Ortaq tarixə, mədəni mirasa, eyni etnik kökə, dinə sahib Azərbaycan və Özbəkistan arasında münasibətlər son illər yüksələn xətlə inkişaf edir.
Azərbaycan və Özbəkistan arasında diplomatik münasibətlər 1995-ci il oktyabrın 2-də qurulub. Ölkələrimiz müstəqilliklərini bərpa etdikdən sonra - 1996-cı ilin ortalarında Azərbaycanın Özbəkistanda, 1998-ci ilin mayında isə Özbəkistanın Bakıda səfirlikləri fəaliyyətə başlayıb. İki ölkə prezidentləri arasında sıx dialoq və qarşılıqlı anlaşma sayəsində yüksək strateji əməkdaşlıq səviyyəsi əldə olunub.
Azərbaycan-Özbəkistan geoiqtisadi üstünlüyü bu gün regional və qlobal təchizat zəncirlərinin sabitliyini qoruyub saxlamaq üçün alternativ imkanları müəyyən edir. Məhz onların Cənubi Qafqazda, Mərkəzi və Cənubi Asiyadakı logistika potensialı İran, Azərbaycan, Qazaxıstan və Türkmənistan, Özbəkistan və Qırğızıstan limanları vasitəsilə Çinin Sakit okean limanlarından Avropaya, Fars körfəzi dövlətlərinə, həmçinin Pakistan və Hindistana yüklərin tranzit daşınması ilə Şimal-Cənub və Şərq-Qərb dəhlizlərini, Həştərxan və Olya limanları vasitəsilə Avropa ölkələrini və Rusiyanın şimal-qərbini birləşdirir. Beynəlxalq nəqliyyat marşrutları hazırkı mürəkkəb beynəlxalq siyasi şəraitdə Şimali, Qərbi, Mərkəzi və Cənubi Avropa ilə Qafqaz, Cənubi Qafqaz, Qara dəniz və Xəzəryanı regionlar, Yaxın Şərq, Mərkəzi Asiya və Şimal-Şərqi Asiya regionu da daxil olmaqla Asiya-Sakit Okean regionun bir hissəsinin ölkələri arasında birbaşa əlaqəni təmin edir. Həm hazırkı Avropa, həm də Çin strateji baxımdan Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin bütövlükdə ümumavrasiya nəqliyyat şəbəkəsinin inkişafında və Böyük İpək Yolunun dirçəldilməsi proqramında iştirakında maraqlıdırlar.
Qardaş Özbəkistan 44 günlük Vətən müharibəsindəki parlaq Qələbəmizlə artıq tarixdə qalmış Qarabağ münaqişəsinin həllində hər zaman Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib, dəfələrlə beynəlxalq təşkilatlar, ikitərəfli və çoxtərəfli görüşlər çərçivəsində dövlətimizin ərazi bütövlüyü ilə bağlı birmənalı mövqeyini qətiyyətlə ifadə edib. Qürurvericidir ki, Özbəkistan artıq azad Qarabağdakı quruculuq işlərinə qoşulub. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin bilavasitə təşəbbüsü ilə Füzuli rayonunda Özbəkistan dövlətinin vəsaiti hesabına böyük məktəbin inşasının layihəsi Azərbaycan hökumətinə təqdim olunub. Əminik ki, azad Qarabağda aparılan bərpa-quruculuq işlərinə qardaş özbək xalqı və Özbəkistan dövləti daha böyük töhfələr verəcək, iki ölkə arasındakı qarşılıqlı etimada söykənən və əsrlərdir davam edən dostluq və qardaşlıq əlaqələri bundan sonra da inkişaf edəcək, xalqlarımızın rifahının yaxşılaşmasına xidmət göstərəcəkdir.
Şəbnəm İsmayılova,
YAP-ın gənc fəalı
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası