Artıq ikinci ildir noyabr ayının 8-də Azərbaycan xalqı Qarabağ Zəfərini qeyd edir. Zəfər Günü ölkəmizin tarixinə qürurla, şərəflə yazılmış gündür. Azərbaycanın Zəfər Gününə gedən yolu 28 illik gözləntilərin və hazırlığın nəticəsi idi. Cəzasız qaldıqca bunu Azərbaycan tərəfinin acizliyi kimi anlayan Ermənistan dünyada münaqişə ilə bağlı qəbul olunmuş qaydaları 30 il ərzində pozdu. Müxtəlif vaxtlarda mülki sakinləri belə hədəf almaqdan, qətllər törətməkdən çəkinmədi. 44 günlük müharibə dövründə döyüş meydanında Azərbaycan Ordusunun qarşısında durmağı bacarmayan ermənilər Bərdədə, Gəncədə, Tərtərdə, Ağdamda mülki əhalini hədəf almaları dünyanın gözü qarşısında baş verdi. Törətdikləri bütün vəhşiliklərin hüquqi cəhətdən həll olunmadığına görə daha da azğınlaşan ermənilərin işğalına son qoyulması üçün yeganə yol hərbi yol idi. Azərbaycan tərəfi Qarabağ münaqişəsində yüksək diplomatik dözüm nümayiş etdirməklə yanaşı, Müzəffər Ordusunun qəhrəmanlığı, fədakarlığı ilə hərb tarixində öyrəniləcək peşəkarlığı ilə də seçildi.
Məlumdur ki, dünyada ermənipərəst qüvvələr hər zaman fəal olmuşdur. Döyüş meydanında Müzəffər Ordumuzun qazandıqları uğurlarla bərabər, Qarabağ münaqişəsinin diplomatik müstəvidə həlli də vacib məsələ idi. Bu illər ərzində çox sayda maneələrə, təziqlərə baxmayaraq, Azərbaycan BMT, ATƏT, Avropa İttifaqı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası kimi aparıcı təşkilatlarda öz mövqeyini dəstəkləyən, yəni, haqq-ədaləti ifadə edən qərar və qətnamələr qəbuluna nail olmuşdur.
27 sentyabırdan başlayan Qarabağın azadlıq yolu Azərbaycan xalqının birliyini bir daha göstərdi. Ölkəmizdə dinindən, millətindən asılı olmayaraq, hər kəs ərazi bütövlüyümüz, Vətənimiz, torpağımız uğrunda canından keçməyə hazır olduğunu dünyaya göstərdi. 44 gün ərzində bir-birinin ardınca kəndlərimiz, şəhərlərimiz işğaldan azad olundu. Bu torpaqların onlara məxsus olmadığını anlayan ermənilər illər ərzində yaşayış məntəqələrimizi dağıdaraq yalnız müdafiə istehlkamları yaratmaqla məşğul olmuşlar. Lakin nə relyefin yaratdığı çətinliklər, nə də ermənilərin yaratdıqları müdafiə mövqeləri ordumuzun qarşısında maneə yarada bilmədi. Ölümünü gözə alaraq haqsızlığa son qoymaq, tökülən qanların qisasını almağı məqsədilə qəhrəman igidlərimiz geri çəkilmədən irəliləyirdi. Alınmaz qala sayılan Şuşa əsas hədəfimiz idi. Şuşanın işğaldan azad olması ermənilərə vurulacaq ən ağır zərbə idi. Azərbaycanın qəhrəman oğulları hərb tarixində öyrəniləcək bu peşəkarlığı nümayiş etdirdilər. Onları gücləndirən əsas amil ordumuzun peşəkarlıqla yanaşı, Vətənə, torpağa olan bağlılıq idi.
Noyabr ayının 8-də Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə iştirak etdilər.
Cənab Prezident İlham Əliyev hərbiçilər qarşısında çıxış edərkən dedi: “Alınmaz qala sayılan Şuşanı iki il bundan əvvəl erməni işğalından azad edən Azərbaycan Silahlı Qüvvələri şanlı tarix yazdı. Bu şanlı tarix bizimlə əbədi olacaq. Azərbaycan xalqı, gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklər... Şuşa həqiqətən alınmaz qala sayılırdı. Şuşanı yüngül silahlarla təchiz edilmiş qəhrəman hərbçilərimiz azad edəndə onlar ölümə gedirdilər. Vətən uğrunda, torpaq uğrunda ölümə gedirdilər. Hər birimiz yaxşı anlayırdıq ki, Şuşasız bizim tam qələbəmiz mümkün olmayacaq”.
Bahar Məmmədova,
Bakı şəhəri, Xətai rayon İlqar Mirzəyev adına 98 №li tam orta məktəbin Təlim Tərbiyə İşləri üzrə direktor müavini,
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilat sədri
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası