16 noyabr 2022 16:40
571

Şuşadan Ermənistana növbəti xəbərbarlıq

Noyabrın 8-də  Möhtərəm Prezident cənab  İlham Əliyev  Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə iştirak edib.

Cənab Prezident  İlham Əliyev tədbirdə çıxış edərək  Azərbaycan xalqını  Zəfər Günü münasibətilə təbrik edib və  Vətən müharibəsində həlak olmuş qəhrəman şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edib. Prezident  Şuşanı iki il bundan əvvəl erməni işğalından azad edən əsgərlərimizin şanlı tarix yazdığını xüsusilə vuğulayib.

Şuşanın azad edilməsi ilə 28 illik həsrətinə son qoyuldu və xalqımızın tarixi-mədəni irsində xüsusi yeri olan Şuşanın geri qaytarılması ilə milli qürurumuz da, mənliyimiz də, mədəniyyətimiz də, incəsənətimiz də, tariximiz də azad edildi. Bu, Vətən müharibəsində qələbə demək idi. Şuşanın azad edilməsi son əsrdə Azərbaycan tarixinin ən şanlı qələbəsidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq!“ cümlələri Azərbaycanın son yüz illik tarixinin ən möhtəşəm müjdəsi idi. Qələbə xəbərinin elan edilməsindən öncə dövlət başçısının ümummilli lider Heydər Əliyevin ruhu önündə nümayiş etdirdiyi ehtiram, məhz ulu öndərin vəsiyyətini yerinə yetirdiyini deməsi Azərbaycanın həm də dövlətçilik prinsiplərinə sahib olduğunu göstərdi. 

Cənab Prezident İlham Əliyev qeyd edib ki, alınmaz Şuşanı qəhrəman oğullarımız azad edərkən Vətən uğrunda, torpaq uğrunda ölümə gediblər. Biz bilirdik ki, Şuşasız qələbə tam qələbə deyil. Bizim məqsədimiz Şuşanı işğaldan azad etmək idi. Şuşanın azad edilməsi müharibənin taleyini həll edirdi. Şuşa 28 il sonra 2020-ci il 8 noyabrda Ali Baş Komandanımızın rəhbərliyi ilə geri qaytarıldı, Azərbaycanın 28 illik Şuşa yarası sağaldı.Bu gün Azərbaycan bayrağı Şuşada dalğalanır. Şuşaya bayrağımızın sancıldığı 2020-ci ilin 8 noyabr günü Azərbaycan tarixinə əbədi həkk olundu. Şuşa öz sahibinin oldu. 

Ölkə rəhbəri Şuşada Ermənistana növbəti dəfə xəbərdarlıq edərək, İkinci Qarabağ müharibəsinin dərslərini unutmamalı olduqlarını onlara bir daha xatırlatdı. Qeyd edib ki, Ermənistanda istər iqtidar, istər müxalifət, istərsə də xaricdən göndərilmiş, öyrədilmiş hansısa ünsür yenidən  Azərbaycana qarşı hansısa bəd fikirdə olarsa, onlarin bizim yumruğumuzu bir daha görəcəklər. “Fərrux” əməliyyatı, “Qisas” əməliyyatı, 13-14 sentyabr Ermənistan-Azərbaycan sərhədindəki hadisələr Ermənistan üçün dərs olmalıdır. 

İşğaldan azad edilmiş ərazilərimizdə iki il ərzində böyük quruculuq işləri görülüb.Bu gün Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur və bərpa edilir.  Bu gün Müzəffər Ali Baş Kamandanımızın rəhbərliyi ilə ölkəmizin müharibədən qısa müddət keçməsinə baxmayaraq, bütün sərhəd boyunca yeni hərbi hissələrin qurulması, Ordumuzun yeni silah və son model hərbi texnika ilə təchiz edilməsi həm də dövlətimizin gücünü göstərir. Bunun nəticəsidir ki, bugün Ordumuz əvvəlkindən də güclüdür. Əgər erməni xalqı  qonşuluq şəraitində yaşamaq istəyirsə, Ermənistan  2020-ci ilin 10 noyabr Bəyanatının bütün müddəalarını yerinə yetirməlidir.

Azərbaycan hər zaman  haqqın, ədalətin və sülhün tərəfdarı olub. Azərbaycanın irəli sürdüyümüz şərtlər ədalətli beynəlxalq hüquqa əsaslanır və sülh müqaviləsi bu şərtlər əsasında imzalanmalıdır.Beləlikə, qazandığımız möhtəşəm Zəfərlə xalqımız dünyada qəhrəman, alnıaçıq, qürurlu və şərəfli bir millət olduğunu  bir daha təsdiq etdi. Sözsüz ki, tariximizin qızıl səhifələri olacaq bu Zəfər gələcək nəsillər üçün də tükənməz iftixar və şöhrət mənbəyi olacaqdır.

Rövlan Heydərov,
YAP Naftalan şəhər təşkilatının sədri