16 noyabr 2022 14:30
394

Azərbaycan xalqı dəfələrlə cənub qonşumuzun riyakarlığının şahidi olmuşdur

Azərbaycan ikinci dəfə müstəqilliyini əldə etdikdən sonra İran İslam Respublikası 1991-ci il dekabrın 25-də Azərbaycanı rəsmən tanıdı. Hələ qədimdən başlayaraq Azərbaycanın ərazisinə xüsusi marağı olan, onu işğalla öz torpaqlarına qata biləcək bir ov kimi görən bu sözdə İslam Respublikası, əslində isə işğalçı dövlət öz mənfur planlarını pərdə arxasında gizlədərək Azərbaycanın müstəqilliyini tanıyır və zərurətdən diplomatik əlaqələr qurur. Həmin dövrdə Qarabağda davam edən erməni işğalları İranın öz xain planlarını həyata keçirməsinə təkan verməklə yanaşı, regionla bağlı siyasətinin formalaşmasına səbəb olur. Fürsətdən istifadə edərək 1992-ci ilin fevralında İran Ermənistanla diplomatik əlaqələr qurdu, lakin dərhal sonra Ermənistana silsilə yardımlar Azərbaycan cəmiyyətində reaksiya ilə qarşılandı. Əslində elə ilk vaxtlardan öz mənfur xislətini göstərən, “düşmənimin düşməni mənim dostumdur” prinsipi ilə siyasət yürüdən bədxah qonşumuzun qarşısını almaq əlbəttə mümkün idi. Sadəcə öz qonşularına qarşı daim dinc, sülhməramlı münasibət göstərən Azərbaycan, İranın bu hərəkətlərini hər dəfəsində altdan aldı.

Cənub qonşumuzun riyakarlığını Birinci Qarabağ müharibəsində də gördük. Sözdə  Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bildirərkən, əməldə isə Ermənistana yardım etdilər. Hətta onların o vaxtki xarici işlər naziri sonradan etirafında bildirmişdi ki, Ermənistana yardım etməsələr, Azərbaycan daha güclü olardı. Bəli, təəccüb və təəssüf doğuran fakt göz qabağındadır. Vətən müharibəsinə qədər, hətta müharibədən sonra bir il ərzində Azərbaycanla heç bir problemi olmayan İran Zəngəzur dəhlizi məsələsi aktuallaşandan dərhal sonra yenidən aqressiv ritorikasını bərpa edib, təhdid dolu bəyanatlar səsləndirməyə başlayıb. İranın şimal-qərb bölgəsi ilə həmsərhəd olan Azərbaycan torpaqlarına Ermənistanın nəzarət etməsi siyasi baxımdan da Tehran üçün əlverişlidir. Bu, Azərbaycanla İranın azərbaycanlılar yaşayan şimal-qərb bölgələri arasında “bufer zona”sı demək idi. Azərbaycanın işğaldan azad edilmiş torpaqları isə, təkcə Ermənistanın deyil, həm də İranın üz qarasıdır. Çünki bu torpaqların viran qoyulmasında, məscidlərin tövləyə çevrilməsində, ziyarətgahların dağıdılmasında, müsəlman azərbaycanlıların qəbirlərinin dağıdılmasında, təhqir olunmasında İranın Ermənistana verdiyi sonsuz dəstəyin də rolu var.

Ermənistana açıq dəstək olmaqla özünü İslam dövləti, idarəetməsini İslam idarəetməsi adlandıran molla rejimi həm dini dəyərləri həm də əxlaqi dəyərləri tapdalıyır. Bunun da iqtisadi səbəblərindən əvvəl həm də siyasi səbəbləri var. Bu isə İrandakı mövcud etirazlarla bağlıdır. Hansı ki, hər dəfə İranda etiraz dalğaları artıqca cənubi azərbaycanlıların istiqlal ideyaları mürtəce fars hökümətini qorxuya salır. Hökümət başa düşür ki, dini idarəetmənin Cənubi Azaərbaycanda heç bir sosial dayağı yoxdur. Buna görə də müxtəlif yollarla ölkəmizdə zəif iradəli insanları öz təsiri altına salmağa çalışırlar. Bu isə dövlətçiliyimizə qarşı təxribatdır və bu təxribatın bütün iştirakçıları tezliklə  ifşa olunacaqdır. Kimliyindən asılı olmayaraq həmin insanlar layiqli cəzasını alacaqdır.

Səba Rzayeva,
YAP-ın gənc fəalı