12 noyabr 2022 10:02
587

Konstitusiyanın qəbul olunması Azərbaycan tarixində ən əlamətdar hadisələr sırasındadır

Hər il 12 noyabr Azərbaycanda Konstitusiya günü kimi qeyd olunur. Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilərkən hüquqi dövlət quruculuğunun müasir meyillərinə istinad olunmuş, ölkəmizin hüquq sistemi üçün yeni bir təsisatın – konstitusiya ədalət mühakiməsi orqanının yaradılması nəzərdə tutulmuş, bu təsisatın dövlət hakimiyyəti sistemində yeri və rolu müəyyənləşdirilmişdi. Bu müddəaya əsasən, 1997-ci il oktyabrın 21-də “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. 1998-ci il iyulun 14-də Milli Məclisin Qərarı ilə Konstitusiya Məhkəməsinin 7 hakimi təyin olundu. İyulun 18-də isə Ulu Öndər Heydər Əliyev Konstitusiya Məhkəməsinin müstəqilliyinin və hakimlərinin hüquqi statusunun təmin edilməsi barədə Fərman imzaladı.

Bununla da Konstitusiya Məhkəməsi rəsmən fəaliyyətə başladı. Doqquz hakimdən ibarət bu qurum qanunların Konstitusiyaya uyğunluğunu yoxlamaqla, qanunlara şərh verməklə, prezident və parlament seçkilərinin nəticələrini təsdiqləməklə, hətta vətəndaşların birbaşa müraciəti əsasında müvafiq qərarlar qəbul etməklə bütövlükdə, Konstitusiyanın aliliyini qoruyur.Ötən ilıər ərzində ölkəmizin sürətli inkişafı nəticəsində yeni dövrün tələblərinin yaratdığı zərurətlə əlaqədar Azərbaycan Konstitusiyasına bir neçə dəfə əhəmiyyətli dəyişikliklər və əlavələr edilib. 2002-ci il avqustun 24-də referendum yolu ilə Konstitusiyanın 24 maddəsində 29, 2009-cu il martın 18-də isə 25 maddəyə 30-dan artıq əlavə və dəyişiklik olunub. Bu dəyişikliklər Azərbaycan dövlətinin sosial-iqtisadi bazasının daha da güclənməsindən, vətəndaşların hüquq və azadlıqlarına daha etibarlı təminat verilməsindən, sosial dövlət prinsiplərini təsbit etmək imkanlarının daha da genişlənməsindən irəli gəlirdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyaya üçüncü dəfə əlavələr və dəyişikliklər edilib. Konstitusiyanın 29 maddəsinə edilən 41 əlavə və dəyişiklik müxtəlif sahələri əhatə etməklə, ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquqları və azadlıqlarının daha səmərəli təmin edilməsinə, hüquq və azadlıqların müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətinin artırılmasına yönəlib.Beləliklə, Azərbaycan Respublikasının Konstitusiyasına edilən əlavə və dəyişikliklər nəticəsində Əsas Qanunumuz daha da təkmilləşdirilərək yeni dövrün tələblərinə uyğunlaşdırılıb.

Rza Eyvazlı,
YAP-ın gənc fəalı