15 noyabr 2022 23:28
573

Bizi Şuşaya aparan yol Zəfər yoludur!

Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə iştirak ediblər.

Vətən torpağı bizim üçün səcdəgahdır, toxunulmazdır, müqəddəsdir. Əsl vətəndaş odur ki, öz vətənini qəlbi ilə, canı və qanı ilə sevir. Eynilə biz azərbaycanlilar kimi. 44 günlük İkinci Qarabağ Müharibəsi zamanı Şuşanın azad edilməsi Ermənistan ordusunun müqavimət gücünü tamamilə sarsıtdı. Nəticədə bu əməliyyatdan bir gün sonra noyabrın 9-da Azərbaycan Ordusu daha 71 kəndi, bir qəsəbəni və 8 strateji yüksəkliyi düşməndən təmizləndi. Belə ağır müharibədən çıxmış ölkə azad edilmiş torpaqlarda iki il ərzində genişmiqyaslı quruculuq işləri aparır. Bütün bu işlərin də maliyyə mənbəyi Azərbaycan büdcəsidir. Biz bu iki il ərzində heç bir ölkədən, heç bir təşkilatdan, heç bir donordan bir manat belə yardım almamışıq. Beynəlxalq müstəvidə çox fəal iş aparılmışdır. Aparıcı beynəlxalq təşkilatlar – BMT, ATƏT, Avropa İttifaqı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası bizim mövqeyimizi dəstəkləyən, yəni, haqq-ədaləti ifadə edən qərar və qətnamələr qəbul etmişdir. Bu, Qələbəmiz üçün çox önəmli beynəlxalq hüquqi zəmin idi.

Azərbaycan xalqı bir yumruq kimi birləşərək tarixi missiyasını yerinə yetirdi. Müharibəyə gedən yolun bir çox istiqamətlərdən keçdiyini bildirən Prezident cənab İlham Əliyev güclü iqtisadiyyatın olmasını ən əsas şərt kimi diqqətə çatdırdı. Müstəqillik əldə edəndə Azərbaycanın maliyyə və iqtisadi vəziyyəti çox ağır idi. Ona görə güclü iqtisadiyyatın yaradılması müharibədə qələbənin qazanılması işində önəmli amil kimi nəzərə alınmış və ölkədə güclü iqtisadiyyat yaradılmışdır. Bu gün dünyada müxtəlif yerlərdə gedən iqtisadi proseslər, çətinliklər, böhranlar da onu göstərir ki, Azərbaycan iqtisadiyyatı dayanıqlı iqtisadiyyatdır. Ağır müharibədən çıxmış ölkəmiz azad edilmiş torpaqlarda iki il ərzində genişmiqyaslı quruculuq işləri aparır. Bütün bu işlərin də maliyyə mənbəyi Azərbaycan büdcəsidir. Şuşada Zəfər Günü münasibətilə təşkil olunan tədbirdə çıxış edən Prezident İlham Əliyev ölkəmizin beynəlxalq müstəvidə çox fəal iş aparmasına, eyni zamanda, bir çox ölkələrlə ikitərəfli formatda sıx əməkdaşlıq əlaqələri yaratdığına da diqqət çəkdi. Aparılmış uğurlu xarici siyasət nəticəsində ölkəmiz çoxlu dostlar qazanmış, eyni zamanda, Qarabağ həqiqətləri, erməni işğalı ilə bağlı həqiqətlər dünya birliyinə çatdırılmışdır.

Xalqımızın möhtəşəm tarixi olan Şuşa düşmənə boyun əyməyən əzəmətli mədəniyyət abidəsidir. Ermənistan 28 ildən artıq davam edən işğal dövründə Şuşanı erməniləşdirə, tarixini, mədəniyyətini özününküləşdirə bilmədi. Ona görə işğal dövründə Şuşanı sadəcə dağıtmaqla məşğul olublar. Azərbaycan əsgəri qəhrəmanlığı, şücaəti ilə Şuşanı azad etdi. Prezident İlham Əliyevin dediyi kimi, Şuşa ayaqdadır, Şuşa sınmayıb, Şuşa əyilməyib. İndi şəhərin yaraları sağalır, ənənələri bərpa olunur.

Şuşa həm də hər bir azərbaycanlını özünə çəkir. Ötən il dekabrın 24-də doğum gününü Şuşada qeyd edən Prezident İlham Əliyev bu barədə deyib: “Şuşa hər birimizi özünə çəkir. Düzdür, mən burada - Şuşada müxtəlif tədbirlərin açılışlarında iştirak etmişdim. O tədbirlər ki, Şuşanın Azərbaycan xalqına, Azərbaycan mədəniyyətinə məxsus olmasını bir daha təsdiqləyir. Amma, eyni zamanda hər dəfə Şuşada hansısa tədbir nəzərdə tutulduqda böyük həvəslə, böyük sevgi ilə, məhəbbətlə Şuşaya gəlirdim və hesab edirdim ki, bu günü də mən məhz burada - Şuşada hər birimiz üçün əziz olan Cıdır düzündə qeyd etməliyəm və bunu edirəm”.

Bu gün Qarabağın bərpasında prioritet istiqamətlərdən biri də yol infrastrukturunun bərpasıdır. 44 günlük Vətən müharibəsi bitdikdən dərhal sonra Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi inkişaf planının hazırlanması üçün tapşırıqlar vermişdir. Belə tapşırıqlardan biri də Şuşa şəhərinə yeni avtomobil yolunun çəkilməsi olmuşdur. 2020-ci il noyabrın 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı Şuşa şəhərinə qədər uzanacaq yeni avtomobil yolunun təməlqoyma mərasimindən dərhal sonra layihənin icrasına start verilmişdir. 2020-ci il noyabrın 17-də Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalamışdır.

Sərəncama əsasən ümumi uzunluğu 101,5 kilometr olan Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi üçün 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 50 milyon manat ayrılmışdır.

Şuşaya aparan yeni avtomobil yolunun qısa müddət ərzində tikintisinin yekunlaşdırılması üçün layihə şərti olaraq 5 hissəyə bölünüb. Əsas qüvvə olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin canlı qüvvəsi və texnikaları hazırda layihə boyu tikinti işlərini həyata keçirir. Bundan başqa çətin relyefə malik olan ərazilərdə avtomobil yollarının inşası ilə bağlı təcrübəyə malik "Kolin İnşaat" başda olmaqla Türk Şirkətlər Qrupu və 1 yerli tikinti şirkəti də layihəyə cəlb olunub. Bir sözlə inkişaf göz önündədir.

Müzəffər Azərbaycan Ordusu bu 44 günlük İkinci Qarabağ Müharibəsində Qələbə çalmaqla öz gücünü bütün dünyaya göstərdi. Eşq olsun Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə !  Eşq olsun Şanlı Azərbaycan Ordusuna !

Arzu Əliyeva,
YAP Pirallahı rayon təşkilati Aparatının məsul əməkdaşı