Prezident İlham Əliyev Səmərqənddə keçirdiyi ikitərəfli görüşlər və Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışı ilə yeni bir tarix yaratdı. Prezident həmçinin çıxışında Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin və milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatdığını bildirdi. Gənc nəslin yaşadıqları ölkələrdə öz ana dilində təhsil almaq imkanının yaradılmasını gündəliyə gətirdi. Prezident İlham Əliyev Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyətinin bu imkanlardan məhrum olduğunu beynəlxalq təşkilatın kürsüsündən səsləndirərək daim gündəlikdə saxlanılmasını və bu istiqamətdə lazımi addımlar atılmasının vacibliyini bildirdi. Bəyan etdi ki, Azərbaycan dövləti acı taleyin hökmü ilə ondan ayrı düşmüş soydaşlarımızın dili, ənənələri və mədəniyyətini qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətəni ilə əlaqələrin heç vaxt kəsilməməsi üçün səylərini davam etdirəcəkdir. Üçüncüsü, Qarabağın və Şərqi Zəngəzurun təcavüzkar Ermənistanın işğalından azad olunması üzərində dayanan Prezident bununla Azərbaycanın tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdiyini, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini özü icra etdiyini söylədi.
Prezident İlham Əliyev bundan başqa qeyd etdi ki, Türk dünyası böyük bir ailədir. Bir-birinin milli maraqlarını nəzərə alaraq, bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməlidir. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də dövlətlər əməkdaşlığı fəallaşdırmalıdır. Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir. Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Prezident İlham Əliyev son 7 ayda üç dəfə Özbəkistana səfər edib: aprel ayında dövlət səfəri, sentyabr ayında Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Zirvə Görüşü və noyabrda Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü. Səfərlər zamanı aparılan müzakirələr onu göstərir ki, Azərbaycan-Özbəkistan əlaqələri daha da yüksək səviyyəyə qalxmışdır. Bu əlaqələrin bütün türk dövlətləri ilə yüksələn xətlə inkişaf etməsi dövlətimizin əsas vektorlarındandır. Cənab Prezident İlham Əliyev öz çıxışında Azərbaycan işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işlərindən danışarkən türk dövlətlərinin şirkətlərinin bu quruculuq işlərində iştirakını müsbət dəyərləndirib. Bildiyimiz kimi İşğaldan azad edilmiş ərazilərdə Türkiyə şirkətləri öz töhfələrini verir, bundan əlavə Füzuli rayonunda Özbəkistan tərəfindən məktəb tikiləcək, Qazaxıstan tərəfindən isə yaradıcılıq mərkəzi inşa olunacaqdır. Beləliklə İkinci Qarabağ müharibəsinin nəticələri bölgə üçün yeni imkanlar açır. Azərbaycan Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir və dəhlizlə bağlı öz ərazisində genişmiqyaslı fəaliyyət həyata keçirir. Zəngəzur dəhlizinin açılmasından bütün region ölkələri, xüsusilə türk dövlətləri faydalanacaq. Beləliklə, Türk Dövlətləri Təşkilatı artıq regional təşkilat olmaqla yanaşı, coğrafi əlaqələri mövcud olan dövlətlər birliyinə çevriləcək.
Ayşən Qasımova,
YAP-ın gənc fəalı
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası