15 noyabr 2022 16:32
567

İranın regional siyasətində riyakarlıq və təxribatçılıq var – Aydın Hüseynov

“İran qonşuluq prinsiplərinə xələl gətirən ölkədir, Üzdə özünü müsəlman ölkə kimi təqdim edir, amma niyyəti heç də Ermənistanın niyyətindən o yana deyil. Azərbaycana qarşı riyakar davranan İran  30 il müddətində ölkəmizin ərazi bütövlüyünü tanıdığını deyir, amma təcavüzkar Ermənistana dəstək verməklə regionda gərginlitin artmasında maraqlı olduğunu gizlətmir. Bu gün məğlub Ermənistan Azərbaycanın sülh təklifini dəstəkləmək istəyir, amma İran da daxil olmaqla bəzi güclər İrəvana dəstək göstərməklə prosesi ləngidir, regionda sülhün yaranmamasına çalışırlar. Biri maddi dəstək verir, digəri silah satır, İran da daxil olmaqla bəzi ölkələr silahı da, maddi dəstəyi də heç bir qarşılıq gözləmədən göstərirlər”.

“İki sahil” xəbər verir ki,  bunu Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, İran etibarsız qonşudur: “Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış 10 noyabr bəyanatında Zəngəzur dəhlizi ilə bağlı konkret bir maddə yazılıb. Amma İran Qarabağ münaqişəsinin bitməsinə, Ermənistanla Azərbaycan arasında aparılan danışıqların ruhuna uyğun olaraq sərhəd, o cümlədən dəhliz məsələlərinin həllinə çalışıldığı vaxt İranın dövrəyə girməsi, iki ölkə arasında sülhün əldə edilməsini açıq-aşkar əngəlləməsi qonşuluq prinsiplərinə yaddır. Zəngəzur dəhlizinin reallaşdırılmasına mane olmaq həm də qərəzli sayılmalıdır, çünki bu məsələnin İrana heç bir aidiyyəti yoxdur. İranın bu addımları həm də islam dəyərlərinə qarşı xainlikdir. İranın din xadimlərin Azərbaycana qarşı yönəlmiş təxribatlarda iştirak etməsi islamın əxlaq kodeksinə zidd olan əməldir. Molla rejiminin Azərbaycan sərhədinə qoşun yığması, əzələ nümayişi, hərbi təlim keçməsi və bununla da ölkəmizə hədə-qorxu gəlməsi riyakarlıqdır. Bu xətt İranın təkcə Azərbaycana qarşı münasibətində deyil, ümumilikdə bu dövlətin siyasi davranış konsepsiyasında yer tutur. Məqsədyönlü və açıq təxribatları davam edərək, eyni zamanda özünü “islam dövləti”, “müsəlman təəssübkeşi”, Azərbaycanın “mehriban qonşusu” kimi təqdim etməyə çalışır”.