14 noyabr 2022 16:01
716

İkinci Qarabağ müharibəsinin dərsləri Ermənistan tərəfindən unudulmamalıdır

Bədnam qonşularımız bilməlidir ki, odla oynamaq onlara baha başa gələcək

Noyabrın 8-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev Zəfər Gününü Şuşa şəhərində qeyd ediblər. Dövlətimizin başçısı hərbçilər qarşısında çıxış edərək Ermənistanın işğalçı siyasətindən, Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı möhtəşəm Qələbədən, Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən abadlıq-quruculuq işlərindən danışıb.

İki il bundan öncə şanlı Ordumuz bu qədim Azərbaycan şəhərini erməni işğalından azad etməklə Vətən müharibəsində tarixi Zəfər qazandı. Şuşanın əlverişli strateji mövqeyi onun azad edilməsindən sonra müharibənin taleyini həll etmiş oldu.

Dövlət başçısı Zəfər Günü münasibətilə Şuşada keçirilən tədbir zamanı çıxışında dediyi kimi, Şuşanı işğaldan azad etmək müharibənin son məqsədi idi: “Həm də təkcə ona görə yox ki, Şuşa Qarabağın tacıdır, eyni zamanda ona görə ki, Şuşa Azərbaycan xalqının ürəyidir, canıdır, hər bir azərbaycanlı üçün müqəddəs yerdir. Buna görə də xalqımız Zəfər Gününü məhz 8 noyabr tarixində, Şuşanın azad edildiyi gündə qeyd edir. Bu gün artıq qalib Azərbaycan xalqının tarixinə ən şərəfli günlərdən biri kimi yazılıb və bundan sonra da gələcək nəsillər bu tarixlə daim fəxr edəcəklər.”

Şanlı Azərbaycan Ordusu təkcə Şuşanın azad edilməsində deyil, bütün döyüşlərdə misilsiz şücaət və qəhrəmanlıqlar nümayiş etdiriblər. Şuşa, əslində, haqlı olaraq alınmaz qala hesab olunurdu. Şəhərə giriş faktiki olaraq bir yoldan ibarətdir. Eyni zamanda, Şuşanın yerləşməsi bütün ətraf əraziləri hədəfdə saxlamaq üçün idealdır. Lakin bütün bunlara baxmayaraq, qəhrəman hərbçilərimiz meşələrdən, dərələrdən, cığırlardan keçib, qanlı döyüşlərdə düşməni məğlub edərək Şuşaya yaxınlaşdılar. Sıldırım qayalara dırmaşaraq, yüngül silahlarla küçə döyüşlərində əlbəyaxa düşməni məğlub edib, torpağımızdan qovaraq üçrəngli bayrağımızı Şuşada dalğalandırdılar.

Şuşanın azad olunmasından dərhal sonra Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən daha 72 yaşayış məntəqəsinin və strateji əhəmiyyətli yüksəkliklərin ildırım sürətilə azad edilməsi isə düşmənin həm fiziki, həm də mənəvi cəhətdən darmadağın olmasına səbəb oldu. Artıq vəziyyət elə bir həddə çatmışdı ki, bir çox erməni hərbi ekspertləri müxtəlif xarici informasiya agentliklərinə verdikləri açıqlamalarında hərbi əməliyyatların Ermənistan ərazisinə keçə biləcəyindən qorxduqlarını açıq etiraf edirdilər. Azərbaycanı təhdid edən, ərazi bütövlüyünə, suverenliyinə qəsd etmək niyyətinə düşən hər kəs bunun səbəb ola biləcəyi nəticələrdən qorxmalıdır. Lakin Ali Baş Komandan İlham Əliyevin də dediyi kimi, bizim başqalarının ərazilərində gözümüz yoxdur. Biz sadəcə olaraq öz ərazi bütövlüyümüzü təmin etdik və bunu da şərəflə etdik. Bütün bunlarla yanaşı, bu faktı da mütləq qeyd etmək lazımdır ki, Azərbaycanın igid əsgər və zabitləri Şuşaya qədər azad etdikləri bütün şəhər və kəndlərimizdə, o cümlədən Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı və Suqovuşan uğrunda gedən döyüşlərdə eyni əzm və fədakarlıqla vuruşmuş, misilsiz qəhrəmanlıq nümunələri göstərmişlər. 44 gün davam edən Vətən müharibəsi zamanı ordumuzda bir nəfər də olsun fərari olmamışdır.

Tarixi Qələbəmizi təmin edən amillər arasında ölkəmizin son illər ərzində qurulmuş uğurlu xarici əlaqələri də mühüm rol oynadı. Prezident İlham Əliyevin yürütdüyü praqmatik xarici siyasətin nəticəsi olaraq son illər ərzində aparıcı beynəlxalq təşkilatlar məhz Azərbaycanın mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul etdilər. Bütün bunlar və əlbəttə ki, Azərbaycanın Vətən müharibəsində şanlı Qələbəsini təmin edən ən vacib amillər - xalqın öz Prezidentinə olan sonsuz inamı əsasında formalaşmış xalq-iqtidar birliyi, milli həmrəyliyimiz bizi Zəfər Gününə gətirib çıxardı. Dövlət başçımızın polad iradəsi, Azərbaycan Ordusunun yenilməz gücü və xalqımızın birliyi tarixi Qələbəni təmin etdi. Öz çıxışında Ali Baş Komandanımızın dediyi kimi, İkinci Qarabağ müharibəsinin dərsləri Ermənistan tərəfindən unudulmamalıdır və onlar bilməlidirlər ki, odla oynamaq onlara baha başa gələ bilər.

Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri