Türk respublikaları arasında əməkdaşlığın və qarşılıqlı münasibətlərin möhkəmlənməsi nəinki həmin dövlətlərin, eləcə də digər xalqların və dövlətlərin inkişafı baxımından çox əhəmiyyətlidir. Çünki bu birlik, əməkdaşlıq başqa dövlətlərə qarşı hansısa bir blok yaratmaq, təsir və təcavüz etmək məqsədi daşımır. İqtisadi, mədəni, ticarət sahələrinin inkişafına, sülhün əminamanlığın təmin olunmasına xidmət edir.
Türk Dövlətləri Təşkilatının yaradılması da ali məqsədlərə yönəldilib və bu məram, Təşkilatın bu günlərdə Səmərqənddə keçirilən IX Zirvə toplantısında bir daha qeyd edilmişdir. Məlumdur ki, Təşkilatın təkmil, mütəşəkklil, işlək bir orqana çevrilməsində Azərbaycan olduqca maraqlıdır və bu təşkilatın təməlinin qoyulmasında, ona bir illik sədrlik edilməsi dövründə, eləcə də digər proseslərdə özünü aydın şəkildə göstərmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu görüşdəki çıxışı bilavasitə türk dövlətlərinin birliyinin möhkəmləndirilməsinə və dünyanın hər bir guşəsində yaşayan türkdilli xalqların hüquqlarının qorunmasına istiqamətlənmişdir. Çünki bu xalqların sayı 200 milyondan çoxdur. Onları eyni köklər, mədəniyyətlər və tarix birləşdirir. Onların birliyi, eyni mövqedən çıxış etmələri təhlükəsizliklərinin təmin edilməsi üçün vacibdir.
Səmərqənddəki çıxışı zaman Prezidentimiz bir daha xatırlatmışdır ki, türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir. Hesab edirəm ki, Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən, kənarda yaşayan soydaşlarımızın hüquqlarının təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatıb.
Dövlət rəhbəri bu fikirləri söyləyərkən bilavasitə Azərbaycanın hüdudlarından kənarda yaşayan 40 milyondan çox azərbaycanlının əksəriyyətinin hüquqlarının pozulmasını nəzərə çatdırır və bu insanların gələcək taleyi haqqında düşünməyin vacibliyini bildirir.
Harada yaşamalarından asılı olmayaraq Azərbaycanı sevən, azərbaycançılıq uğrunda mübarizə aparan soydaşlarımızın hüquqlarının qorunması, birliyinin təmin edilməsi və dünya ölkələrində məskunlaşan türkdilli xalqların birgə platformasının yaradılması bu günümüzün reallığı, zamanın tələbidir.
Başda Türkiyə və Azərbaycan olmaqla Türk Dövlətləri Təşkilatının timsalında artıq bu tələb həyata keçirilməkdədir.
Tahir Rzayev,
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası