12 noyabr 2022 12:25
476

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür

Dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə ölkədə bütün sahələrdə yaşanan anarxiya, Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etmək üçün xalqın təkidli tələbi ilə  hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin bütün vacib sferalarda möhkəmləndirilməsi ilə yanaşı, insan hüquq və azadlılarının bərqərar olması məsələsini də prioritet istiqamət kimi diqqətində saxlayırdı.

Təsadüfi deyil ki, şəxsiyyətin toxunulmazlığı, insan həyat və sağlamlığının qorunması, layiqli həyat səviyyəsinin təmin olunması, humanizm və insanpərvərlik prinsipləri Azərbaycan Konstitusiyasının başlıca mahiyyətini təşkil edir. 5 bölmə, 12 fəsil, 158 maddədən ibarət Konstitusiyada insan hüquq və azadlıqlarına geniş yer verilməsi ölkəmizin demokratiya ideallarına sadiqliyinin göstəricisidir.

Qürurverici haldır ki, xalqımız #KonstitusiyaGünü/nü artıq iki ildir qalib xalq kimi qələbə ovqatında, sevinc hissi ilə qeyd edir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində tarixi Qələbənin qazanılması və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması Konstitusiyamızın ölkəmizin bütün ərazisində tətbiqinə imkan yaradıb. Bu Qələbə sayəsində 30 ilə yaxın müddətdən sonra beynəlxalq hüququn prinsip və tələbləri yerinə yetirilib və işğaldan azad edilmiş ərazilərdə Konstitusiyanın hüquqi qüvvəsi təmin olunub.

Konstitusiya insan hüquqlarının aliliyini müəyyən edən əsas sənəddir!

12 Noyabr Azərbaycanda Konstitusiya günü münasibəti ilə  xalqımıza  müstəqil və suveren dövlətimizin güclənməsi və tərəqqisi yolunda uğurlar arzulayıram.

Hicran Hüseynova,

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor