15 noyabr 2022 11:07
402

Türk birliyinin güclənməsi regionda yeni reallıqlar yaradır

Noyabrın 11-də Özbəkistanın qədim şəhəri olan Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu mötəbər tədbirdə iştirak edib. Bu səfər ölkə başçısının son 7 ayda Özbəkistana üçüncü səfəri idi. Səfərlər zamanı aparılan müzakirələr Azərbaycan-Özbəkistan əlaqələrinin daha da yüksək səviyyəyə qalxdığını bir daha göstərir.Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Ölkəmiz hər zaman türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq olduğunu bir daha nümayiş etdirib. Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir. Bundan başqa  Türk dünyası böyük bir ailədir.

Türk dünyası bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməlidir. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq. Dövlətimizin başçısı Özbəkistana bundan əvvəlki səfəri zamanı Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Səmərqənddə keçirilmiş Sammitində Fəxri qonaq qismində iştirak etmişdi. Bu dəvət qarşılıqlı əlaqələrimizin yüksələn xətlə inkişafına aydınlıq gətirməklə yanaşı, prezidentlərin şəxsi münasibətlərinə, bir-birinə etimadlarına işıq saldı. Hər səfər zamanı prezidentlərin görüşündə ayrı-ayrı sahələrdə əlaqələrin hazırkı inkişaf səviyyəsinə xüsusi diqqət yönəldilir, perspektivlər müzakirə olunur. Dövlətimizin başçısı Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü çərçivəsində Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdü. Hər iki görüşdə Azərbaycanın bu günlərdə tarixi Zəfərinin ikinci ilini qeyd etməsi ilə bağlı Prezident İlham Əliyevə təbriklər çatdırıldı. “Sizin yaxın dostlarınız kimi biz də bu Zəfəri bayram etmişik. Bu münasibətlə Sizi bir daha təbrik edirəm. 12 Noyabr - Konstitusiya Gününüzü təbrik edirəm. Sabah sizdə Milli Olimpiya Komitəsinin 30 illiyidir, bu münasibətlə də təbrik edirəm - Siz bu təşkilata rəhbərlik edirsiniz”, - söyləyən Özbəkistan Prezidenti bildirdi ki, bunlar yaxşı dostların heç vaxt unutmamalı olduqları hadisələrdir. İki dost ölkənin münasibətləri strateji əhəmiyyət daşıyır. Əlaqələrimiz sistemlidir və konkret nəticələr verir.

Tarixi Zəfərimiz türk dünyasının birliyində də əhəmiyyətli rol oynayır. Ötən il Türk Dövlətləri Təşkilatının VIII Zirvə Görüşündə Prezident İlham Əliyevə Türk Dünyasının Ali Ordeninin təqdim olunması ölkəmizin bu birliyə, həmrəyliyə töhfələrinin davamlılığının təsdiqidir. Həmin Zirvə Görüşündə quruma sədrlik Azərbaycandan qardaş Türkiyəyə keçdi. Bu gün Səmərqənddə keçirilən IX Zirvə Görüşündə isə qardaş Türkiyə sədrliyi Özbəkistana təhvil verdi. Prezident İlham Əliyev Sammitdəki çıxışında qardaş Türkiyəyə bir il ərzində təşkilatda uğurlu sədrliyə görə təşəkkür edir, qardaş Özbəkistana sədrliyi dönəmində uğurlar arzulayıram. Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq. 2009-cu ildə Naxçıvan Zirvə Görüşündən başlayaraq təşkilatımız böyük inkişaf yolu keçib. Azərbaycan dövlətinin xarici siyasətində diaspor quruculuğunun, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın bir ideya-azərbaycançılıq məfkurəsi ətrafında sıx birliyinin təmin edilməsi istiqamətində atılan addımların uğurlu nəticələrindən bəhs edərək diqqəti tarixi Zəfərimizdə dünya azərbaycanlılarının həmrəyliyinin roluna yönəldib.

Aynur Həsənova,
YAP-ın gənc fəalı