Ötən 30 ilin başlanğıcında edilən böyük səhvlə düz otuz il qarabağlılar Qarabağsız yaşamalı oldu. Qurulu evlərini, əzizlərinin məzarlarını, həyət-bacalarını, ən əsası isə torpaq ətrini geridə buraxıb didərginə, köçkünə, qaçqına çevrildilər. Müharibədən sonrakı ilk illərdə şəraitsiz evlərdə, çadır şəhərciklərdə olmazın çətinlikləri ilə qarşılaşdılar. Sonrakı illərdə onlar üçün hərtərəfli şərait yaradıldı, problemləri dövlətimiz tərəfindən diqqətdə saxlanıldı. Lakin onların yurd təşnəsi hələ sızlamaqda, torpaqlarına qovuşmaq istəkləri içlərini göynəltməkdə idi. Dünyasını dəyişən yüzlərlə insan oldu 30 ildə. Ürəkləri yurd eşqiylə parça-parça olmuş insan. Bir daha torpağının ətrini duymayan, əzizinin qəbrini ziyarət edə bilməyən, ürəyi nisgilli, qərib məzarlı insanlar...
İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Öz torpaqlarında Vətən müharibəsinə qalxan Azərbaycanın gücünü təkcə məğlub, işğalçı Ermənistan deyil, bütün dünya gördü. Müharibə dövründə hər bir azərbaycanlı Azərbaycan Prezidentinin ətrafında daha sıx birləşdi. Və hər kəs Ali Baş Komandanın əmrini gözləyirdi. Xalq-iqtidar birliyi ən çətin anda belə özünü göstərdi. Azərbaycan xalqı Azərbaycan Ordusunun arxasında möhkəm dayanaraq orduya əlavə güc verirdi. Bütün dünyanın şahidi olduğu həmrəyliyimizlə, yaşından asılı olmayaraq yüksək vətənpərvərliyimizlə, 1990-cı illərlə müqayisəyəgəlməz ordumuzla, ən əsası isə qüdrətli sərkərdəmizlə Qarabağda Zəfər qazandıq. Bu müharibə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müdrik və uzaqgörən siyasətçi olmaqla yanaşı, həm də mahir sərkərdəlik bacarığını, çətin, ağır şəraitdə düzgün qərar vermək istedadını bir daha bütün dünyaya nümayişi etdirdi.
Möhtəşəm qələbəmizin əldə olunmasında Azərbaycanın mədəniyyət məbədi və incisi olan, Qarabağın simvolu sayılan Şuşanın işğaldan azad olunması mühüm önəm kəsb etdi. Bu şəhərin yağı tapdağından xilas edilməsi Silahlı Qüvvələrimizin yenilməzliyinin təsdiqinə çevrilməklə bərabər, düşmənin əzmini, iradəsini sındırdı, işğalçının “məğlubedilməz ordu” mifini tamamilə dağıtdı. Azərbaycanın milli və dövlətçilik maraqlarını daim üstün tutan Prezident, Ali Baş Komandan İlham Əliyev 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin azad olunması münasibətilə xalqa müraciətində deyib: “İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür!”
Şəbnəm İsmayılova,
YAP-ın gənc fəalı
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası