14 noyabr 2022 10:08
402

Şuşaya gedən yol 27 sentyabr tarixində başlamışdır

Hər birimiz müasir Azərbaycan tarixinin ən qürurlu, fəxarətli günlərini yaşayırıq. 27 sentyabr 2020-ci il tarixdə Ermənistan silahlı qüvvələrinin Azərbaycana növbəti dəfə təxribatının qarşısını alınması məqsədilə Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə müzəffər Ordumuzun əks hücum əməliyyatı nəticəsində uzun illər düşmən tapdağı altında olan torpaqlarımız yağı düşmən tapdağından azad edildi.

Xalqın və dövlətin səbrini tükəndirən işğalçının getdikcə azğınlaşması, işğal edilən ərazilərdə möhkəmləndirməyə cəhd, ATƏT-in Minsk Qrupunun qəbul etdirdiyi “Əsas Prinsiplər”ə təcavüzkar Ermənistanın əməl etməməsi, saxta “dağlıq qarabağ respublikası”nın mərkəzinin Xankəndindən Şuşaya köçürmə planı - “yeni müharibə yeni ərazilər” kimi bəyanatlar, dünyanın müxtəlif yerlərində yaşayan ermənilərin qanunsuz olaraq Qarabağa yerləşdirilməsi, toponimlərin adlarının dəyişdirilib, tarixi abidələrin özlərininkiləşdirilməsi kimi dözülməz, riyakar davranışlar xalqın və dövlətin səbrini daşdırmışdı.

Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak olmuş, yüz nəfərdən artıq hərbi qulluqçumuz itkin düşmüş, min nəfərdən artıq hərbi qulluqçumuz yaralanaraq sağlamlığını itirmişdir. İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunmuşdur.

Vətən müharibəsinin gedişində unikal əməliyyatlardan biri — Şuşanın işğaldan azad edilməsi əməliyyatı tarixdə əbədi qalacaq. Qarabağın tacı, döyünən ürəyi Şuşa təbii istehkam olduğundan şəhərə tanklarla, yaxud digər ağır silahlarla girmək mümkün deyildi. Onu almağın iki variantı vardı. Birinci halda, şəhərdəki düşmən qüvvələrini hava zərbələri, top atəşləri ilə məhv etmək olardı. Komandanlıq buna getmədi. Çünki şəhərin bombardman edilməsi böyük dağıntılara səbəb olacaqdı. Buna görə də alternativ variant kimi əlbəyaxa döyüş taktikası seçildi. Qəhrəman əsgər və zabitlərimiz yüngül silahlarla qalın meşələrdən, dərin dərələrdən keçərək, qayalar, dağlar aşaraq düşməni üzbəüz döyüşdə məhv etdi.

Noyabrın 8-da Azərbaycan Prezidenti İlham Əliyev Şuşa üzərində qələbə və nəzarətin ələ alındığını elan etdi. Bu əvvəlcə Ermənistan tərəfindən təkzib edildi. Ancaq 10 Noyabrda Ermənistan baş naziri Nikol Paşinyan Şuşa da daxil olmaqla, Dağlıq Qarabağın bütün bölgələrini azad etmiş Azərbaycana təslim haqqında müqaviləyə imza atdı.

İslam Bafadarov,
YAP-ın gənc fəalı