfi qonşu dövlətdən ölkəmizə qarşı yönəlmiş təxribatları iki ölkə arasındakı münasibətləri pozmağa çalışan hansısa qüvvələrin əməlinin olduğunu düşünür, yaxud da bunun məhz belə olduğuna inanmağa çalışırdı. Bir sözlə, görünən odur ki, informasiya təhdidləri və təxribatları Azərbaycanın məkanına nüfuz etmək, vətəndaşlar arasında separatizm yaymaq, Azərbaycan dövlətinə itaətsizlik üçün zəmin hazırlamaq, ən nəhayət, ölkə vətəndaşlarını müxtəlif şirnikləşdirici təkliflər vasitəsilə dünyanın bir nömrəli mübarizə obyektinə çevrilən terrorizmə sövq etmək qonşu ölkədən gələn təhdidlər silsiləsidir. ötən hər gün ərzində İran tərəfindən yönləndirilən növbəti “sürpriz” isə qonşu ölkənin bu silsiləni davam etdirmək arzusundan xəbər verir.

Lakin bu qaranlıq planları hazırlayanlar, ölkəmizə qarşı müxtəlif torlar quranlar bir şeyi gözəl dərk etməlidirlər ki, söhbət müstəqil Azərbaycan dövlətindən gedir. Elə bir dövlətdən ki, öz inkişafına görə, Cənubi Qafqazın lider ölkəsidir. Elə bir dövlətdən ki, Avropanın enerji təhlükəsizliyində başlıca rollardan birini oynayır. Elə bir dövlətdən ki, müstəqilliyinin cəmi 31 yaşı olmasına baxmayaraq, artıq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Elə bir dövlətdən ki, onunla hədə, təhdid dilində danışmaq kimsəyə fayda verməz. Nəhayət, elə bir dövlətdən ki, ərazisinə, əhalisinə, əsgərinə qarşı yönəlmiş bütün təhdidlərin qarşısını almağa, bütün təxribatlara qarşı lazımi şəkildə cavab verməyə qadirdir.

Bədiyyə Sadıqova,
YAP-ın gənc fəalı