22 noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü
Ümummilli liderimiz Heydər Əliyevin ədliyyə sahəsinə göstərdiyi böyük diqqət və qayğının təzahürü olaraq 11 noyabr 2000-ci il tarixində imzaladığı Sərəncamla 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Ədliyyə Nazirliyinin Əsasnaməsinin qəbulu günü – 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilib. Ədliyyə işçiləri bu bayramı bizə bəxş etmiş Ulu Öndərimizə dərin minnətdarlıq hissi ilə hər il qeyd edirlər.
Müstəqillik illərində ədliyyə və məhkəmə-hüquq sisteminin inkişafına müstəsna əhəmiyyət verən ümummilli lider Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə yeni milli Konstitusiya qəbul olunmuş və hüquqi sahədə islahatların mütəşəkkil qaydada aparılması məqsədilə Hüquqi İslahat Komissiyası yaradılmış, qısa müddət ərzində mühüm qanunlar qəbul edilmiş, məhkəmə və hüquq-mühafizə orqanlarının funksiya və səlahiyyətlərinə yenidən baxılmışdır.
Azərbaycan ədliyyəsinin inkişafını təmin edən ardıcıl tədbirlər həyata keçirilərək səlahiyyətləri genişləndirilmiş, istintaq aparatı, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət institutu, icra xidməti yaradılmış, nazirliyin cəmiyyətdə rolu əhəmiyyətli dərəcədə artmışdır.
Ümummilli Liderin dövlət quruculuğu xəttini uğurla davam və inkişaf etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və Ədliyyə Nazirliyində və bütövlükdə ölkəmizin məhkəmə-hüquq sistemində əsaslı islahatlar aparılmış, bu mühüm sahədə fəaliyyətin təkmilləşdirilməsi, ədliyyə orqanlarının inkişafı, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, müstəqil məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi üzrə genişmiqyaslı tədbirlər həyata keçirilmişdir.
2006-cı ildə nazirliyin yeni Əsasnaməsi qəbul edilərək ona hüquq-mühafizə orqanı statusu verildi. Nazirliyin yeni müasir görünüşlü rəsmi emblemi təsdiq edildi. Ədliyyə orqanlarının inkişafı, məhkəmə sisteminin müasirləşdirilməsi haqqında fərmanların imzalanması, "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanunun, habelə ədliyyənin inkişafına dair ayrıca Dövlət Proqramının qəbulu xüsusi əhəmiyyət kəsb etdi.
Respublikada aparılan mütərəqqi islahatlar, eyni zamanda, geniş qanunyaradıcı fəaliyyət ilə müşayiət olunur. Qanunvericiliyin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi, o cümlədən ölkəmizin iqtisadi inkişafı, əhalinin maddi və sosial rifahının yaxşılaşdırılmasına yönələn normativ-hüquqi aktların işlənilməsində fəal iştirak edən Ədliyyə Nazirliyi tərəfindən ictimai həyatın müxtəlif sahələrini əhatə edən minlərlə qanunvericilik aktının layihəsi ekspertizadan keçirilmiş, 2000-dən çox layihə hazırlanmışdır. Təsadüfi deyil ki, əhalinin daim yeniləşən qanunvericilik aktlarının mətni ilə birbaşa, sərbəst və təmənnasız tanış olması, hüquqi biliklərinin artırılması məqsədilə 2006-cı ildən etibarən milli qanunvericiliyin elektron məlumat bazası (www.e-qanun.az) və 2011-ci ilin iyulundan "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununa əsasən nazirlik tərəfindən yaradılmış Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantı (www.huquqiaktlar.gov.az) interaktiv rejimdə fəaliyyət göstərir və daim yenilənir.
Məlum olduğu kimi, hər bir cəmiyyətdə məhkumlarla davranışa münasibət ölkənin mədəni-sivil inkişaf səviyyəsinin əsas göstəricilərindədir. Bu baxımdan son illərdə ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə penitensiar sistemdə aparılan köklü islahatlar nəticəsində cəza siyasəti humanistləşdirilərək məhkumların hüquqları və imtiyazları xeyli genişləndirildi, onların saxlanma şəraiti, ərzaq və tibb təminatı köklü şəkildə yaxşılaşdırıldı, bu sahədə ictimai nəzarət gücləndirildi, müasir penitensiar infrastrukturun yaradılması üzrə məqsədyönlü işlər görüldü. Təsadüfi deyil ki, həbs edilmiş şəxslərin və məhkumların yaşayış yerlərinə yaxın ərazilərdə və müasir müəssisələrdə cəza çəkməsini təmin etmək məqsədilə ölkə başçısı İlham Əliyevin tapşırıqlarına əsasən respublikanın müxtəlif regionlarında yeni penitensiar müəssisələrin inşasına başlanılmış və uğurla davam etdirilir.
Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə səmərəli əməkdaşlıq nəticəsində vərəm xəstəliyinə düçar olmuş məhkumlar üçün xüsusi yaradılan İxtisaslaşdırılmış Müalicə Müəssisəsində müasir avadanlıqlarla təchiz edilmiş laboratoriya və yeni müalicə korpusları istifadəyə verildi. Vərəm xəstəliyinin dəqiq diaqnozunu 3 aydan sonra deyil, bundan 1000 dəfə daha tez - 1 saat 40 dəqiqə ərzində müəyyən etməyə imkan verən yeni ekspress-testin dünyada ilk dəfə olaraq Azərbaycanın penitensiar müəssisələrində tətbiqinə başlandı. Bunun nəticəsidir ki, vərəmdən ölüm halları 38 dəfəyədək, ümumilikdə penitensiar müəssisələrdə xəstəlikdən ölüm halları 12 dəfə azalmışdır.
Ulu öndər Heydər Əliyevin humanizm və ədalət prinsiplərinə əsaslanan siyasətinə sadiq qalan dövlət başçısı İlham Əliyev əfvetmə institutunun çevik və işlək mexanizmlər əsasında fəaliyyətini təmin etdi, qəbul olunmuş amnistiya aktları və əfv sərəncamları ilə cinayət törətmiş şəxslərin cəmiyyətə yenidən inteqrasiya olunaraq islah edilməsini stimullaşdırdı.
Ədliyyə Nazirliyinin əməkdaşları və onların ailə üzvləri Vətən müharibəsinin ilk günlərindən yüksək vətənpərvərlik hissi ilə cəbhəyə yollanaraq döyüşlərdə iştirak etmişlər. Hərbi əməliyyatlarda mərdlik və rəşadət göstərmiş nazirliyin aparatının bir əməkdaşı, həmçinin 4 ədliyyə işçisinin ailə üzvü şəhid olmuşdur.
Ədliyyə işçiləri ordumuzla həmrəylik nümayiş etdirərək hərbçilərimizə, yaralananlara və şəhid ailələrinə öz dəstəyini əsirgəməyib, Silahlı Qüvvələrə Yardım Fonduna və "YAŞAT" Fonduna əməkhaqlarından könüllü vəsaitlər köçürüblər. Eyni zamanda, nazirliyin Tibb Xidmətinin həkimləri müharibə dövründə yaralananlara zəruri tibbi yardım göstərib, ədliyyə orqanlarında qanvermə aksiyaları keçirilib, döyüşlərdə yaralanaraq hərbi hospitallarda müalicə alan hərbçilərimizə ədliyyə əməkdaşları tərəfindən mütəmadi baş çəkilib və sovqatlar təqdim olunub.
Ölkəmizin ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə mərdliklə iştirak edərək, vəzifə borclarını şərəflə yerinə yetirərək şəxsi igidlik göstərdiklərinə görə ədliyyə işçiləri Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən yüksək dövlət təltiflərinə layiq görülmüşlər.
“Azərbaycan Respublikasında hüquqi islahatların həyata keçirilməsi, məhkəmələrin, islah-əmək müəssisələrinin və istintaq təcridxanalarının işinin yaxşılaşdırılması ilə əlaqədar əlavə tədbirlər haqqında» ulu öndər Heydər Əliyevin 1999-cu il 9 oktyabr tarixli, 194 nömrəli Fərmanına əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 sentyabr tarixli, 162 nömrəli qərarı ilə yaradılmış rəhbərlik etdiyim Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Təlim Mərkəzi cəzaçəkmə müəssisələri və istintaq təcridxanaları üçün ixtisaslı kadrların hazırlanmasını, onların peşə hazırlığının və ixtisaslarının artırılmasını təmin edən tədris müəssisəsidir. Mərkəzdə Penitensiar Xidmətin kiçik rəis heyətinə mənsub əməkdaşlarının ilkin hazırlıq və yenidən hazırlıq kursları, orta və böyük rəis heyətinə mənsub əməkdaşların çalışdıqları xidmət sahəsinin xüsusiyyətləri nəzərə alınmaqla ixtsasartırma kursları, Rusiya Federasiyasının Cəzaların İcrası Federal Xidmətinin Hüquq və İdarəetmə Akademiyasının məzunları üçün yenidən hazırlıq kursu və Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi tərəfindən məharət dərəcələrinin verilməsi ilə əlaqədar sıra hazırlığı təlimləri təşkil olunur. Qeyd olunanlardan əlavə, Mərkəzin pedaqoji heyəti tərəfindən Ədliyyə Akademiyasında təşkil olunan icbari təlimə cəlb olunan Penitensiar Xidmətdə orta rəis heyətinə qulluğa qəbul edilən namizədlərinə müxtəlif fənnlər üzrə müvafiq mövzular tədris olunur.
Təlim Mərkəzində fəaliyyət göstərdiyi müddətdə təşkil olunmuş ilkin hazırlıq, ixtisasartırma və yenidən hazırlıq kurslarına 4291 əməkdaş cəlb olunmuşdur.
Penitensiar Xidmətin əməkdaşlarının bilik səviyyəsinin və peşə vərdişlərinin artırılması və yeni standartların tətbiqi məqsədilə görülən tədbirlər zəruri bir məsələ kimi qarşıda durur, təlim prosesinin mahiyyəti xidmətə və peşəyə sədaqət, xidməti borca məsuliyyət hissinin aşılanması, nizami, fiziki, atəş, texniki, habelə hüquqi, tibbi hazırlığa dair xüsusi nizamnamələr üzrə dərslər təşkil etmək, tədris planları və proqramlarını işləyib hazırlamaq və təsdiq etmək, Mərkəzin işinin qarşıda duran tələblərə uyğun qurulmasını təmin etmək kimi məsələlər də daim diqqət mərkəzində saxlanılır.
Mərkəz öz fəaliyyətində dünya səviyyəli siyasi xadim, çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyət, müqəddəs istəyi xalqın birliyinə, dünya azərbaycanlılarının həmrəyliyinə söykənən güclü və qüdrətli müasir dövlətin yaradılması olmuş, dövlət və millət qarşısındakı xidmətləri zaman keçdikcə daha aydın görünən ulu öndər Heydər Əliyev irsinə xüsusi önəm verir. Belə ki, Mərkəzdə təşkil olunun kurslara cəlb olunmuş əməkdaşlara “Ümummilli lider Heydər Əliyev irsi”, “Heydər Əliyev və azərbaycançılıq ideologiyası”, “Vətənpərvərlik milli dəyər kimi”, “Dövlətçilik hər bir vətəndaşın qəlbində olmalıdır”, “Milli birlik ideologiyamızın əsasıdır”, “Milli həmrəyliyin Azərbaycan nümunəsi” və “Azərbaycan xalqının vahidliyi” adlı mövzular, habelə ümummilli lider Heydər Əliyevin dövlət quruculuğu kursunu uğurla inkişaf etdirən, Azərbaycan xalqının gələcək tərəqqisini təmin edən, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müsahibələrindən istifadə olunmaqla hazırlanmış “Azərbaycanın milli maraqları”, “Vətəni müdafiə hər bir azərbaycanlının borcudur”, “Vətənə sədaqət hissi”, “Otuz illik işğal və 44 günlük Vətən müharibəsi”, “Azərbaycan suveren dövlətdir”, “Milli-mədəni və tarixi dəyərlərimiz”, “Azərbaycanda tolerantlıq”, “Mehriban Əliyeva ictmai-siyasi xadim kimi” və “Azərbaycançılıq və loyallıq prinsipinə riayət olunması” adlı mövzular və “Azərbaycan Respublikasında 2022-ci ilin Şuşa İli” elan olunması ilə əlaqədar “Şuşa şəhərinin tarixi” mövzusu tədris edilmişdir.
Peşə bayramlarının 104 illiyini qeyd edən ədliyyə işçiləri Ulu Öndərin müəyyən etdiyi və uğurla həyata keçirilən dövlətçilik amallarına sadiq qalaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşərək Vətənimizin müdafiəsi və tərəqqisi naminə dövlətimizə və xalqımıza layiqincə xidmət etməyi özlərinin vəzifə və vətəndaşlıq borcu sayırlar.
Elman Qazıbəyov,
Penitensiar Xidmətin Təlim Mərkəzinin rəisi, ədliyyə polkovniki
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası