Xalqın tarixi onun həyatının unudulmayan anlarının salnaməsidir, bu anlar xalqın keçmişindən xəbər verir, taleyini müəyyən edir, gələcəyinə işıq salır. Tarixi yaradan şəxslər qüdrətli, hər şeyə qadir, xalqının taleyini dəyişdirə bilən şəxsiyyətlərdir. Azərbaycan xalqının tarixinə nəzər salsaq müxtəlif səciyyəli və taleli liderlərin obrazları ilə kifayət qədər zəngindir. Lakin bu liderler arasında XX əsr tariximizin parlaq siması, böyük şəxsiyyəti olan Ümummilli Lider Heydər Əliyev öz adını bütün Azərbaycan xalqının qəlbinə həkk etmişdir. Heydər Əliyev Azərbaycan xalqının dövlətçilik təfəkkürünün, tarixin sınağından şərəflə çıxmış unikal idarəçilik məktəbinin, müasir ictimai-siyasi, fəlsəfi fikrin ən davamlı keyfiyyətlərinin canlı təcəssümüdür. Tarixə nəzər salsaq Ulu Öndərin idarə etdiyi Azərbaycan həm siyasi, həm iqtisadi cəhətdən daim irəliləyən, hər addımında insan amili uca tutulan bir dövlət olmuşdur. 1969-cu ilin iyulunda Heydər Əliyevin Azərbaycana rəhbər təyin olunması ilə respublikamızın tarixində, xalqımızın taleyində ciddi dönüşün əsası qoyuldu. Ulu Öndər Heydər Əliyev ideyaları həyatımızın başlıca gerçəkliyi, inkişafımızın təməl daşı olaraq artıq əbədiyaşarlıq qazanmışdır. Müstəqil Azərbaycan dövlətinin quruculuğu prosesində ölkədə əvvəllər yaradılmış iqtisadi, elmi-texniki potensialın müstəsna əhəmiyyəti Heydər Əliyev tərəfindən dəfələrlə yüksək qiymətləndirilmişdir. Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsini, xalqın birliyinin təmin olunmasını, ictimai-siyasi sabitlik vəiqtisadi dirçəliş üçün zəmin yaradılmasını özünün dövlətçilik strategiyasının prioritet istiqaməti kimi müəyyənləşdirdi. Ulu Öndərin Azərbaycan dövlətçiliyi qarşısında tarixi xidmətlərindən biri də dövlət quruculuğunun hüquqi bazasının yaradılması oldu. Belə ki, 1995-ci il noyabrın 12-də qəbul olunmuş Konstitusiya Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını formalaşdırdı. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçdi.
Konstitusiyanın qəbulu Azərbaycanın müstəqilliyinin ilk illərində əldə etdiyi ən mühüm nailiyyətlərdən biri olmuş, ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğu istiqamətində yeni mərhələnin əsasını qoymuşdur. Azərbaycan Respublikası Konstitusiyasının hazırlanması və qəbul edilməsi xalqımızın ümummilli lideri Heydər Əliyevin dönməz iradəsi, gərgin əməyi, dərin hüquq düşüncəsi və siyasi uzaqgörənliyi nəticəsində mümkün olmuşdur. Konstitusiya dövlətin əsas strukturunu, prinsiplərini və fəaliyyət qaydalarını göstərən və fərdlərin hüquqlarını təmin edən üstün hüquqi normalardan ibarətdir. Heç bir qanun və ya digər qayda konstitusiyaya zidd ola bilməz. Bu baxımdan konstitusiya bir ölkənin ali və ya əsas qanunudur. O, bir tərəfdən dövlətin quruluşunu və fəaliyyətini, onların əsas prinsiplərini müəyyən edir, orqanların bir-biri ilə münasibətlərini idarə edir, digər tərəfdən, hüquq və azadlıqları müəyyən edir və özündə əks etdirir.
Birmənalı şəkildə demək olar ki , layihənin müəllifi ümummilli lider Heydər Əliyevin özü idi. 1995-ci ildə Konstitusiya Komissiyası yaradıldı. Komissiyanın ilk iclası 1995-ci il iyunun 5-də Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə keçirildi. İclasda ölkənin təcrübəli və yüksək təhsilli hüquqşünasları, dövlət hakimiyyətinin hər üç qolundan olan nümayəndələr, ziyalılar, alimlər iştirak edirdilər. Ümummilli Lider Heydər Əliyevin rəhbərlik etdiyi Konstitusiya Komissiyası tərəfindən hazırlanaraq ümumxalq müzakirəsinə çıxarılan Əsas Qanunun layihəsi 1995-ci il noyabrın 12-də keçirilən referendumda qəbul edildi. Böyük zəhmət tələb edən gərgin işdən sonra Əsas Qanunun baza müddəaları, daha sonra isə onun layihə mətni ictimai müzakirəyə çıxarıldı. Ümummilli Lider Heydər Əliyev demişdir: “Bizim yeni konstitusiyamız, şübhəsiz ki, birinci növbədə Azərbaycan Respublikasının dövlət müstəqilliyini, bu müstəqilliyin əbədi olduğunu və dövlət müstəqilliyini qoruyub saxlamaq, yaşatmaq üçün bütün prinsipləri əks etdirməlidir. Yeni Konstitusiyamız demokratik prinsipləri özündə əks etdirməlidir. Yəni dünya demokratiyasının əldə etdiyi bütün nailiyyətlərdən, demokratiya sahəsində inkişaf etmiş dövlətlərin konstitusiya təcrübəsindən istifadə etməli və Azərbaycan Respublikasının özünəməxsus tarixi, milli ənənələrini əks etdirən prinsipləri özündə cəmləşdirməlidir”.
1995-ci il noyabrın 12-də Azərbaycan xalqı çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək ümumxalq səsverməsi – referendum yolu ilə özünün ilk milli Konstitusiyasını qəbul etdi. Konstitusiyada demokratik təsisatlar, hüquqi dövlətin atributları, hakimiyyət bölgüsü, insan hüquq və azadlıqları və onların təminatı kimi mütərəqqi müddəalar öz əksini tapmışdı. Dövlət müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, hamının layiqli həyat səviyyəsini təmin etmək, ümumbəşəri dəyərlərə sadiq qalaraq digər xalqlarla dostluq, sülh, əmin-amanlıq şəraitində yaşamaq kimi ülvi niyyətlərin bəyan edilməsi Konstitusiyamızın demokratik dəyərlərini əks etdirir. Konstitusiyamız özünün hüquqilik dəyərinə, demokratiklik əlamətlərinə görə dünyanın bir çox inkişaf etmiş dövlətlərinin konstitusiyaları ilə müqayisədə daha təkmil və əhatəlidir. Müstəqil Azərbaycan Respublikasının əldə etdiyi bugünkü uğurlarının hüquqi başlanğıcında da məhz, ümummilli lider Heydər Əliyevin həyat verdiyi Azərbaycanın ilk konstitusiyası dayanır. İlk ali qanunu qəbul etməklə Azərbaycan xalqı bütün cəmiyyətin və hər kəsin firavanlığını, azadlığını və təhlükəsizliyinin bərqərar edilməsini arzuladı, keçmiş, indiki və gələcək nəsillər qarşısında tarixi məsuliyyətini bəyan etdi. İlk Konstitusiyamız, eyni zamanda xalqımızın dünyəvi, milli – mənəvi prinsipləri rəhbər tutaraq seçdiyi gələcək yolun ifadəsi idi.
Zaman keçdikcə Əsas Qanuna əlavə və dəyişikliklərin edilməsi, onun müasir tələblərə uyğunlaşdırılması demokratik inkişaf yolunda olan bütün dövlətlər üçün səciyyəvi haldır. 2002-ci ildə Azərbaycan Konstitusiyasında dəyişiliklər edilməsinə yaranan ehtiyac da məhz bütün sahələrdə nəzərə çarpan sürətli inkişafdan irəli gəlirdi. Həmin il ilk dəfə keçirilən Konstitusiya islahatlarından sonra respublikanın ictimai –siyasi həyatında fundamental dəyişikliklər – iqtisadi, siyasi, hüquqi islahatların dərinləşməsi, demokratikləşmə prosesinin sürətlənməsi və digər pozitiv yeniliklər Azərbaycan Konstitusiyasında yenidən bir sıra əlavə və dəyişiklikləri obyektiv tələbata çevirdi. 2009-cu il martın 18-də Əsas Qanundakı əlavə dəyişikliklərə münasibəti öyrənən ümumxalq səsverməsi prezident İlham Əliyevin demokratikləşmə və liberallaşmaya xidmət edən, insan hüquqlarının qorunmasında əlavə imkanlar açan siyasətinin xalq tərəfindən birmənalı şəkildə dəstəkləndiyini bir daha təsdiq etdi.
Məcid Əhmədov,
YAP Pirallahı rayon təşkilatının sədr müavini
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası