Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsidir. Ölkəmizin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin hər biri ilə çox sıx əlaqələri mövcuddur. Bunu Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşün keçirildiyi Özbəkistanla olan yüksək səviyyəli münasibətlər də təsdiq edir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin son 7 ayda üç dəfə Özbəkistana səfər etməsi Azərbaycan-Özbəkistan ikitərəfli münasibətlərinin intensivliyindən xəbər verir. Səfərlər zamanı aparılan müzakirələr onu göstərir ki, Azərbaycan-Özbəkistan əlaqələri daha da yüksək səviyyəyə qalxmışdır. Ümumiyyətlə, Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən biri də odur ki, türk dünyasının birliyi təmin olunsun.
Noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə çıxışı zamanı cənab İlham Əliyev türk dünyasının birliyinin önəmindən bəhs edərkən bildirdi ki, Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq.
Türk dövlətlərinin bu formatda ilk Zirvə Görüşünün də məhz Naxçıvanda keçirilməsi ölkəmizin türk dünyasının birliyi naminə gördüyü böyük işlərin göstəricisidir. 2009-cu ildə Naxçıvan Zirvə Görüşündən başlayaraq Türk Dövlətləri Təşkilatı böyük inkişaf yolu keçmişdir. Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir.
IX Zirvə Görüşündə türk dünyası böyük bir ailə adlandıran Prezident cənab İlham Əliyev vurğuladı ki, türk dünyası bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməlidir. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq. Türk dünyasının təkcə müstəqil türk dövlətlərindən ibarət olmadığını, onun coğrafi sərhədlərinin daha geniş olduğunu diqqətə çatdıran Azərbaycan Prezidenti öz çıxışı ilə Təşkilat qarşısında bır sıra mühüm vəzifələr də müəyyənləşdirdi. Belə ki, Prezident cənab İlham Əliyev Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşların hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələlərin artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vacibliyini qeyd etdi. Ölkə başçısı cənab İlham Əliyev eyni zamanda onu da bildirdi ki, gənc nəslin yaşadıqları digər ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur. Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları daim təşkilatın gündəliyində olmalıdır. Öz çıxışında Azərbaycan dövlətinin xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquq və azadlığının, təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirdiyini qeyd edən Prezident cənab İlham Əliyev taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətənləri ilə əlaqələrin heç vaxt kəsilməməsi üçün dövlətimizin üzərinə düşən bütün işləri görəcəyini bildirdi.
Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə Azərbaycan həqiqətlərinə diqqət çəkərək Prezident cənab İlham Əliyev bildirdi ki, Azərbaycan xalqı Qarabağın və Şərqi Zəngəzurun Ermənistan işğalından azad olunmasının ikinci ildönümünü böyük qürur hissi ilə qeyd etdi. İki il əvvəl Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyuldu, tarixi ədalət və beynəlxalq hüquq bərpa olundu. Bununla Azərbaycan həm də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini özü icra etdi. Ölkə başçısı cənab İlham Əliyev onu da diqqətə çatdırdı ki, otuzillik işğal bitsə də, onun ağır fəsadları hələ də qalmaqdadır. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi Ermənistan tərəfindən yer üzündən silinib. Vaxtilə böyük və çiçəklənən şəhər olmuş Ağdam o dərəcədə dağıdılıb ki, xarici ekspertlər onu “Qafqazın Xirosiması” adlandırırlar. Ermənistan işğal zamanı 67 məsciddən 65-ni yerlə-yeksan edib, qalan 2 məscid isə ciddi zərər görüb və donuz, inək saxlanılması üçün istifadə olunub. Bu, bütün müsəlman dünyasına təhqirdir. İslamofobiya və türkofobiya Ermənistanın rəsmi ideologiyasının bünövrəsini təşkil edir.
Çıxışında Prezident cənab İlham Əliyev Ermənistanın münaqişə bitdikdən sonra da müharibə cinayətlərini davam etdiridiyini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Belə ki, Ermənistan işğal zamanı Azərbaycana məxsus ərazilərdə bir milyondan çox mina basdırıb və Vətən müharibəsindən ötən iki il ərzində 270-ə yaxın Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub və ya ağır yaralanıb. İkinci Qarabağ müharibəsinin başa çatmasından iki il keçməsinə baxmayaraq, Ermənistan sərhəddə hərbi təxribatlarını davam etdirir. Sentyabr ayında Azərbaycan Silahlı Qüvvələri Ermənistanın hərbi təxribatının qarşısını almaq üçün qətiyyətli əks-hücum əməliyyatı keçirməyə məcbur oldu. Bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işləri aparır. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması üçün “Böyük Qayıdış” proqramının icrasına başlanılıb. Ölkə başçısı bu prosesdə Türkiyə şirkətlərinin podratçı kimi bir çox infrastruktur layihələrində fəal iştirak etdiklərini də vurğuladı. Prezident cənab İlham Əliyev bundan əlavə, işğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistan tərəfindən məktəb tikiləcəyini, Qazaxıstan tərəfindən isə yaradıcılıq mərkəzinin inşa olunacağını da qeyd etdi. Qarabağ münaqişəsinin tarixdə qaldığını bildirən Prezident cənab İlham Əliyev İkinci Qarabağ müharibəsinin nəticələrinin bölgə üçün yeni imkanlar açdığını, bütün region ölkələrinin faydalanacağı Zəngəzur dəhlizinin yaradılması üçün ölkəmizin öz ərazisində genişmiqyaslı fəaliyyət həyata keçirdiyini diqqətə çatdırdı.

Cavid Osmanov,
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası