15 noyabr 2022 10:10
516

Ümumtürk birliyinin möhkəmləndirilməsi xarici siyasətin əsas prioritetlərindən biridir

Ötən əsrin sonlarında müstəqil dövlətçiliyini bərpa etmiş Azərbaycan Respublikası eyni tarixi kökə, dinə, dil qrupuna, oxşar mental dəyərlərə malik xalqlarla münasibətlərini tamamilə yeni müstəvidə qurmaq imkanı əldə etmişdir. Respublikamız bu gün bütövlükdə türkdilli xalqlara məxsus ortaq dəyərlərin, müsbət ənənələrin daşıyıcısı olaraq, onların vahid məqsəd və ideyalar ətrafında konsolidasiyasını gerçəkləşdirmək əzmi nümayiş etdirir. Bütün həyatı boyu türkdilli xalqların qədim tarixi keçmişinin, milli-mənəvi dəyərlər sisteminin müdafiəsində dayanmış Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı - Azərbaycan Prezidenti Cənab İlham Əliyevin fəaliyyəti bu baxımdan diqqəti xüsusi cəlb edir.

Dünya təcrübəsində tarixi-etnik köklərlə, eyni dil qrupu, ənənə və dəyərlərlə bir-birinə yaxın olan xalqların vahid ideya birliyi və həmrəyliyi ilə bağlı çoxsaylı nümunələr gətirmək mümkündür. Minilliklər boyu yol gəlməklə tarixin sərt sınaqlarından üzüağ çıxmış, milli dövlət qurmaq, müstəqil yaşamaq haqlarını əzmlə qorumuş türkdilli xalqların ideya-mənəvi birliyini təmin edən amillər isə daha çoxdur. Təməl prinsipində dahi Atatürkün "Yurdda sülh, cahanda sülh" tezisi dayanan türkçülük ideologiyası möhkəm ideoloji istinad nöqtəsi kimi daha geniş coğrafi ərazidə türkdilli xalqları bir-birinə sıx şəkildə bağlayır, onlarda milli kimlik şüurunu, həmrəylik, təəssübkeşlik hisslərini və duyğularını gücləndirir. Bu birlik və həmrəylik eyni zamanda, türkdilli dövlətlərin müxtəlif qlobal enerji və kommunikasiya layihələrinin gerçəkləşdirilməsi naminə birgə səy göstərməsini, geniş iqtisadi əlaqələr qurmasını təmin edir.

Müzəffər Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyev ümumtürk birliyinin möhkəmləndirilməsi xəttini xarici siyasətdə mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirərək, təkcə Türkiyə ilə deyil, Orta Asiyanın türkdilli dövlətləri ilə münasibətləri gücləndirmək xəttinə üstünlük verir. Dövlət başçısı türkdilli xalqların oxşar milli irsinə, ülvi və pak dəyərlərinə, mental xüsusiyyətlərinə həm də ümumi müqaviməti və səfərbərliyi təmin edən güclü ideoloji-siyasi təsir vasitəsi kimi yanaşır. Cənab İlham Əliyevin fəaliyyətini yaxından izləyən hər kəs təsdiqləyə bilər ki, bu gün Azərbaycan türk dövlətlərinin inteqrasiyası prosesinin sadəcə iştirakçısı deyil, həm də ən fəal təşəbbüskarlarındandır. Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına sədrlik etməsi bunu bir daha sübut edir. Rəsmi Bakı Avropa və ümumilikdə Qərb, habelə Rusiya ilə mövqeləri yaxınlaşdırmaqla bərabər, türk dünyasının mənəvi birliyinin siyasi təzahürünə nail olmaq, dünya qarşısına bütün cəhətlər üzrə daha üstün sivilizasiya ilə çıxmaq zərurətini diqqətdən kənarda qoymur.

Azərbaycan Prezidenti İlham Əliyev dünya siyasətinə təsir imkanları olan türkdilli dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, inkişaf etdirmək, beynəlxalq təşkilatlarda Azərbaycanın mövqelərini gücləndirmək istiqamətində mühüm addımlar atmışdır. Türk dövlətlərinin, xalqlarının, diaspor təşkilatlarının vahid ideya və məqsədlər uğrunda mübarizə aparması, ideoloji-siyasi cəbhədə eyni mövqe nümayiş etdirməsi, bədnam erməni lobbisinə qarşı mütəşəkkil mübarizəyə qoşulması cənab Prezident İlham Əliyevin ən çox səy göstərdiyi məsələlərdəndir. Rəsmi Bakının tarixi, siyasi və dini baxımdan Azərbaycana yaxın olan türkdilli respublikalarla ikitərəfli və çoxtərəfli münasibətlərin genişləndirilməsi təşəbbüsləri də məhz bu məqsədə xidmət edir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev türkdilli dövlətlərlə əlaqələrin daha geniş coğrafi arealda genişləndirilməsinə çalışmaqla, bütövlükdə Türk dünyasının qəbul etdiyi, hesablaşdığı, rəğbət bəslədiyi birləşdirici lider statusunda çıxış edir. Bu əzmkar fəaliyyət milli-dini yaxınlıq amili və təəssübkeşlik prinsiplərindən bir qədər də irəliyə gedərək, bütövlükdə türkdilli xalqların dünya siyasətindəki tarixi yerini, beynəlxalq proseslərə təsir imkanlarını və nüfuzunu təmin etməyə yönəlmiş müqəddəs amal, məsuliyyətli və əzmkar missiyadır.

Cavid Mehdizadə,
YAP Xətai rayon təşkilatının fəalı