14 noyabr 2022 23:46
571

İstanbuldakı terror aktını törədənlər cəzasız qalmayacaq

Bu gün terrorizm bütün bəşəriyyəti təhdid edən qlobal bir bəlaya çevrilib desək, yanılmarıq. Sirr deyil ki, terror ayrı-ayrı ölkələrin vətəndaşlarının təhlükəsizliyinə daha çox təhdid olaraq, əhəmiyyətli siyasi, iqtisadi və mənəvi nəticələr yaradır, əhaliyə güclü psixoloji təsir edir və insanların həyatına son qoyur. Çox təəssüf ki, hazırda terror insanlarda qorxu yaratmaq, cəmiyyəti xaos və anarxiya girdabına sürükləmək, eləcə də dövlət hakimiyyəti orqanlarına, bəzi hallarda isə siyasi rəqiblərə qarşı təzyiq göstərilməsi üçün istifadə edilən antibəşəri bir vasitəyə çevrilib. Yeni dünya nizamının formalaşdığı çağdaş dövrümüzdə terror bəzi beyin mərkəzləri tərəfindən beynəlxalq təhlükəsizliyi təhdid edən əsas amillərdən biri kimi qiymətləndirilir.

Günahsız insanlara qarşı ağlasığmaz qəddarlıq törətmək insanlıq simasını itirmiş terrorçuların əsl xislətidir. Həmişə güclü əllərin-dövlətlərin maşası rolunu oynayan erməni millətçiləri və kürd terror təşkilatları öz ağalarının sifarişlərini yerinə yetərərək qardaş Türkiyə Cümhuriyyəti ərazisində dəhşətli cinayətlər törədiblər.

Son illərdə ASALA və PKK kimi terror təşkilatlarının üzvləri tərəfindən qardaş ölkədə xüsusi qəddarlığı ilə seçilən böyük terror aktları törədilmiş, uşaqlar və qadınlar da daxil olmaqla mülki əhali kütləvi qətliamlara məruz qalmışdır. Bu günlərdə İstanbul şəhərinin mərkəzindəki Taksim səmtində yerləşən İstiqlal küçəsindəki terror aktının törədilməsi də bunun əyani təsdiqidir. Bu qanlı terror aktı nəticəsində 6 nəfər həlak olub, 80-dən çox insan yaralanıb. Terror aktının ASALA və ya PKK terror təşkilatının bir qolu olan “Kürdüstanın Azadlıq Şahinləri” (Teyrebazen Azadiya Kurdistan, TAK) tərəfindən  törədilməsi araşdırılır.

1975 – 1985-ci illər ərzində dünyanın 21 ölkəsinin 38 şəhərində ASALA-nın terror qruplaşmaları tərəfindən 200-dək terror aktı həyata keçirilmişdi. Onlardan 39-u silahlı hücum, 70-dən çoxu bomba partlayışı ilə müşayiət olunmuşdu. Bu aktlar nəticəsində 42 türk diplomatı və digər dövlətlərin 4 diplomatı öldürülmüşdü, həmçinin 15 Türkiyə vətəndaşı və digər dövlətlərin 66 vətəndaşı müxtəlif ağırlıq dərəcəsində yaralanmışdı. 1973-cü il yanvarın 7-də Türkiyənin Los-Ancelesdəki baş konsulu Mehmet Baydar və bu şəhərdəki konsulu Bahadır Dəmir erməni terrorçu Qurgen Yanukyan tərəfindən qətlə yetirlmişlər. Bundan əlavə, erməni terrorçuları tərəfindən həyata keçirilən sui-qəsdlər zamanı 1991-ci və 1994-cü illərdə Türkiyənin Yunanıstandakı səfirliyinin əməkdaşları Çetin Görgü və Ömer Haluk Sipahioğlu, 1993-cü ildə Türkiyənin İraqdakı səfirliyinin attaşesi Çağlar Yücel, 2004-cü ildə Türkiyənin Mosuldakı baş konsulluğunun attaşeləri Nihat Akbaş, Bilal Urgen, Adem Çiçek, Bülent Kıranşal və Süleyman Karahasanoğlu, 2013-cü ildə Türkiyənin Somalidəki səfirliyinin əməkdaşı Sinan Yılmaz və bu il Türkiyənin Ərbildəki baş konsulluğunun əməkdaşı Osman Köse qətlə yetiriliblər. Bu sui-qəsdlərin əksəriyyəti ASALA və JCAG terror təşkilatları tərəfindən həyata keçirilib.

Nəhayət, bu gün beynəlxalq sülh və təhlükəsizliyə, eləcə də insan hüquqlarına qarşı yönəlmiş ən ciddi təhdid olan terrorizmə qarşı fəal mübarizə aparan dünya birliyi erməni-kürd terror təhlükəsinə daha ciddi yanaşmalı, onlara qarşı ən sərt cəza tədbirləri görməlidirlər ki, yenidən günahsız insan faciələrinin təkrarlanmasına yol verilməsin. Hər kəs yaxşı bilməlidir ki, günahsız insanların ölümünə səsəb olan bu qanlı terror aktları ilə gündən-günə inkişaf edən, qlobal gücə çevrilmək yolunda inamla addımlayan qardaş Türkiyə Cümhuriyyətini sarsıtmaq, öz yolundan döndərmək mümkün deyil. Qardaş ölkənin daxili işlər naziri Süleyman Soylunun məsələ ilə bağlı dedikləri əslində bu qanlı hadisəni sifariş edələrə və onun icraçılarına ciddi mesajdır: “Bizə bu acıları yaşadanların daha çox acı çəkə biləcəyi bir cavabı tezliklə onlara göstərəcəyik. Nə olursa olsun, bu mübarizəni davam etdirəcəyik. Terrorçulara güc verən, pul göndərən müttəfiqlərimizin qeyri-səmimiliyi göz qabağındadır. Bu hücumu həyata keçirənlərin bizə hansı mesajı vermək istədiklərini bilirik. Bu mesajı aldıq. Qarşılığını daha ağır verəcəyik. Bu mesaja cavab aydın olacaq. Təbii, kədərimiz çox ağırdır”.

Zahid Rza, “İki sahil”