12 noyabr 2022 14:31
676

Konstitusiyada insan hüquqlarının və azadlıqlarının təmin olunması dövlətin ali məqsədi kimi bəyan edildi

Müasir dövrümüzdə Azərbaycan Respublikasının konstitusion dövlət kimi təşəkkül tapması, ölkədə ictimai-siyasi proseslərlə müşayiət olunan tarixi şərait bu müstəvidə fəaliyyət göstərən görkəmli siyasi liderlərin dinamik mübarizə xətti ilə bağlıdır. Konstitusiya mövcud dövlətin bütöv hüquq sisteminin özəyi kimi çıxış edən, ölkə vətəndaşlarının əksəriyyətinin maraq dairəsində olan ictimai həyatı və əsas dövlət qurumlarının fəaliyyətini tənzimləyən normativ-hüquqi aktdır. Ulu öndər Heydər Əliyevin Konstitusiyanın hazırlanmasında, qəbul edilməsində gərgin liderlik əməyi və töhfəsi danılmazdır. Konstitusiyanın qəbulu dövlətçiliyimizin möhkəmləndirilməsi, Azərbaycanın dünya birliyində nüfuzunun daha da artması baxımından çox mühüm ictimai-siyasi hadisə kimi qiymətləndirilməlidir.

Azərbaycanın dövlətinin birinci Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra yeni Konstitusiya layihəsi üzərində ciddi iş başlandı. 1994-cü ildə Prezident Heydər Əliyevin sədrliyi ilə Konstitusiya komissiyası fəaliyyətə başladı və layihə 1995-ci ildə ümumxalq müzakirəsinə verildi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul olundu.1996-cı il fevralın 6-dan Prezident Heydər Əliyev sərəncamı ilə noyabrın 12-i Konstitusiya günü kimi qeyd olunur. Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir. Konstitusiyaya 24 avqust 2002-ci ildə, 18 mart 2009-cu ildə və 26 sentyabr 2016-cı ildə referendum yolu ilə əlavə və dəyişikliklər edilib. Heydər Əliyev həm Konstitusiyamızın, həm də azərbaycançılıq ideologiyasının əsasına, ilk növbədə, bütün vətəndaşların sabit, firavan və dinamik inkişafına cavab verən milli dövlətçiliyi - müstəqil Azərbaycan Respublikasını qoyurdu.         

Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biridir. Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəd oldu. Keçmiş sovet konstitusiyalarından fərqli olaraq, müstəqil Azərbaycanın Konstitusiyası insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi bəyan etdi. Hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi. Bu gün Müstəqil Azərbaycan dövləti ölkə başçımız cənab İlham Əliyevin rəhbərliyi ilə sürətli inkişaf dövrü yaşayır. Prezidenti İlham Əliyev Ulu Öndərin müstəqil dövlət quruculuğu istiqamətindəki nəzəri və praktiki irsinə qiymət verərək demişdir: “1993-2003-cü illər ölkəmizdə sabitlik və inkişaf illəri kimi tarixdə qalacaqdır. Çünki məhz o illərdə dövlətçiliyin əsasları qoyuldu, Azərbaycan dövləti quruldu, 1995-ci ildə müstəqil dövlətin Konstitusiyası qəbul edildi, dövlətçiliyin ideoloji əsasları - azərbaycançılıq məfkurəsi formalaşdırıldı... Heydər Əliyev tərəfindən yaradılan bu əsaslar hazırda Azərbaycan xalqına yol göstərir”.

Elə Konstitusiyamızda da təsbit olunmuş ərazi bütövlüyümüzün təmin edilməsi kimi ən vacib amil Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan ordusu tərəfindən təmin olundu. 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər nəticəsində 30 ilə yaxın işğal altında qalmış torpaqlarımız işğaldan azad olundu və tarixi ədalət bərqərar oldu.

Səba Rzayeva,
YAP-ın gənc fəalı