12 noyabr 2022 00:31
569

Şanlı qələbə tarixi

Vətən müharibəsinin gedişində əvəzsiz əməliyyatlardan olan – Şuşanın azğın düşməndən işğaldan azad edilməsi əməliyyatı dünya tarixində daim əbədi qalacaqdır. Belə ki, Qarabağın tacı, döyünən ürəyi olan Şuşa təbii istehkam olduğundan şəhərə tanklarla və ya digər növ ağır silahlarla girmək mümkün deyildir. Şuşanı azad etməyin yalnız və yalnız iki variantı var idı. Birinci yol, Şuşa şəhərindəki azğın düşmən qüvvələrini hava zərbələri və top atəşləri ilə məhv etmək idi. Rəhbərlik bu taktikaya izn vermədi. Səbəb isə, tarixi şəhərin hava zərbələri və top atəşləri ilə darmadağın edilməsi böyük dağıntılara səbəb olacaqdır. Bu səbəbdən də digər variant olaraq - əlbəyaxa döyüş taktikası təyin edildi. Rəşadətli ordumuzun qəhrəman əsgər və zabitləri yüngül silahlarla sıx meşələrdən, dərin dərələrdən keçərək, qayalar, dağlar aşaraq düşməni üzbəüz döyüşdə məhv etdi.

Həm ərazi, həm də seçilən marşrut nəqliyyat vasitələri üçün uyğun olmadığından Azərbaycan qüvvələri beş gün Şuşa istiqamətində piyada davam etməli idi. Azərbaycan Prezidenti İlham Əliyev daha sonra bunu təkrar vurğulayaraq Azərbaycan əsgərlərinin Şuşa şəhərinə çatmaq üçün yarğanları, meşələri və dağları keçdiklərini qeyd etmişdir. Erməni komandanlığı Azərbaycan qoşunlarına Qırmızı Bazar ətrafında müqavimət göstərməyi hesablamışdır. Oradan Şuşakəndə yol gedir, sonra isə həmin yol Şuşaya qalxır. Ermənistan ordusunun Azərbaycan qoşunlarının Şuşaya həmləsini gözlədiyi ikinci istiqamət isə Laçın istiqaməti idi. Lakin Azərbaycan ordusunun komandanlığı öz miqyasına, planına və ardıcıllığına görə misli görülməmiş qərar verir. Şuşaya sıx Qarabağ meşələrindən istiqamət götürülür !

Vurğulamaq lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “28 il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq cümlələri ölkəmizin son yüz illik tarixinin ən möhtəşəm müjdəsidir. Qələbə xəbərinin elan edilməsindən öncə dövlət başçısının ümummilli lider Heydər Əliyevin ruhu önündə nümayiş etdirdiyi ehtiram, məhz ulu öndərin vəsiyyətini yerinə yetirdiyini deməsi Azərbaycanın həm də dövlətçilik prinsiplərinə sahib olduğunu göstərdi. Strateji əhəmiyyətli məsələlərlə bağlı vəsiyyətlərin mövcudluğu və yerinə yetirilməsi yalnız oturuşmuş dövlətçilik ənənəsinə malik olan dövlətlərdə müşahidə edilə bilər.

Demək olar ki, Azərbaycan son bir əsrdə bu qədər sevinc, qürur yaşamamışdı, bayrağa bu qədər sevgi görməmişdik. Bu tarixi müjdəyə sevinən xalqımız Azərbaycanın bütün şəhər və bölgələrində üç rəngli bayraqlarımızı dalğalandıraraq bir daha Bayrağımıza, qələbəmizə olan sevgilərini böyük coşqu ilə nümayiş etdirdilər. Şuşaya bayrağımızın sancıldığı 2020-ci ilin 8 noyabr günü Azərbaycan tarixinə əbədi yazıldı. Beləliklə, Şuşanın azad edilməsi Ermənistanı tam tərk-silah etdi, onun bütün manevr imkanları puç oldu, ölkə və dünya ictimaiyyətini aldatmaq taktikası bütün anlamını itirdi. Düşmənin ağ bayraq qaldırmaq və kapitulyasiya etməkdən başqa çıxış yolu qalmadı. Azərbaycanın 28 illik həsrətinə son qoyuldu və xalqımızın tarixi-mədəni irsində xüsusi yeri olan Şuşa geri qaytarıldı. Beləliklə, Azərbaycanın qədim şəhərinin işğaldan azad edilməsi ilə həlledici üstünlüyə nail olundu. Bu, Vətən müharibəsində qələbə deməkdir.  Şuşanın azad edilməsi son əsrdə Azərbaycan tarixinin ən şanlı qələbəsidir.

Tariyel Şixbalayev,
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin İnformasiya təminatı sektorunun müdiri,
YAP Xətai rayon Təşkilatı, ərazi partiya təşkilat sədri,
Vətən müharibəsi qazisi