15 noyabr 2022 03:28
568

Türk dövlətlərinin birliyi sabitliyin təminatına mühüm töhfədir

Səmərqənddə keçirilmiş Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə həmkarlarının Prezident İlham Əliyev haqqında söylədikləri xoş sözlər ölkəmizin siyasi, iqtisadi, hərbi qüdrətinin ifadəsi idi

Türkdilli ölkələrin dövlət başçılarının 2009-cu ildəNaxçıvan Muxtar Respublikasında keçirilən IX Zirvə Görüşündə çıxış edən Prezident İlham Əliyev əminliklə vurğulamışdı ki, Azərbaycan təkcə Türkiyə ilə deyil, Orta Asiyanın türkdilli dövlətləri ilə münasibətləri gücləndirmək xəttinə üstünlük verir. «Bunun nəticəsidir ki, bu gün Azərbaycan türk dövlətlərinin inteqrasiyası prosesinin sadəcə iştirakçısı deyil, həm də ən fəal təşəbbüskarlarındandır» sözləri ilə ölkəmizin bu istiqamətdə səylərinin artırılmasını qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri adlandıran Prezident İlham Əliyev inamını əməli fəaliyyəti ilə də doğruldur. Həmin Zirvə Görüşündə qəbul olunan Bəyannaməyə əsasən yaradılan Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası türk birliyinin və həmrəyliyinin möhkəmlənməsi naminə atılan tarixi addım idi. Dövlət başçımızın «Biz bilirik ki, beynəlxalq müstəvidə öz mövqeyini müdafiə etmək bəzi hallarda o qədər də asan olmur. Biz birlikdə olsaq, müəyyən məsələlərdə vahid mövqedən çıxış etmək və bu birliyi mütəmadi işlərlə möhkəmləndirsək, bizim beynəlxalq mövqelərimiz daha da güclü olacaqdır» sözlərinin əməli nəticəsi Türk Dövlətləri Təşkilatının yaradılması, güc kimi beynəlxalq aləmdə tanınmasıdır. Təşkilata rəhbərliyi dövründə ortaq dəyərlərə malik dövlətlərin ümumi maraqlarını əks etdirən təşəbbüsləri ilə diqqəti cəlb edən Azərbaycanın İslam ölkələri ilə genişlənən, möhkəmlənən əlaqələri də təşkilatın fəaliyyət prinsiplərindəndir.

Noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) IX Zirvə Görüşündə qarşıda duran vəzifələrdən, əməkdaşlığın genişləndirilməsi perspektivlərindən ətraflı danışılmış, maraqlı təkliflər irəli sürülmüşdür. «İlham qardaşımızın şəxsində Azərbaycan xalqını bir daha təbrik edirəm. Haqlı mübarizəsində olduğu kimi, sülh axtarışında da Azərbaycanın yanındayıq» sözləri ilə ölkəmizlə həmrəyliyini bildirən, Vətən müharibəsində qazandığımız Qələbəni ədalətin təntənəsi adlandıran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iki qardaş ölkənin birgə reallaşdırdığı nəhəng layihələrin dünya miqyasındakı əhəmiyyətini də diqqətə çatdırdı. Bakı-Tbilisi-Ceyhan, Bakı -Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin davamı olan Cənub Qaz Dəhlizini Avropaya qaz nəql edən arteriya kimi dəyərləndirən Rəcəb Tayyib Ərdoğan əlavə etdi ki, Azərbaycanın enerji diplomatiyasının şaxələndirmə prinsipini genişləndirilməsi ilə Avropa dövlətlərinin təbii qazla təchizatı daha da genişləndirilə bilər. Artıq dünyada təsdiq olunan reallıq budur ki, Xəzər hövzəsi qitə dövlətləri üçün alternativi olmayan mənbədir.

 Zivə Görüşündə 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edən türk dünyasının malik olduğu iqtisadi potensialı, enerji resursları, yol-nəqliyyat infrastrukturu ilə bağlı fikrini «Türk dünyası böyük bir ailədir. Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq» söyləməklə, TDT-yə üzv ölkələrinin sərhədlərindən kənarda yaşayan soydaşların hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunmasının vacibliyindən də söz açan Prezident İlham Əliyev uşaqların ana dilində təhsil almalarını tariximizin, milli-mənəvi dəyərlərimizin qorunub, təbliğ edilməsi baxımından vacib amil adlandırdı.

Otuz il Ermənistanın işğalı altında qalan Azərbaycan torpaqlarında törədilən vandalizmdən söz açan dövlət başçımız həmin ərazilərdə 67 məsciddən 65-nin yerlə-yeksan edildiyini, qalan 2 məscidin isə ciddi zərər görməsini, Ermənistan tərəfindən basdırılmış minalardan 270-ə yaxın Azərbaycan vətəndaşının həlak olmasını və yaxud ciddi zərər görməsini görüş iştirakçılarının diqqətinə çatdırdı. Zirvə Görüşündə keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün hazırlanan Böyük Qayıdış” proqramının icrası ilə bağlı aparılan bərpa- quruculuq işlərindən də söz açıldı.Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın işğaldan azad edilmiş torpaqlara- Şuşaya, Füzuliyə, Zəngilana, Cəbrayıla səfərləri qardaşlıq köməyi kimi dəyərləndirildi. Füzuli rayonunda Özbəkistan tərəfindən tikiləcək məktəb, Qazaxıstanın inşa edəcəyi yaradıcılıq mərkəzi Azərbaycan-özbək və Azərbaycan-qazax xalqları arasında qardaşlığın təzahürü, türk həmrəyliyinin ifadəsi adlandırıldı. Türk dövlətlərinin başçılarını Qarabağa və Şərqi Zəngəzura dəvət edən Prezident İlham Əliyev bu birliyi Ermənistanın Azərbaycana qarşı təxribatlarının qarşısının alınmasında vacib amil adlandırdı.

Bildirildi ki, Praqada və Soçidə qəbul edilmiş birgə bəyanatlarla Azərbaycanın ərazi bütövlüyünü tanıdığını təsdiqləyən, amma hələ də sərhədlərdə təxribatlar törədən Ermənistan Zəngəzur dəhlizinin bərpasına mane olur. Məqsəd isə həmişə olduğu kimi, Türk dövlətləri arasında intensivləşən əlaqələrin qarşısını almaqdır.

Zirvə Görüşündə çıxış edən dövlət başçılarının Azərbaycanın bölgədə yaratdığı reallıqları dəstəkləmələri, Prezident İlham Əliyevin apardığı siyasətə istinad edərək ölkəmizin siyasi, iqtisadi, hərbi qüdrətindən söz açmaları dövlət başçımıza həmkarları tərəfindən göstərilən etimad, verilən dəyər idi. Qırğızıstan Prezidenti Sadır Japarovun «Son vaxtlar biz mənim əziz dostum Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevlə qarşılıqlı səfərlər edib dövlətlər arasında münasibətlərimizi yeni strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmişik”», Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın mühüm rolunu xüsusilə qeyd edən Macarıstanın Baş naziri Viktor Orbanın «Mən qardaşım Prezident İlham Əliyevə minnətdarlığımı bildirmək istəyirəm. Çünki Azərbaycan bizim üçün yeganə real şaxələndirmə şansıdır. Qardaşım İlham Əliyevə, həmçinin bizim Azərbaycan üçün «yaşıl enerji”»ni Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan əməkdaşlığına gətirmək təşəbbüsümüzü tamamilə dəstəklədiyi üçün təşəkkürümü bildirmək istəyirəm. Mən bu əməkdaşlığa çox ümid bəsləyirəm”», TDT-ınn sabiq Baş katibi Bağdad Amreyevin «Bizim əməkdaşlığımız əhəmiyyətli dərəcədə inkişaf edib. Ölkələrimiz qardaş Azərbaycan torpaqlarının işğaldan azad olunması və ərazi bütövlüyünün bərpası uğrunda mübarizədə Bakını möhkəm dəstəkləməklə yekdilliyimizi bütün dünyaya nümayiş etdirdik”» kimi oxşar sözlər digər çıxışlarda da səsləndirildi. Zirvə Görüşündə Qazaxıstan, Azərbaycan və Türkiyənin ərazisindən keçən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əhəmiyyəti xüsusilə vurğulandı. Zəngəzur dəhlizinin ölkələrarası əməkdaşlıqdakı əhəmiyyəti dünyada sabitliyin təminatına töhfə kimi dəyərləndirildi. Məntiqi nəticə bəllidir. Son zamanlarda türk dövlətlərinin malik olduğu potensial, müsəlman ölkələri arasında intensivləşən bu cür görüşlər, birgə fəaliyyət prinsipinə sadiqlik Turanın addım səslərindən xəbər verir.

Xuraman İsmayılqızı, «İki sahil»