15 noyabr 2022 22:14
909

ORTAQ KEÇMİŞDƏN ORTAQ GƏLƏCƏYƏ

ÇARİZMİN İŞĞALÇILIQ SİYASƏTİ ÜMUMTÜRK TARİXİ KONTEKSTİNDƏ- Qızıl Orda və ondan törəmə tatar xanlıqları

(tarixi-etnoqrafik oçerklər)

K R I M  X A N L I Ğ I

Lakin təəssüflə qeyd etmək lazım gəlir ki, Osmanlı-Krım münasibətlərinin müəyyən qayda-qanun çərçivəsində nizama düşdüyü, Səfəvilər və Habsburqlarla döyüş cəbhələrində Krım qüvvələrinə hədsiz ehtiyac duyulduğu bir dövrdə artıq İstanbulun özündə siyasi durum korlanmağa başlayır. X.İnalcığın sözləri ilə söyləsək, “XVII əsrdə Osmanlı dövləti ağır daxili mübarizələr meydanına çevrilir, bu isə imperiyanın hər tərəfindən olduğu kimi, Krımda da mərkəzi hakimiyyətin nüfuzuna mənfi təsir göstərir”. Ən acınacaqlısı isə budur ki, Krım taxtında kimin oturacağı (xanlıq tipli feodal dövlətlərində bu, həyati əhəmiyyətli bir məsələdir!) Babi-Alidə gedən intriqaların nəticələrindən asılı vəziyyətə düşür. Qafqazda Qazi Kirman qalasını tikdirən, xanlığın sərhədlərini möhkəmləndirən və istehkam xətlərini bərkidən, Avstriya və Macarıstan cəbhələrində Habsburqlara qarşı şəxsən döyüşüb, rəşadət göstərən, Bogdan (osmanlıların indiki Moldovaya verdikləri ad; o zaman Rumıniya ərazisi idi) üsyanının yatırılmasında mühüm rol oynayan və ən əsası, Osmanlı dövlətinə son dərəcə sadiq bir xan olan Bora Qazinin taxtdan kənarlaşdırılması vaqeəsi buna bariz misaldır: onu hakimiyyətdən salan Çağalızadə Sinan Paşanın özü cəmi 3 ay sonra baş vəzirlikdən əzl edilir və xan da taxtına qaytarılır. Bora Qazi xan qaytarılmağına qaytarılır, amma aradan keçən həmin 3 ayda olan olur: İstanbuldan barat almış iki legitim xanın taxta qanuni hüquqla iddia etməsi Krımda nonsens yaradır, qəbilə başçılarını, əyanları heyrət və məyusluğa salır, osmanlı dövlətinin nüfuzuna kölgə düşür. Analoji hadisə Bora Qazi xandan sonra da baş verir, Krım taxtına namizədlik məsələsində Osmanlı idarəçilərinin fikirləri haçalanır, şeyxülislam Sunullah Əfəndi ilə dəftərdar Əhməd Paşa Toxtamış Gireyin, Xoca Sadəddin Əfəndizadə və kaptani-dərya Hafiz Paşa isə Səlamət Gireyin tərəfini tuturlar. Uzun çəkişmələrdən sonra Səlamət Gireyin tərəfdarları qalib gəlir. Oxşar hadisələr get-gedə təkrarlanıb adiləşsə də imperiya miqyasında siyasi gərginlik yaratmış bu insidentlərdən biri üzərində xüsusi dayanmaq lazım gəlir. Səbəbini biləcəksiniz.

1622-ci ildə Mərrə Hüseyn Paşa sədarətə keçən kimi Krımda Canıbəy Gireyi taxtdan endirib, yerinə III Məhəmməd Gireyi gətirdi, amma çox keçmədən vəzifəsindən kənarlaşdırıldı və Canıbəy xan da yenidən taxtına oturdu. Lakin bu hadisə əvvəlkilərdən fərqli olaraq xeyli uzandı və ağır fəsadlar verdi. Əvvəlcə kalqay Şahin Gireylə nüfuzlu noqay rəisi Kantemir arasında ədavət başladı: Şahin, Kantemirin ailəsini incitmiş, Kantemir isə bunun qisasını almaq üçün Babi-Alidəki əlaqələrini işə salmışdı. Münaqişə ikincinin qələbəsi ilə başa çatdı. Səbəbi aydındır:  həmin ərəfədə mərkəzi hakimiyyət zəifləmiş, yarımüstəqil tayfa-qəbilə rəisləri üçün geniş meydan açılmışdı; noqayların Mansur ailəsinə başçılıq edən Kantemir də belələrindən idi. O, bir neçə savaşda hünər göstərmiş və padşahın rəğbətini qazanmışdı. (Buradaca qeyd edək ki, Kantemir 1636-1637-ci illərdə də Krım xanı İnayət Gireyin taxtından salınmasına səbəb oldu.) 1627-ci ildə Vəzir Həsən Paşa ilə Kantemirin Krıma gəldiyini eşidən (onlar, əslində, Canıbəy xanı taxtına qaytarmaq üçün göndərilmişdilər) Şahin Girey Ağməscidi tərk etdi. III Məhəmməd isə taxtdan çəkilmək əmrinə itaətsizlik göstərib, qəbilə başçıları ilə birləşdi və qardaşı Şahin Gireylə birlikdə “ataları rəqib xan Səadət Girey və babaları asi xan Məhəmməd Girey kimi” (X.İnalcıq) silahlı müqavimət hərəkatına başladı. Noqayların və rus kazaklarının yardımı ilə xanlığı zor gücünə ələ keçirən qardaşlar Canıbəy Gireyi Kəfəyə qədər qovdular, üstəlik şəhəri mühasirəyə alıb onun təslim olunmasını tələb etdilər. Məsələni araşdırmaq üçün İstanbuldan göndərilən kaptani-dərya Rəcəb Paşa çox çalışsa da III Məhəmmədi və tərəfdarlarını yola gətirə bilmədi, uzun çək-çevirdən sonra Osmanlı hökuməti qan tökülməsinin qarşısını almaq üçün onun xanlıq hüququnu təsdiqləmək məcburiyyətində qaldı. Lakin bu, səhv addım idi. Peşmançılıq özünü çox gözlətmədi. Özlərini məğlubedilməz saymağa başlayan III Məhəmməd və onun yenidən kalqay təyin etdiyi qardaşı Şahin, Sultan IV Muradın iradəsini heçə sayaraq ağır pozuculuq hərəkətlərinə yol verdilər. Səfəvilərlə müharibəyə qoşun çıxarmaqdan boyun qaçırmaq, Şah Abbasla dostluq əlaqələri qurmaq, qarşı cəbhədə yer alan Reç Pospolita ilə yaxınlaşmaq, Zaporojye Seçi ilə Osmanlı əleyhinə müqavilə (1624) imzalamaq, Kəfədəki yeniçəri qüvvələri ilə döyüşlərə girmək... bu hərəkətlərin natamam siyahısı olub, qardaşların xəyanət yolu haqqında təsəvvür yaratmaq üçün yəqin ki, yetərlidir (Şahin Gireyin Səfəvilərlə daha əvvəldən başlanmış əlaqələrinə aşağıda toxunulacaq). 1628-ci ildə onlar Zaporojye Seçi ilə birləşərək Osmanlı qoşunları üzərinə basqın etdilər və bunun nəticəsində Krımdan qovuldular. Xanlığın tarixində ciddi presedent yaradan III Məhəmməd Girey həmin il döyüşlərdən birində həlak oldusa da, separatçılıq meyllərinin kökü kəsilmədi, bu təmayül IV Məhəmməd Gireyin (1641-1644; 1654-1666), Adil Gireyin (1666-1671) hakimiyyət dövrlərində də ara-sıra özünü göstərdi. 

XVII əsrin ilk qərinəsində baş verən keşməkeşli hadisələrdən danışarkən görmək çətin deyil ki, Krım xanlığı artıq əvvəlki gücünü və ətrafında baş verən geosiyasi hadisələrə təsir imkanlarını hissolunacaq dərəcədə itirmişdir. Özünüz fikir verin. Xanlığın qəvi düşməni Rusiya “smuta” dövründən “sınıq çıxsa” da onun sərhəd istehkamlarını yaran İsveç və Polşadan fərqli olaraq, Krım bu fürsətdən yararlana bilməmiş, əksinə, qarışıqlıqdan istifadə edən rus kazakları bir neçə dəfə Osmanlı və Krım torpaqlarına talançı hücumlar keçirmişdilər. 1612-ci ildə onlar Ahyoluna soxulmuş, 1614-cü ildə Sinopu oda vermiş, 1625-ci ildə İstanbul boğazında Yeniköyü qarət etmişdilər. 1637-ci ildə 6 min Zaporojye və 2 minədək Don kazakı ilə birləşərək, İran səfərinə hazırlaşmışdı. Lakin Krımdakı qarışıqlıqdan xəbər tutunca, Rusiyadan barıt tədarük edərək Azak üzərinə yönəldilər və qalanı mühasirəyə alıb ələ keçirdilər. Qalanın zəbt edilməsi Qara dəniz və Azov dənizinə yolun açılmasında, cənub sərhədlərinin Krım tatarları və noqayların mütəmadi hücumlarından qorunmasında, noqayların ram edilməsində, Qafqaz istiqamətində mühüm strateji mövqelərin tutulmasında Rusiya üçün geniş imkanlar açırdı. Bir neçə minlik başıpozuq dəstənin Azov kimi mühüm bir qalanı ələ keçirməsi Osmanlı dövləti üçün, sadəcə biabırçılıq idi. Amma sonrakı 4 ay müddətində qalanın geri alınması üçün edilən 24 həmlənin nəticəni dəyişməməsi və mühasirənin götürülməsi daha böyük biabırçılıq oldu.

1637-1642-ci illər ərzində Azov məsələsi həm müsəlman, həm də xristian aləmində ən çox müzakirə olunan mövzu idi. Hamı Azov ətrafındakı hadisələri narahatlıq, ən əsası isə coşqun dini təəsübkeşlik içində diqqətlə izləyirdi. Hakimiyyət dəyişikliyinə (1640-cı ildə Sultan Murad ölmüş, Osmanlı taxtına I İbrahim keçmişdi) baxmayaraq, Babi-Ali bu istiqamətdə diplomatik fəaliyyətini bir an belə dayandırmamışdı. 1638-ci ildə Tersk voyevodaları Bestujev və Romadanovski Kabardaya Krım emissarlarının gəlməsi haqqında Moskvaya məlumat vermişdilər. Qonaqlar Tərki və Sulak çayları arasında yaşayan noqay və qumuq tayfalarının başçılarına Osmanlı sultanının fərman və hədiyyələri ilə birlikdə tezliklə Rusiya ilə müharibənin başlayacağı xəbərini gətirmişdilər. Yerli hakimlər Sultanın istəyi ilə Azov üzərinə yürüşdə iştirak edəcəklərini bildirmişdilər. Osmanlı dövlətinin bu yürüşə ciddi hazırlaşması “Azovun alınması və türk sultanı İbrahimin Don kazaklarını mühasirədə saxlaması haqqında povest”də də əksini tapıb. Əsərdə deyildiyinə görə, Babi-Ali bu səfərə “dünyanın hər yerindən 6 min muzdlu döyüşçü və çoxlu lağım atan mütəxəssis cəlb etmiş, xəzinədən külli miqdarda pul ayırmışdı” (Fyodr Poroşin adlı bir kazaka isnad edilən povestdə “birinci olaraq əskərləri ilə hücuma keçən iki alman polkovniki”ndən də  bəhs olunur). Amma bütün səylərə baxmayaraq 1641-ci ildə qalanı geri almaq üçün hücuma keçən Osmanlı qüvvələri uğursuzluğa düçar olmuşdu.

Bu, artıq “qırmızı xətt”in keçilməsi, əsl həyəcan siqnalıdır! Azov qalasının itirilməsi adi hərbi uğursuzluqdan daha çox Osmanlı-Krım koalisiyasının (əlbəttə, daha çox regional siyasət üçün məsuliyyət daşıyan Krım xanlığının) bölgədəki siyasi nüfuzuna vurulan sarsıdıcı zərbədir. Krım xanlığı artıq beynəlxalq avtoritetini itirmək üzrədir. Amma hələ ki, bölgədəki oyunçular, xüsusən özü də böhran keçirən, siyasi iflas durumunda olan  ruslar tərəfindən regionun əsas güc mərkəzi kimi tanınır və etiraf edilir. Polşa-Litva və İsveçlə hərbi münaqişə şəraitində ölkə daxilində mövqeyi laxlayan çar hökuməti Azov hadisələrindən bərk qəzəblənmiş Portadan (Qərbdə çox vaxt Osmanlı dövlətini belə adlandırırdılar) və onun yerli canişininindən daha çox çəkinir, özünü onlara dost göstərmək istəyir, yarımadaya basqın və ziyankarlıqları isə, əsasən, kazakların və ya kalmıkların əli ilə törədir (maraqlıdır ki, əksər Dağıstan tarixçiləri 1647-ci ildə tayşa Xo-Orlükün Tərki üzərinə hücumunu kalmıkların Don kazakları ilə həmrəylik aksiyası hesab edirlər). Digər tərəfdən Moskva hələ də Krım xanlığına illik xərac ödəməkdən canını qurtarmayıb! O da maraqlı və əlamətdardır ki, məhz bu ərəfədə xanlardan Rəzmi Bahadır Girey (hakimiyyəti: 1637-1641) vergiləri gecikdirdiyi üçün çara çox acıqlı bir fərman göndərir. Bu sərt xəbərdarlıqdan təşvişə düşüb vergiləri tezliklə ödəyəcəyi haqqında təəhhüd götürən rus çarı bununla da qalmır, 1642-ci ilin yazında Osmanlı səfiri Mustafa Çələbi öz dövlətinin ultimatumunu təqdim edən kimi kazaklar üzərində təsir gücünü işə salın Azakın boşaldılması üçün fəaliyyətə keçir. Əslində Zemski Sobor (XVI-XVII əsrlərdə rus çarlığında siyasi, iqtisadi və inzibati məsələlərin əhalinin müxtəlif təbəqələrindən olan təmsilçilər tərəfindən kollektiv müzakirə olunması məqsədi ilə fəaliyyət göstərmiş ali silki-nümayəndəli orqan) Moskva hökumətinin Azov məsələsinə qarışmaması haqqında qərarı bir il əvvəl- birləşmiş qüvvələrin qalaya hücumu ərəfəsində çıxarmışdı. Çar bu qərara əsaslanaraq kazaklara Azovu  tərk etmələri haqqında buyruq göndərir, iyulda isə Osmanlı birlikləri Manıç, Yar, Çerkassk kimi bir neçə Don şəhərini də ələ keçirirlər. Döyüşlərdə yeniçərilərlə birlikdə Krım və Azov tatarları, noqaylar, Temrük adıqları və başqaları da fəal iştirak edirlər. Bu ərəfədə Krım xanı müstəqil olaraq Rusiyanın cənub ərazilərinə bir neçə irimiqyaslı yürüş keçirir. Göründüyü kimi, XVII əsrin ortalarında bölgədə formal hərbi-siyasi üstünlük hələ Krım tərəfdədir, amma bu üstünlük son dərəcə “nisbi”dir və sürətlə tükənməyə doğru gedir.

Deyilənlər inikasını xanlığın regional siyasətində də tapır. Şimali Qafqaz xalqları ilə münasibətlərin dominantlıq meyarı üzrə izlənilməsi Rusiya-Krım  qarşıdurması müstəvisində inkişaf tendensiyasını tam dəqiqliyi ilə ortaya çıxarmağa imkan verir. Krım xanlığından bəhs edən icmal xarakterli materiallarda çox vaxt diqqətdən kənar qalmış bu mövzu, zənnimizcə, ümumtürk, eləcə də ümumqafqaz tarixi baxımından mühüm əhəmiyyət daşıyır və burada ayrıca xülasə olunmalıdır. Bəzi əsas özəlliklərinə yuxarıdan yeri gəldikcə toxunduğumuz qədim və köklü Krım-Şimali Qafqaz münasibətləri xanlığın yaranmasından və Osmanlı himayəsinə keçməsindən sonra da əsla zəifləməmiş, əksinə, demək olar, daha da möhkəmlənmişdi. Tarixçilər bu əlaqələrin Çərkəz diyarında “xanuko” deyilən bütöv bir sosial silkin (Krım mənşəli əsilzadələr silkinin) yaranmasına rəvac verəcək dərəcədə intensiv olduğunu yazırlar. Bir çox xanzadələr çeşidli səbəblərdən çərkəzlər və adıqlar arasında, xüsusən Tümen və Tərki vilayətlərində məskən salmış, sığınacaq tapmış, burada özlərinə tərəfdarlar, hərbi dəstələr toplamışlar. Müxtəlif vaxtlarda Şimali Qafqaza üz tutmuş xanədan üzvlərindən I Səlim Gireyi, Şahbaz Gireyi, Şahin Gireyi və b. göstərə bilərik. 1536-cı ildə Sahib xanın qəzəbindən qaçan İslam Girey qumuqlara pənah aparmışdı. 1580-ci illərdə yurdundan qaçaq düşmüş Murad Girey də qumuq şamxalının himayəsinə sığınmış, onun qızı ilə evlənmişdi.  Krım-Şimali Qafqaz münasibətlərinin formalaşmasında və güclənməsində nigah diplomatiyasının rolu mütləq qeyd edilməlidir. Nurdövlət çərkəz bəylərindən Yumadukun, Dövlət xan Tolbuldukun, II Məhəmməd Girey isə Verxuşun qızları ilə nigaha girmişdilər. Sahib və İslam Gireylərin hərəmləri, II Canıbəy və IV Məhəmməd Gireylərin anaları çərkəz qızları idi. (Qarşı tərəfi də nəzərdən qaçırmaq olmaz. 1561-ci ildə Qorxunc İvan janey knyazı Sibokun qızını istəmək üçün Kabardaya Boris Sukinin başçılığı altında bütöv bir səfarət göndərmiş, lakin razılıq ala bilməmiş, elə həmin il də Temrük İdarovun qızı Mariya ilə ailə qurmuşdu.) .

Burada onu da qeyd etmək lazım gəlir ki, “çərkəz” adı əksər narrativ mənbələrdə etnik və subetnik rəngarəngliyi ilə ta qədimlərdən fərqlənmiş Şimali Qafqaz xalqlarını küll halında bildirən ümumiləşdirici termin kimi işlənir. XVIII əsrdə Fransanın Krımdakı konsulu Ksaverio Qlavani çərkəzlərin 14 tayfadan ibarət olduğunu yazaraq, bunlardan yalnız kabardin və abazinlərdən ayrıca bəhs açır. Ş. de Peysonel həmin 14 tayfadan ancaq beşinin (beslen, temirqoy, bjeduq, adel və ademlərin) müsəlmanlığı qəbul etdiklərini bildirir. E.D.d`Askoli adlı başqa bir fransız müəllifi isə dağ çərkəzlərinin bütpərəst, düzənlikdə yaşayanların isə müsəlman olduqlarını iddia edir. Fransa və alman memuaristlərinin yeksil rəyinə əsasən, çərkəzlər iç-içə yaşasalar da daim bir-birləri ilə kəskin rəqabət aparmış, fasiləsiz olaraq didişmişlər. Tarixşünaslıqda Böyük Kabarda, Kiçik Kabarda terminlərinə də rast gəlmək olur. Ukrayna və Polşa müəllifləri Çərkəz diyarının qərb və şərqindən ayrı-ayrılıqda danışır, birincini Janiya, yaxud Janetiya (janeylərin yurdu), ikincini Kabarda adlandırırlar. Belə bir fikir də irəli sürülür ki, Janiya hələ I Məngü Girey xanın dövründən Krımın təsir dairəsində olmuşdur. Məngü xan və oğulları Kabardanı da itaətə gətirmək istəmiş, bu məqsədilə müntəzəm yürüşlər keçirmişlər (bunların ən böyüyünün 1518-ci ildə baş verdiyi deyilir). Biz, əlbəttə ki, oxucunu imkan daxilində bu etnik-coğrafi qarmaqarışıqlıqdan uzaq tutmağa çalışacağıq.    

Krım xanlarının hələ XV əsrin sonlarından etibarən Çərkəz diyarına, “çapovul” adlanan, əsasən, qənimət məqsədi daşıyan cəzalandırıcı basqınlar etdikləri məlumdur. Rəmmal Xocanın “Sahib Girey tarixi”ndən öyrənirik ki, bu xanın səltənəti dövründə həmin səfərlər daha intensiv (1539, 1542, 1544, 1551-ci illər) hal alıb. 1539-cu il yürüşündə onun məqsədinin Temrük yaxınlığında müsəlmanlar üzərinə hücum çəkmiş janeylərin əmiri Kansavuku cəzalandırmaq olduğu bildirilir. Kansavuk bic tərpənərək xanla döyüşdən yayınmış, Kəfəyə bac və kölələr aparmış və türk paşalarının vasitəçiliyi ilə münaqişəni aradan qaldıra bilmişdi. 1542-ci və 1544-cü illərdə Sahib xanın çərkəzlərdən xeyli əsir və qənimət alması ilə nəticələnən yürüşlərini müasir müəlliflər əsasən Osmanlı-Səfəvi müharibələri ilə əlaqələndirməyə daha çox meyl edirlər və, zənnimizcə, haqsız da deyillər. Bildiyimiz kimi, Səfəvilər Krım xanlarının Azərbaycana yolu üzərində yerləşən Şimali Qafqazda mövqelərini gücləndirmək istəyir və bu məqsədlə ruslarla ittifaq qurmağa çalışırdılar. 1547-ci ildə Sahib Gireyin Həştərxandan dönərkən Kabarda və Qaytaq üzərinə hücum etməsi və bu tayfaları xəraca bağlaması həmin proseslər çərçivəsində qiymətləndirilir (xərac- siyasi asılılıq əlamətidir). Bununla əlaqədar qeyd etməliyik ki, Adıgey tarixşünaslığında guya məhz Sahib xanın 1545 və 1547-ci illərdəki yürüşlərindən sonra  adıqların ruslardan yardım istəməyə vadar olmaları fikri geniş yayılıb. 1553-cü və 1555-ci illərdə adıqların ilk dəfə rus hərbi dəstələri ilə birlikdə Krım qoşunu ilə döyüşə girdikləri və onlara müqavimət göstərdikləri, 1555-ci və 1557-ci illərdə  aparılan danışıqlarda isə Moskva Rusu ilə ittifaqlarını rəsmiləşdirdikləri söylənilir. 

Kazan və Həştərxan ətrafında ehtirasların qızışması və bu xanlıqların süqutu maraq və mənafeləri bütün cəbhələrdə toqquşan Krım (Osmanlı)-Rusiya münasibətlərini Şimali Qafqazda da qarşıdurma həddinə çatdırır. Çərkəzlərlə birbaşa təmas imkanı qazanan ruslar Kabardanı və bəzi bir neçə bəyliyi özlərindən asılılığa salırlar. Temrük, Sibuk, Tazdar əmirləri krımlıların köçlərinə basqınlar etməyə başlayır. 1552-ci ildə Kabardanın hakim Yezbozluk ailəsinə mənsub Maşuk (beslenlərin bəyi) və Sibok (janey tayfasının əmiri) Kazanın işğalı münasibəti ilə IV İvanı təbrik etmək üçün  Moskvaya elçi göndərirlər. (Hətta Kazan üzərinə yürüşdə bəzi Şimali Qafqaz tayfalarının iştirak etdiyi haqqında iddialar da mövcuddur.) Çar IV İvan Vasilyeviç tez-tələsik Litva böyük knyazı və Polşa kralı Sigizmund II Avqustu məlumatlandırır ki, artıq  çərkəzlər rus təbəələridir. Belə ki,  Livon müharibəsi (1558-1583) yetişmək üzrədir və Qorxunc İvan Polşa-Litvanın Krımla ittifaqa girəcəyindən möhkəm ehtiyat edir. Real vəziyyətdən yaxşı hali olan Kral  Sigizmund isə 1553-cü ildə Dövlət Gireyi Krım əleyhinə ruslarla ittifaqa girmək istəyən Yezbozlukovlar üzərində qələbəsi münasibəti ilə təbrik edir. Dövlət xan 1554-cü (başqa bir mənbəyə görə, 1556-cı) ildə çərkəzlər üzərinə daha böyük bir yürüş planlaşdırır. Amma rus qoşunlarının Azaka hücum ehtimalı ilə əlaqədar bu yürüş 1557-ci ildə baş tutur. Maşuk və Sibok qaçıb ruslara sığınır və xristianlığı qəbul edirlər. Bəzi mənbələrdə Dövlət xanın öz doğma yurdlarını tərk etməyə məcbur qalmış kazanlılarla birlikdə Janiyadan olan bəzi çərkəz əsilzadələrinə sığınacaq verdiyi də deyilir.    

Qeyd etmək lazımdır ki, əvvəldən axıra qədər Krım xanlığının Şimali Qafqazdakı əsas güvənc yeri qumuqlar olmuşdur. Qumuqlar qan, dil və din bağlilığı ilə türklərin təbii müttəfiqləri idilər. Onlar əsas etibarilə indiki Çeçenistanın düzəngah hissəsində məskunlaşmışdılar və torpaqları Kabarda və noqaylarla hüdudda yerləşirdi. Bir çox çeçen camaatları qumuq şamxalına biət edirdi. Krım xanları Osmanlı-Səfəvi cəbhələrinə qumuq düzlərindən keçib-gəlirdilər. Yeni şəraitdə özünü noqay və çərkəzlərin havadarı kimi aparan Krım xanlığının mövqeyi belə idi ki, “şamxallar müsəlmandır, bizim ata-babalarımız birdir, əmilərimiz-dayılarımız o yerlərdən gəliblər. Aramızda bağlılıq, gediş-gəliş sıxdır. Onları bizdən, bizi onlardan ayırmaq mümkün deyil”. Dağıstan tarixçisi Yusup Hüseynovun sitat gətirdiyi bu sözləri Krım xanının səfiri Moskva çarının hüzurunda söyləmişdi. Və bu zaman o, məhz qumuq şamxallarını nəzərdə tuturdu. Bir qədər qabağa qaçıb bir xarakterik faktı da xatrıladaq ki, Şimali Dağıstan xalqları, xüsusilə də qumuqlar Rusiya təbəəliyinə, demək olar, ən axırda, 1783-1786-cı illərdə, yəni Krım xanlığı ləğv ediləndən sonra keçmişdilər. Qumuqlar Rusiyaya daha çox bağlı olan Kabarda ilə uzunmüddətli mübarizə aparmış və krımlıların davamlı tərəf-müqabilləri olmuşdular (əlbəttə, söhbət əksəriyyətdən gedir). 

Həştərxanın işğalı dolayısı ilə Çərkəz diyarı hakimləri arasında həmişə mövcud olan təfriqələri daha da dərinlşdirir və qarşılıqlı münasibətlərə siyasi çalar verir. Rusiya və türk-tatar oriyentasiyası açıq şəkildə bir-birindən ayrılmağa başlayır. Kabardalı Temrük İdaroviçin tərəfdarları get-gedə artır, Moskvadan hərbi dəstək alaraq qumuq və Tərki şamxallarına, Osmanlı təmayüllü digər qüvvələrə təzyiqi gücləndirirlər. Məlum olduğu kimi, 1554-1555-ci illərdə Tümen (Terek çayı üzərindəki “Qafqaz Tümeni” nəzərdə tutulur) şamxalı öz qohumu, Həştərxanın keçmiş xanı Yağmurçuya sığınacaq vermişdi. 1559-cu ildə ruslar şamxaldan bunun hayıfını çıxmaq istədilər. Bir il sonra Həştərxan voyevodası İvan Çeremisinov Tümen üzərinə qoşun çəkdi. Elə bu ərəfədə Temrük və onun xələfi Kanbulat Sunja çayı sahilində rusların qala salmasına nail oldular. Çeremisinovun qoşunları Krım (Osmanlı) tərəfdarı olan Qazıqumuq və Tərki şamxallıqlarını (təqribən indiki Mahaçqala və ətraf ərazilər) qarət edib, əkinləri məhv edərək, əhaliyə xeyli ziyan yetirdilər. Buna cavab olaraq 1562-ci ildə Krım tərəfdarı knyaz Pşeapşoki Temrük və Domanukla açıq döyüşə girdi, onları məğlub edərək Kabardadan qovdu. Dövlət Girey Qazıqumuq şamxalını himayə altına aldığını, rusların cənub istiqamətində hərəkətinə yalnız bir şərtlə- Həştərxan qaytarılarsa yol verəcəyini bəyan etdi. Rus çarının 1567-ci ildə Sunjanın Terekə töküldüyü yerdə Tərki qalasının inşasına başlaması Dövlət xanın Kabardaya səfər etməsi ilə nəticələndi. Bir il sonra Adil Girey çərkəzli tərəfdarları İslam bəy, Kapşuk, Murtuza Mirzə və başqalarını müdafiə etmək üçün artıq öz mülkünə qayıtmış Temrük və Taşrukun üzərinə gəldi. Birinci döyüşdə geri çəkilməli olsa da, sonrakı həmlədə Kararda və Abazin qoşunlarını darmadağın etdi, Temrükün Mamstrük və Beberük adlı iki oğlunu əsir götürdü (onlar IV İvanın xahişi ilə 1570-ci ilin dekabrında azad edildilər).

Livon müharibəsinin başlanması ilə Şimali Qafqazda Rusiya tərəfdarlarının onsuz da zəif olan mövqeləri kökündən laxladı. Bir çoxları vassallıq münasibətlərini pozub, krımlıların tərəfinə keçdilər. Temrük İdaroviçin ətrafında birləşmiş Kabarda icmalarını çıxmaq şərtilə, burada Rusiyanın istinad edə biləcəyi sosial baza, demək olar, qalmadı. 70-ci illərin əvvəllərində Polşa-Litva cəbhəsindəki uğursuzluqlar çarı olan-qalan hərbi qüvvələrini də bölgədən çəkməyə məcbur etdi. O, 1571-ci ildə Osmanlı dövlətinin təzyiqi ilə Tərki qalasını da dağıtmağa razılaşmalı oldu. (Qeyd edək ki, qalanın uçurulub-uçurulmaması məsələsi tarixşünaslıqda mübahisəlidir. Bəzi müəlliflər 1578-ci ildə Adil Gireyin Şirvana hücumu zamanı Tərkidə rus voyevodasının hələ də qaldığını, lakin Krım qoşununa mane olmadığını yazırlar.)

1578-ci ildə Osmanlı-Krım hərbi birləşmələri Dərbəndi səfəvilərdən aldılar və qalada öz qarnizonlarını yerləşdirdilər. Mühüm hərbi-strateji əhəmiyyətə malik Dərbəndin tutulması regiona nəzarət imkanlarını gücləndirmək üçün Osmanlı dövləti qarşısında üfüqləri genişləndirirdi. Artıq Krım və Osmanlı qoşunları səfəvilərlə döyüşlərdə Azərbaycana hücumlarını Dağıstan üzərindən bir deyil, iki yolla həyata keçirmək imkanı qazanırdı. Hələ qədim dövrdən bölgə ölkələrini  Cənubi Qafqaz, İran yaylası, Yaxın Şərqlə və əlbəttə ki, Rusiya ilə bağlayan Dərbənd eyni zamanda Volqa-Xəzər yolu üzərində əlverişli tranzit məntəqəsi kimi böyük iqtisadi əhəmiyyət daşıyırdı. Hərbi ekspedisiyalar zamanı Şimali Qafqazdan keçən və tez-tez, yolüstü də olsa, fəal hərbi əməliyyatlar aparan Krım xanzadələrinin hərəkət azadlığı qazanması Rusiyanı qıcıqlandırmaya bilməzdi. Çar hökuməti, bütün çətinliklərə rəğmən, xarici siyasətinin mühüm bir qolu kimi Qafqazın içərilərinə irəliləmək vəzifəsini yaddan çıxarmır, imkan düşdükcə, azsaylı tərəfdarlarına hərbi-siyasi yardım göstərməkdə davam edirdi. 1578-ci ildə ruslar  Kambulat İdarovun müraciətini dəstavuz edərək, L.Novosiltsevin strelets dəstəsini Kabardaya göndərdilər. Bu dəstə əsas etibarilə Dağıstana gedən və oradan qayıdan Krım birliklərinə hücumlar edir, Rusiyanın bölgədə mövcudluğunu nəzərə çarpdırmağa çalışırdı. Belə əməliyyatların birində Məhəmməd Gireyi taxtdan salmaq üçün Dərbənddən Krıma gedən Osmanlı cəza dəstəsinə hücum edilmişdi. Çox keçmədən Kabarda bəylərindən Mamstrük Temrükov və Qazı Pşeapşok Moskvadan çarın himayəsində olduqlarına dair “qramota” aldılar. Onlara “Rusiyanın cənub sərhədlərinin qorunması” məqsədi ilə Novosiltsevin sərəncamına silahlı dəstələr vermələri təklif olunurdu. 1593-cü ildə birləşmiş strelets-kabardin qoşunu krımlıların Tərki üzərinə hücumunu poza bilmişdi (ancaq aşağıda görəcəyimiz kimi, bu, müvəqqəti uğur sayılmalıdır, çünki bir müddət sonra Tərki şamxallığı artıq türklərin əlində idi). Onlar Osmanlı tərəfdarlarını hər vasitə ilə qorxutmağa və öz tərəflərinə çəkməyə çalışırdılar. Krım xanları da bu cəhdlərə layiqli cavablar verirdilər. Tümen şamxalının sıxışdırılmasına görə Qazi Gireyin 1591-ci ildə Moskva üzərinə səfər etməsi buna sübutdur.

XVII əsrin əvvəllərində Rusiya xarici siyasətinə möhür vuran əsas hadisələr qarışıqlıq (“smuta”) dövrünün (1598-1613/1618), Polşa-İsveç intervensiyasının başlaması və Osmanlı-Səfəvi müharibəsinin yenidən qızışmasıdır. Qazi Gireyin bir sıra qərbi çərkəz bəylərini və qumuq şamxalını himayə altına alması, Kopıl qalasını tikdirməsi bölgədə Krımın nüfuz və siyasi perspektivlərinin güclənməsini göstərir. Amma ruslar da geri çəkilmək niyyətində deyil. İki müsəlman dövlətinin Qafqaz uğrunda mübarizəsindən faydalanaraq burada öz hakimiyyətini qurmaq istəyən Moskva 1604-cü ildə voyevodalardan İ.Buturlin və O.Pleşşeyevin komandanlığı ilə Dağıstana 10 minlik strelets qoşunu göndərir. Onlar tersk kazakları, adıq bəyi Sunçaley Yanqlıçevin, vaynax hakimi Batay Şıxmurzanın dəstələri ilə birləşərək Tərki şamxallığı üzərinə hücuma keçməyi planlaşdırırlar. Buturlin əvvəlcə qoşunların qışlaması üçün burada yeni bir qala inşa etdirir. Strateji önəm daşıyan bir neçə məntəqənin alınması ilə başlayan ekspedisiya ilk dövrdə voyevodaların istədikləri kimi getsə də nəticə acınacaqlı olur. Endireyli Sultan Mahmudun (bəzən Sultan Mut da adlandırılır), şamxallardan Eldar və Adil Gireylərin təsirli tədbirləri sayəsində çox keçmədən yerli əhali ruslara qarşı qiyama qalxır. 1605-ci ildə onlar Buturlin və Pleşşayevin nizami dəstələrinə silahlı müqavimət hərəkatı təşkil edir və müvəffəqiyyət qazanırlar. Həmin il çar Boris Qodunovun ölümü rus qoşununu mərkəzi hakimiyyətin dəstəyindən məhrum edir. Gözlənilmədən hər tərəfdən qiyamçıların əhatəsinə düşdüyünü anlayan Buturlin danışığa girməyə məcbur olur. Tərki şamxalı, Sultan Mahmud və türk paşası Şimali Qafqazı tərk etməsi şərti ilə ona dəhliz verməyə razılaşırlar. Lakin Buturlin mühasirədən çıxan kimi Sunja istehkamlarını yandırıb, qoşunu rusların Tərkidəki qarnizonuna tərəf istiqamətləndirir. Qarşı tərəf Tərki qalasını mühasirəyə alır. Yüksəklikdə yerləşən qaladan ətraf kəndlərin artilleriya atəşinə tutulması da ruslara kömək etmir. Danışıqlar yenidən başlayır və eyni razılaşma ilə nəticələnir. Amma bu dəfə artıq yerli hakimlər Buturlin və Pleşşayevə inamsızlıq göstərir və qaladan çıxan kimi qəfil hücumla onları darmadağın edirlər. Beləliklə, Tərki ekspedisiyası 2000-2500 strelesin həyatı bahasına başa çatır.

Bir tərəfdən qəsbkar qoşunlarını Çərkəz diyarına göndərən çar hökuməti digər tərəfdən anti-Osmanlı koalisiyası yaratmaq məqsədi ilə İngiltərə, İspaniya, Almaniya kimi Qərb dövlətlərinə müraciət edən I Şah Abbasla ittifaqa girir. Əslində, bu ittifaqda rus çarı kimi Səfəvi şahı da səmimi deyil. Şah Abbas tək Azərbaycan və Dağıstana yiyələnməklə qalmayıb, Krım və Həştərxanı da ələ keçirmək üçün Şimali Qafqazı platsdarma çevirmək istəyir. 1606-1607-ci illərdə o, Qarabağı, Gürcüstanı tutur və Dərbəndi, demək olar, müqavimətsiz təslim alır. Şah Abbas Dərbəndə bütün Qafqazın açarı kimi baxırdı və təxirə salmadan şəhərin gücləndirilməsi üçün tədbirlər görür. Onun Şirvan hakimi təyin etdiyi kürəkəni Zülfüqar xan hərbi istehkam qurmaq məqsədi ilə tabasaranlıların hələ Osmanlı hakimiyyəti dövründə Şabranda tutduqları ərazini onların əllərindən almaq istəyir. Lakin yerli tayfaların ciddi müqaviməti qarşısında geri çəkilməli olur. 1612-ci ildə Şirvanın yeni hakimi Yusif xan Akuşa-Darqo üzərinə hərəkət edir. Bundan xəbər tutan bir çox dağlı tayfaları darginlərin köməyinə axışırlar. Baş tutan döyüşdə qızılbaşlar 2 min nəfər itki verir.

Şah Abbas Şirvan bəylərbəyliyi qarşısında Osmanlı dövlətinin tərəfdarı kimi ad çıxarmış Tərki şamxalını və qumuq tayfa başçılarını ram etmək vəzifəsi qoymuşdu. Bu, əlbəttə ki, çarizmin regionda yeritdiyi strategiyaya zidd gəlirdi. Bir neçə toqquşmadan sonra 1614-cü ildə Moskvada Səfəvi səfiri Xoca Murtəzaya çarın etirazı bildirilmiş və şah qoşunlarının Şimali Qafqazda kəskin hərəkətlərdən çəkinməsi tövsiyə olunmuşdu. Göründüyü kimi, artıq Moskva özünü region xalqlarının himayədarı kimi aparmağa başlayırdı. Buna baxmayaraq Şah Abbas da inadkarlıqla yolundan dönmürdü. O, məqsədinə çatmaq üçün “ata yurduna sahib olmaq” istəyi ilə alışıb yanan Krım xanzadəsi Şahin Gireyin noqaylar və qumuqlarla əlaqələrindən də istifadə edirdi. Şahin Girey isə iranlıların gücü ilə Krımda hakimiyyətə yiyələnə biləcəyini düşünürdü. 1616-cı ilin yayında osmanlıların Azərbaycana növbəti yürüşü zamanı o, Tərki üzərindən Şirvana daxil olmaq istəyən Canıbəy Gireyin yolunu kəsmiş, lakin ruslar Krım xanını keçid məntəqəsindən buraxmadıqları üçün onların qarşılaşması baş tutmamışdı. Canıbəy xan həmin ilin noyabrında 12 minlik qoşunu ilə özünü Qafqazın cənubunda səfəvilərlə gedən qızğın döyüşlərə də çatdıra bilməmişdi. Kubanda aclıq başladığından qoşun qiyam qaldırmış, xan geri qayıtmalı olmuşdu. 1618-ci ildə isə artıq Osmanlı və Səfəvi dövlətləri arasında Sərab sülhü imzalanmış, Şahin və Canıbəy Gireylərin Qafqazda qarşılaşması mümkün olmamışdı.

Sülh müqaviləsi bağlandıqdan sonra üç dövlətin Şimali Qafqaz uğrunda mübarizəsi bir müddət diplomatik müstəviyə keçdi. Şah da, çar da, Osmanlı sultanı da yerli hakimləri öz tərəflərinə çəkmək üçün “qoğal və dəyənək” siyasəti yeridirdilər. Şah Abbas Tərki şamxalı Eldar Gireyə ildə 4 min tümən maaş kəsmişdi. Qaytaq usmisi Rüstəm xan, Kaxur (saxur?) sultanı Əlibəy, Tabasaran məsumu da artıq səfəvilərə tərəf meyllənirdilər. İstanbul sarayı öz emissarları vasitəsi ilə çərkəz hakimlərinə fərmanlar göndərir, onları şiə səfəvilərlə mübarizəyə səsləyirdi. 1619-1620-ci illərdə Dərbənd hakimi Barxudar Sultanın vasitəçiliyi ilə endireyli Sultan Mahmud Səfəvi hakimiyyətini tanıdığını bildirdi, lakin Krım tərəfinin təsiri altında tez də sözündən döndü. Şah Abbas Barxudar Sultanla Şirvan hakimi Yusıf xanı qumuqlar üzərinə göndərdi. 1620-ci ildə Moskvanın elçiləri V.Korobin və A.Kuvşinovun səyləri belə bu yürüşü dayandırmağa kifayət etmədi. Lakin səfəvilərin təzyiqləri qumuqları qorxutmadı. 1629-cu ildə onlar Canıbəy Gireyin dəvəti ilə Krım qoşunlarının tərkibində Azərbaycan yürüşündə iştirak etdilər. Krım xanları Şah Abbasın ələ aldığı hakimləri qorxutmaq (cəzalandırmaq) məqsədi ilə 1619, 1629 və 1631-ci illərdə Şimali Qafqaza səfərlər keçirdilər.

Ruslar da sakit dayanmırdılar. 1619-cu ildə Qazi Kabardasının knyazı Alequko Şoqenukov voyevoda N.Velyaminovun qərargahında Rusiya təbəəliyini qəbul etdi. Velyaminov bu hadisə ilə bağlı Moskvaya göndərdiyi məlumatda adıgeylərin müdafiə olunması üçün vəsadət qaldırdı. Çünki Çərkəzli Şolox və bir sıra nüfuzlu adıgey knyazları Kiçik Noqaylarla münasibətlərin yaxınlaşdırılmasında mühüm rol oynayırdılar. 1626-cı ildə Velyaminovun səyləri bəhrəsini verdi və Şolox ailəsinin digər nüfuzlu adıgey ailəsi olan İdaroviçlər üzərində üstünlüyü, nəhayət ki, tanındı. Bu dövrdə Kiçik Noqay Ordasının həm Krım xanlığı, həm də Rusiya üçün əhəmiyyəti qat-qat artmışdı. Krım xanlığı ordusunun başlıca döyüşçü mənbəyi olan bu Orda həm də xanlarla adıgey knyazları arasında körpü rolunu oynayırdı. Qazi Kabardasının, Böyük Noqay Ordasının, Tərki şəhərciyinin hakim ailələri, eləcə də Kabardanın rusyönümlü əsilzadələri ilə əlaqələr Kiçik Noqaylar vasitəsi ilə qurulurdu. Dağıstan tarixçisi Daniyal Kıdırniyazovun yazdığına əsasən, 1634-cü ildə Moskva Kiçik Noqay Ordasına yürüşə göndərmək üçün Şimali Qafqaz xalqları arasından qüvvələr cəlb etməyə başlayır. 1634-1635-ci illərdə kalmık-oyratların təcavüzünə məruz qalan Böyük Noqay Ordası Volqanın sağ sahilinə köçərək, Kiçik Noqaylarla birləşir və birlikdə Krımın vassallığını qəbul edirlər. 1636-cı ildə streletslərdən, adıq süvarilərindən, tersk və qreben kazaklarından ibarət böyük bir ordu knyaz S.Volkonskinin komandanlığı altında Qazi Noqay Ulusu üzərinə yeriyir. Şiddətli döyüşdən sonra noqaylar məğlub edilir. Bundan qəzəblənən Krım xanı Tərki və Həştərxanın alınması məqsədi ilə “böyük müharibə”yə başlayır. 30 minlik ordu ilə Rusiya sərhədlərini keçən krımlılar cənub hüdudlarındakı şəhər və kəndləri viran qoyur, qarnozonları darmadağın edirlər.

Moskvanın əsas qüvvələrini Polşa ilə müharibəyə göndərməsini və Krım xanlığının dağıdıcı basqınlarını fürsət bilən Səfəvi şahı Səfi Sunja çayı üzərində qala və istehkamlar tikdirmək fikrinə düşür. Bundan əvvəl ruslar bir neçə dəfə strateji əhəmiyyət daşıyan bu yerdə möhkəmlənmək üçün istehkamlar və qalalar qurmuş və gah Osmanlı sultanının (bu barədə yuxarıda məlumat verilib), gah da Səfəvi şahının tələbi ilə (tarixşünaslıqda 1567-1571, 1578, 1635-ci illər göstərilir) uçurmuşdular. Sunja sahillərini öz mülkü sayan Şah Səfi qalanın inşasını Şahin Gireyə, Tərki şamxalı Eldara, Qaytaq usmisi Rüstəm xana həvalə edir. Kiçik Noqaylı Əli Mirzənin əmrindəki 15 minlik döyüşçü isə onlara hərbi dəstək verməli idi. Səfəvilər inşaat rayonuna 10 minlik qızılbaş qoşunu göndərməyi planlaşdırırdı. Bundan əlavə Şah Səfi Həştərxan və Tərkidəki rus voyevodalarına müraciət edərək onlardan da 300 strelets və min nəfər kazak istəmiş, amma ala bilməmişdi. Buna baxmayaraq Şah, Krım xanzadəsi Şahin Gireyin sərəncamına 40 minlik bir qoşun verməyi vəd etmişdi. Şimali Qafqaz hakimləri, təbii ki, Səfəvilərin niyyətindən xoşlanmamışdılar. Rüstəm xan inşaat işlərində iştirak təklifini rədd etmiş, Sultan Mahmud və oğlu Aydəmir, habelə avar nutsalı Sunjada hərbi qala tikilməsinə kəskin etiraz bildirmişdilər. Onların qırımından güclü müqavimət hərəkatının başlayacağını anlayan Şahin Girey işləri yarıda saxlamış, şahın qəzəbinə gəlməkdən qorxduğu üçün birbaşa Krıma qayıtmışdı.

Lakin Şah Səfi fikrində israrlı görünürdü. Üstəlik osmanlılarla sülh bağladıqdan sonra onun iştahı daha artmışdı; artıq Şimali Qafqazda 1 deyil, 5 qala salmağı və Surxay şamxala kömək üçün 30 minlik qızılbaş ordusu göndərməyi planlaşdırırdı. Yerli hakimlərin mövqeyi bu dəfə də dəyişmədi. Surxay şamxal özü belə bu plana qarşı çıxdı. Bəzi hakimlər etiraz əlaməti olaraq şahdan üz döndərib ruslar tərəfə keçdilər. Aralarında çara sədaqət andı içəni də oldu. Səfəvilərə həmişə can-başla xidmət etmiş Qaytaqlı Rüstəm xan Osmanlı-Krım səfinə keçdi. Bu zaman Səfəvi taxtında Şah Səfini əvəz etmiş II Şah Abbas Rusiyanı Şimali Qafqazdan vurub çıxarmaq xətti götürmüşdü və bunun üçün strateji məntəqələrin hakimlərini öz etibarlı adamları ilə əvəzləmək istəyirdi. 1645-ci ildə o, Qaytaq usmisi Rüstəm xanı  kənarlaşdırıb yerinə qohumu Əmirxan Sultanı təyin etmişdi. Rüstəm xanın osmanlılara yaxınlaşmasının bir səbəbi də bu idi.

Qeyd etmək lazımdır ki, 1640-cı illərdə regionda geosiyasi ziddiyyətlərin kəskinləşməsi tayfalar və tirələr arasında daxili ədavətin də qızışmasına yol açırdı. Adıq hakimi Çərkəz Mutsalın braqun tayfalarını itaət altına alaraq Sunjanın Terekə töküldüyü mübahisəli torpaqlara köçürməsi Qumuq bəyi Qazanəlinin (rus mənbələrində “Kazanalip” kimi göstərilir) maraqlarına toxunurdu. Mutsalın ruslarla yaxınlığı son nəticədə onun qarşı tərəfə keçməsinə səbəb oldu. Kafir-Qumuq və Buynak hakimləri isə Rusiya təbəəliyini qəbul etdilər. Tərki şamxalı Surxay da onlarla birlikdə and içmək istəyirdi, lakin Səfəvilər tez tərpənib, onun könlünü ala bildilər. Şah Abbas Surxay şamxala yeni torpaqlar bağışlayaraq, ona maaş kəsdi, əvəzində isə ikibaşlı oyunlarına son qoyub yalnız Səfəvi hakimiyyətinə qulluq göstərməsini tələb etdi. Sunja üzərində qızılbaş qalasının tikilməsinə bu və digər dərəcədə dəxli olan bütün bu gərgin hadisələr onunla nəticələndi ki, 1642-ci ildə Moskvaya gəlmiş Səfəvi səfiri Hacıbəyə çarın qəti mövqeyini bu sözlərlə çatdırdılar: “Çərkəz və qumuqlar əlahəzrət çarın əbədi xoloplarıdır və onun himayəsindədirlər”. Bununla da Səfəvi tərəfinin Şimali Qafqazda qalalar və istehkamlar şəbəkəsi yaratmaq planı iflasa uğradı.

50-ci illərdə isə ruslar özləri Sunja üzərində qala salmaq (bəzi mənbələrə görə köhnə qalanı bərpa etmək) qərarına gəldilər. 1651-ci ilin Posolski Prikaz (çar hökumətində xarici siyasətlə məşğul olan qurum) bununla bağlı planı təsdiq etdi. İnşaat işlərinə başlamazdan əvvəl tersk kazakları və Kabarda hakimi Çərkəz Mutsal yaxınlıqda yaşayan noqayları zərərsizləşdirmək məqsədi ilə Terek çayının sağ sahilinə gəlib Mirzə Çobandan öz ulusu ilə birlikdə rus təbəəliyinə keçməyi tələb etdilər. Etiraz edən Mirzə Çoban qeyri-bərabər döyüşdə məğlub oldu. Çərkəz Mutsal noqaylara divan tutdu. Bəzi tarixçilər onun qəddarlığını 6 il əvvəlki (1645-ci ildə) Çerkassk döyüşlərinə görə krımlılardan qisas alması kimi qiymətləndirirlər. Həmin ilin payızında Krım ordusu Don kazaklarının mərkəzi şəhəri sayılan Çerkasskı mühasirəyə almış, köməyə gələn Çərkəz Mutsalı cəzalandırmışdılar. Doğrudur, voyevoda Semyon Pojarskinin başçılığı altında Rusiyanın müxtəlif yerlərdən toplanmış böyük ordu ilə bacarmayacaqlarını anlayan krımlılar tezliklə geri çəkilmiş, lakin onları Perekopa qədər qovmaq istəyən ruslarla bir neçə dəfə döyüşməli olmuşdular. Alınan əmrə əsasən, S.Pojarski krımlıları sona qədər təqib edib, mümkün olarsa, xanlığın ərazisinə girə bilərdi, amma Osmanlı dövləti ilə münasibətlərin pozulmaması üçün Azov (Azak) qalasından yan keçməli idi. Qalada 40 min rus əsirinin olması haqqında şaiyələrə inanan Don kazakları isə bu əmri pozmuş, Çərkəz Mutsalın döyüşçüləri də onlara qoşularaq Azov qalasına uğursuz bir həmlə etmişdilər. Pojarskinin səyləri ilə qaladan uzaqlaşdırılan birləşmiş qoşun bu dəfə yolüstü noqay mirzələrindən Şatemirin ulusuna soxulmuş və Mutsalın təhriki ilə günahsız insanları qılıncdan keçirmişdilər (deyilənə görə, bu yolla Çərkəz Mutsal həmin yürüşdən az əvvəl noqaylar tərəfindən öldürülmüş yaxın adamlarının qisasını almaq istəmişdi). Şatemir Mirzəyə üz vermiş fəlakətdən xəbər tutan kimi 200 minlik Krım qoşunu və yeniçəri kalqay Nirəddin Gireyin başçılığı altında rusların ardınca düşərək, onları haqlamış, düşmənə (xüsusilə Mutsalın döyüşçülərinə) ağır itki vermişdi. Bu döyüşlərdə ağır yaralanan S.Pojarski ilə Çərkəz Mutsalın arası dəymişdi.

Rus çarı 1651-ci ilin 31 martında Sunja qalasının tikilməsi haqqında fərman imzaladı. İyunun ortalarında artıq hazır olan qalanın Şimali Qafqaz üzərində nəzarətin gücləndirilməsinə əlavə imkan yaratdığını xüsusi qeyd etməyə, yəqin ki, ehtiyac yoxdur. Moskva yerli tacirlərin Qara və Azov dənizlərində apardıqları sövdələşmələrdən vaxtında xəbər tutmağa, eləcə də bu əməliyyatlardan gəlir götürməyə başlayırdı. Səfəvi şahı isə Sunja üzərində qalın divarlar və bürclərlə möhkəmləndirilmiş qalanın istifadəyə verilməsini Rusiyanın işğalçılıq siyasətinin aşkar göstəricisi kimi qiymətləndirib bununla barışmayacağını büruzə verdi. Əvvəlcə Şamaxı bəylərbəyi Xosrov xan Həştərxan voyevodalarına məktub yazıb, qreben kazaklarının şah mülkündə icazəsiz şəhər saldığı və Çərkəz yolunu möhkəmləndirdiklərini bildirdi və izahat tələb etdi. Həştərxandan göndərilən cavabda deyilirdi ki, “nəinki Sunja, həm də Tərki qalasının yerləşdiyi torpaqlar qədim zamanlardan Rusiya çarlarının mülküdür və onlar burda istədiklərini eləməkdə tam azaddırlar”. Bunun ardınca Moskvadan alınan təlimatla Tərki şamxalı Surxay, Endireyli Qazanəli 800 nəfərlik bir qüvvə və 2 topla Sunjaya doğru irəlilədilər. Yolda Mutsalın dəstəsi və tersk kazakları da onlara qoşuldular. Əlavə olaraq Beslan Mirzə Bitemrükovun əmrindəki “yurt tatarları” (Həştərxan noqayları) da köməyə göndərildi. 1651-ci ilin noyabrında Çərkəz Mutsalın oğlanları Kasbulat və Kantemir kabardalı, noqay və vaynaxlardan (çeçenlər və inquşlar) ibarət hərbi dəstə ilə bir həftə sərasər səfəvilərin şiddətli hücumlarını dəf etdilər. Bununla belə rus arxivlərində saxlanan 7 may 1653-cü il tarixli bir sənəddən məlum olduğu üzrə, Moskva böyük müharibə başlamasına yol verməmək üçün güzəştə gedərək Sunjadan geri çəkildi.

XVII əsrin ortalarında Şimali Qafqazda qalalar salmaq və onları uçurmaq üstündə  ehtirasların qızışmasından söz düşmüşkən, Krım xanı İslam Gireyin çar Aleksey Mixayloviçlə bir yazışmasını da diqqətdən kənarda qoya bilmərik. 1654-cü ildə İslam xan rus çarından Terek üzərində yaşayan qumuqların Krıma və Çərkəz diyarına gediş-gəlişinə mane olan qalanın sökülməsini tələb etmiş və bunu “qumuqların Məhəmməd ümməti, qumuq yurdunun isə İslam mülkü olması” ilə əsaslandırmışdı. Söhbət, böyük ehtimalla, Tərki qalasından gedirdi və rus hökuməti bu tələbi də əvvəlkilər kimi qulaqardına vurmuşdu. Krım xanlarının bütün cidd-cəhdlərinə rəğmən, faktik materiallar aşkar göstərir ki, 50-60-cı illərdə   Rusiya artıq Şimali Qafqazda saymazyana bir tərzdə hücum mövqeyindən çıxış edir. Kabarda hakimlərindən Alequko Şoqenukov və Xatokşoko Qazıyevə Krım xanları ilə mübarizə aparmaq üçün silahlı dəstələr yaratmaq haqqında çar “qramota”sının göndərilməsi buna dəlalət edir. Onlar min nəfərlik dəstə çıxarmağa gücləri çatmadığını söyləsələr də, rus qoşunlarına hər cür dəstək göstərməyə hazır olduqlarını bildirirlər. Nəzərə almaq lazımdır ki, bunu söyləyənlərin biri- Xatokşoko öz bacısını Krım xanı ilə qohumdur. Özü də bu hadisə Krım xanının arvadı (onun bacısı) böyük bir hərbi dəstə ilə Kabardada qonaq olduğu vaxt baş verir. Xanımın məiyyətindəki dəstə həm də noqay, kabardin və çərkəz vilayətlərindən yasaq (xərac) toplamaqla məşğuldur. Alequko Şoqenukov isə Moskvadan aldığı təlimata baxmayaraq, xəracın yığılmasına, 130 adamın və çox sayda cins Kabarda atının Krıma aparılmasına mane ola bilməsə də çar sarayını xanın təbəəsi olmadığına inandırmağa çalışır. Yerli hakimlərin (hətta Gireylərlə qohum olsalar belə!) tərəf tutmaqda (seçməkdə) ciddi tərəddüd keçirdikləri göz qabağındadır! Moskva eyni zamanda Qazi Kabardasının (“Böyük Kabarda”) Krımla əlaqələrini kəsməsinə nail olur və onlara Tərki yaxınlığına köçməyi təklif edir. 1662-ci ilin avqustunda “Böyük Kabarda” və onunla müttəfiq olan Kiçik Noqay Ordasının mirzələri Həştərxana gəlib, çarın şərtləri ilə razılaşdıqlarını bildirirlər.

Rusiya Krıma kalmıklar vasitəsi ilə də təzyiqləri gücləndirir. 1655-ci ildən etibarən mütəmadi olaraq yarımadaya kalmık hücumları davam etdirilir. 1659-1660-cı illərdə Krım xanı sülh danışıqlarına başlamaq istəsə də, müvəffəq ola bilmir. 1662-ci ildə Ukrayna üzərinə yürüşdən qayıdan Krım xanı kalmıkların hücumuna məruz qalır. Ertəsi il onlar artıq Orqapı yaxınlığında qışlayır, əhaliyə olmazın əziyyət verirlər. Zaporojye kazakları ilə birlikdə Krım tümənini darmadağın edir, Bucağa qədər irəliləyirlər. Kalmıklar artıq Şimali Qafqazın hər trəfinə yayılıblar. Bu isə  bölgədə rusların nüfuzunun güclənməsinə və tərəfdarlarının artmasına səbəb olur. Qumuq mülklərində məskən salmış braqunlar kalmık basqınlarından cana doyaraq ruslara səğınmaq məcburiyyətində qalırlar. Kalmıkların qumuqlarla yaxın olan noqay mirzələrinə qarşı xüsusi qəddarlıqla rəftar etmələri də təsadüfi sayılmamalıdır. Osmanlı dövləti ilə münasibətlər kəskinləşərək müharibə həddinə yaxınlaşdıqca çar hökuməti kalmıklarla ittifaqı rəsmiləşdirir, Krım xanlığı əleyhinə birgə fəaliyyət göstərdiklərini açıqlayır. 1676-1681-ci il müharibəsi ərəfəsində Çərkəzli Kasbulat Mutsaloviç kalmık və kazaklarla birləşərək Krım ərazilərinə soxulur, çoxlu əsir alır, talançılıq edir. Rusiya gücləndikcə, daha irəli gedir, ara-sıra Osmanlıdan çəkinmədiyini də bəyan edir, Krım xanlığına qarşı işğalçılıq siyasətini açıq müstəviyə keçirir. 1687-ci və 1689-cu illərdə knyaz Qolitsinin başçılığı ilə Krıma edilən iki yürüş məhz bu əhval-ruhiyyənin göstəricisidir. XVIII əsrin 80-ci illərində xanlığın süqutuna qədər bu açıq qarşıdurma bütün istiqamətlərdə gah bu, gah da o biri tərəfin üstünlüyü şəraitində davam edir.

1701-ci ildə çərkəzlər üzərinə növbəti yürüşə çıxan Krım xanlığının hələ geosiyasi oyunların iştirakçısı kimi qəbul edildiyini görürük. 1707-ci ildə üsyana qalxan başqırdların Baxçasaraya elçilər göndərib, kömək istəməsi bunu düşümnəyə əsas verir. Doğrudur, Krım onların imdadına çata bilmir, amma Qafqazda möhkəmlənmək üçün qüvvələrini səfərbərliyə alır. Təəssüf ki, Kaplan Girey xanın 1708-ci ildə Kabarda üzərinə hücumu uğursuzluqla başa çatır. Bu yürüşün taleyini həll etmiş Kanjal döyüşünün “miqyas və əhəmiyyəti müasir Şimali Qafqaz tarixşünaslığında xeyli şişirdilsə də” (Y.V.Pilipçuk), zənnimizcə, bu döyüş Krım xanlığının bölgə uğrunda mübarizəsində ciddi dönüş nöqtəsi sayılmalıdır. Yürüşün səbəbi (daha doğrusu, bəhanəsi) kimi müxtəlif amillər göstərilir. İ.-Q.Gerberin fikrincə, səbəb- müstəqiliik əldə etmiş çərkəzlərin Krım xanlığına xəracı kölələrlə verməkdən imtina etmələridir. Bu fikirlə razılaşan de la Motre də çərkəzlərin xəracı kölə və atlarla ödəmək istəmədiklərini yazır. E.Kempfer Krım xanının  xəracı iki dəfə artırmasını, qarşı tərəfin isə bununla razılaşmamasını səbəb göstərir. Silahdar Fındıqlılı isə səfərin səbəbini 1707-ci ildə Şahbaz Gireyin çərkəzlər tərəfindən qətl edilməsi, qisas üçün gələn krımlıların da qılıncdan keçirilməsi ilə əlaqələndirir. Tarixçilər Krım qoşununun hər cəhətdən üstünlüyü xüsusunda həmrəy olsalar da, gözlənilməz məğlubiyyəti müxtəlif cür izah edirlər. Bəziləri çərkəzlərin keçilməz dağ keçidlərində krımlıları tələyə salması, bəziləri qəfləti gecə basqını, digərləri bələdçilərin xəyanətkarlığı versiyası üzərində israr edirlər. Hər necə olsa da, Kanjalın qan gölünə döndüyü, minlərlə Krım əskərinin məzarına çevrildiyi, Kaplan Gireyin qaçaraq canını güclə qurtardığı, tezliklə taxtından salınaraq yerini II Dövlətə təhvil verdiyi hamı tərəfindən şəksiz həqiqət kimi qəbul edilir.

Türk tarixçilərindən Məhməd Rəşid, Xürrəmi Çələbi Akay və Səid Məhəmməd Pzanın yazdqlarına görə, Kanjalın intiqamını almaq üçün Krım qoşunu Kabardaya hücum çəkir. Onların Qızılburuna daxil olmasını eşidən kabardalılar Kaşkadağa, Canbulatoğluna pənah aparırlar. Amma bu ədavət xeyli davam edir. 1718-ci ildə Səadət Girey Kubanda nekrasovçularla birləşmiş çərkəz qoşunlarına ağır itkilər verir. O, Böyük Kabarda bəylərindən Rusiya ilə bütün münasibətləri kəsərək, Krım tərəfinə keçməyi tələb edir. İtaət göstərməyənləri qılıncdan keçirir, öz tərəfdarı İslambəy Misostavı Kabardanın böyük knyazı təyin edir. Bunu eşidən I Pyotrun 1721-ci ilin noyabrında həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində Kaşkadağ knyazları Nalçık yaxınlarında krımlılarla döyüşə girərək, qələbə çalırlar. Həmin il Terek həndəvərinə gələn Həştərxan qubernatoru A.Volınski ara döyüşlərindən başları ayılmayan Kabarda feodallarını barışdırır və onları Rusiyaya sədaqət andı içməyə vadar edir. İslambəy Misostav tutulub Həştərxana göndərilir, onun yerinə Rusiya tərəfdarı Arslanbəy Kaytukin təyin olunur. Yenidən taxta qayıdan Kaplan Girey qisasını axıradək almaq məqsədi ilə 1734-1735-ci illərdə 80 minlik qoşunla gələrək, Kabarda bəylərini itaətə məcbur edir, çeçenlərin yardımı ilə rus istehkamlarını yarıb, Dərbəndə qədər irəliləyir. 1743-cü ildə isə II Səlimin kalqayı Şahin Girey yenidən çərkəzlər üzərinə hərəkət edib, onların gözünü qırmaq üçün ilə 800 nəfəri əsir (“yasır”) aparır. Göründüyü kimi, üstünlük tez-tez bir tərəfdən o birinə keçir və çərkəz feodalları da tərəf dəyişmək məcburiyyətində qalırlar.

Ümumilikdə götürdükdə XVIII əsrin əvvəllərindən yeni mərhələyə keçən Krım-Şimali Qafqaz münasibətləri artıq müstəqil hərbi-siyasi vektor kimi deyil,  çarizmin Qafqaza, xanlığın özünə, eləcə də tənəzzülə uğrayan Səfəvilərə və onların küllərindən yenidən doğan Əfşarlara qarşı apardığı çoxyönlü və genişmiqyaslı  işğalçılıq siyasətinin tərkib elementi kimi önəm daşımağa başlayır. Biz də bu münasibətləri həmin taleyüklü hadisələr kontekstində (yeri gəldikcə) nəzərdən keçirəcəyik. İndi isə, zənnimizcə,  xronoloji baxımdan bir qədər geri qayıdıb Krım xanlığının tarixini onun xarici siyasətində mühüm əhəmiyyətə malik digər bir istiqamət üzrə- Ukrayna ilə münasibətlər zəminində nəzərdən keçirməliyik.

N.MUSTAFA

(ardı var)