15 noyabr 2022 15:42
592

YAP yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçib

Sovet imperiyası daxilindəki etirazlar onun dağılmasına və tərkibindəki Respublikaların müstəqilliyini qazanması ilə nəticələndi. Lakin 70 il müstəmləkə şəraitində yaşamış dövlətlərin siyasi və iqtisadi gücünü müstəqil şəkildə formalaşdırması müəyyən zaman tələb edir. Azərbaycan da digər Respublikalar kimi XX əsrin 90-cı illərində çətin, mürəkkəb siyasi mərhələdən keçmişdir. Bir tərəfdən yeni müstəqil dövlətin siyasi, iqtisadi çətinlikləri, digər tərəfdən ermənilərin əsazsız Qarabağ iddiaları Azərbaycanın müstəqilliyinə təhlükə yaradırdı.

Sovet rejimində yalnız bir siyasi partiya mövcu idi. Bütün ideoloji baxışlar vahid prinsip əsasında formalaşmış və başqa siyasi yanaşma tərzi imkansız idi. Müstəqillik dövründə isə azadfikirlilik və demokratik şəraitdə insanların hər birinin fikrinə hörmətlə yanaşılaraq müxtəlif siyasi partiyalar yarandı. Lakin müstəqilliyin ilk illərində əksər siyasi partiyaların səriştəsizliyi yaranmış qarışıqlığı, siyasi və iqtisadi böhranı daha da məhvə sürükləyirdi. Məhz belə bir vaxtda, 16 oktyabr 1992-ci ildə ölkənin taleyini düşünən 91 nəfər ziyalının təşəbbüsü və imzası ilə o dövrdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, təcrübəli dövlət xadimi Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın müxtəlif sahələri əhatə edən nüfuzlu ziyalıların müraciəti sonralar tarixdə “91-lərin müraciəti” kimi yadda qaldı. Bu müraciətdə yeni yaradılacaq partiyaya onun rəhbərlik etməsi xahiş olunurdu.  O dövrdə xalqın müraciətini qəbul edən Ulu Öndər  Heydər Əliyevin Bakıya gəlməsinə maneələr yaradılırdı. Ona görə də, 21 noyabr 1992-ci ildə  yeni partiyanı yaratmaq istəyən Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin bir hissəsi - 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə nail oldular. Təsis konfransında Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsi qəbul edildi, yekdilliklə Ulu Öndər Heydər Əliyev yeni yaranmış partiyaya Sədr seçildi.

1992-ci il dekabrın 18-də Yeni Azərbaycan Partiyası Ədliyyə Nazirliyindən qeydiyyatdan keçərək qısa müddətdə rayon təşkilatlarını yaratdı. Partiyanın təsis konfransında qəbul olunmuş Proqram və Nizamnaməsi 1999-cu il dekabrın 20-21-də keçirilən I Qurultayında geniş şəkildə müzakirələr, əlavə və dəyişikliklərdən təsdiq olunmuşdur.

Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının siyasi həyatında, xüsusən, müstəqillik qazandıqdan sonra ölkədə yaranmış böhranlı vəziyyətdən çıxmaq istiqamətindəki xidmətləri göz qabağındadır. 30 ildir ki,  Yeni Azərbaycan Partiyasının ölkə siyasətində aparıcı rol oynayır. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasi yolunu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir.

Bahar Məmmədova,
Bakı şəhəri, Xətai rayon İlqar Mirzəyev adına 98 №li tam orta məktəbin Təlim Tərbiyə İşləri üzrə direktor müavini,
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilat sədri