11 noyabr 2022 23:36
562

Ermənilər anlamalıdırlar ki...

Prezident İlham Əliyev: Bizim səbrimiz tükənməz deyil və bir daha xəbərdarlıq etmək istəyirəm, əgər bu öhdəlik yerinə yetirilməsə, Azərbaycan lazımi addımlar atacaq

Bir müddət davam edən fasilədən sonra Qarabağın müəyyən hissəsində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərdə yenidən atəşkəs pozuldu. Noyabrın 10-da və 11-də qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocavənd rayonu istiqamətində yerləşən mövqelərinin atəşə tutulması göstərdi ki, düşmən hələ də təxribat törətməklə vəziyyəti gərginləşdirməyə çalışır. Belə görünür ki, 44 günlük İkinci Qarabağ müharibəsindən sonra ermənilərin atəşkəsi pozmalarına qarşı Azərbaycan Silahlı Qüvvələri tərəfindən 2022-ci ildə keçirilmiş “Fərrux” və “Qisas” əməliyyatları, həmçinin sentyabrın 13-14-də iki ölkənin dövlət sərhədində “Qətiyyətli cavab” əməliyyatı ilə nəticələnmiş hadisələrdən Ermənistanın hərbi-siyasi rəhbərliyi hələ də lazımi dərs almayıb. Atəşkəsin pozulmasının davamlı hal alması və bu təxribat cəhdləri ilə bağlı ərazidə sülhün təmin edilməsinə cavabdeh olan Rusiya sülhməramlıları tərəfindən hər hansı təsirli tədbir görülməməsi Qarabağda antiterror əməliyyatlarının aparılmasını zəruri edə bilər. Bəs bu zərurəti yaradan başqa hansı səbəblər var və ermənilər vəziyyəti gərginləşdirməklə nəyə nail olmaq istəyirlər?

Diqqətçəkəndir ki, erməni silahlı birləşmələri tərəfindən Ermənistan-Azərbaycan sərhədinin müxtəlif istiqamətlərində atəşkəs müəyyən fasilələrlə pozulsa da, Qarabağda uzun müddət idi belə hal müşahidə olunmurdu. Ancaq yenidən təxribat cəhdi törədildi və bu hadisə nədənsə 2020-ci ildə Ermənistanın baş naziri Nikol Paşinyanın kapitulyasiya aktını imzalamasının ikinci ildönümündə baş verdi. Məlum olduğu kimi, İkinci Qarabağ müharibəsində şanlı Qələbəmizi rəsmiləşdirən üçtərəfli Bəyanat Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistanın baş naziri tərəfindən məhz həmin ilin 10 noyabrında imzalanıb. Rusiyanın sülhməramlı kontingenti də həmin Bəyanata əsasən 5 il müddətinə Qarabağda yerləşdirilib. Ancaq yenə həmin Bəyanatın 4-cü bəndində yazılıb ki, erməni silahlı birləşmələri sülhməramlıların yerləşməsi ilə paralel olaraq tutduqları mövqedən geri çəkilməlidir. Yəni, iki gün öncə fəaliyyətinin iki ili tamam olan Rusiya sülhməramlıları Qarabağdakı terrorçuları ya tərksilah edərək aidiyyəti üzrə təhvil verməli, ya da ən azından onların suveren sərhədlərimizdən çıxarılmasını təmin etməli idi. Reallıq isə bundan ibarətdir ki, erməni silahlı dəstələri nəinki qondarma “Qarabağ müdafiə ordusu” adı altında mövcudluğunu davam etdirir, hətta heç bir səbəb olmadan Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutur. Deməli, 10 noyabr Bəyanatının 4-cü bəndini həyata keçirmək zərurəti bir daha gündəmə gəlir. Bunun Rusiya sülhməramlı kontingenti tərəfindən reallaşdırılmaması isə Azərbaycanın öz suveren ərazisində vətəndaşlarının və dinc əhalinin təhlükəsizliyini təmin etmək üçün qanunvericiliyə uyğun olaraq zəruri addımlar atmaq hüququndan istifadə etməsi ilə nəticələnə bilər.

Daha bir vacib məqam ondan ibarətdir ki, qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindan azərbaycanlılara qarşı törədilmiş sülh və insanlıq əleyhinə, habelə müharibə cinayətləri ilə əlaqədar Hərbi Prokurorluqda bu günə kimi 297 şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən şəxs qismində cəlbetmə qərarları çıxarılaraq axtarışları elan edilib. Dəqiq bəllidir ki, CM-in 103-cü (soyqırımı), 113-cü (işgəncə), 115-ci (müharibə qanunlarını və adətlərini pozma) və s. maddələri ilə təqsirləndirilən həmin 297 cinayətkarın bir qismi hazırda da Azərbaycanın Qarabağ ərazisində, Rusiya sülhməramlılarının fəaliyyət zonasındadır. Elə bircə bu faktın özü qeyri-qanuni erməni silahlı birləşmələrinin ləğv edilməsi üçün silahlı müdaxilə hüququ yaradır. Çünki cinayət törətmiş bütün terrorçular qanun qarşısında cavab verməlidirlər, verəcəklər də.

Ermənilərin atəşkəsi pozmaqla vəziyyəti gərginləşdirməsi nəyə hesablanıb sualına gəlincə, əsas məqsəd regionun gələcək inkişafı naminə iki ölkə arasındakı ədavətə son qoyulması, sülh müqaviləsinin imzalanması, nəqliyyat kommunikasiyalarının açılması istiqamətində intensiv çoxtərəfli danışıqların pozulmasıdır. Bəlli olduğu kimi, Ermənistan rəhbərliyi hər vəchlə müxtəlif formatlarda keçirilmiş görüşlər nəticəsində üzərinə götürdüyü öhdəliklərdən yayınmağa, konkret addımların atılmasından imtina etməyə çalışır. Bu isə dolayısı ilə həm Ermənistanda, həm də Qarabağdakı ermənilər arasında revanşizm meyillərinin artmasına şərait yaradır. Nikol Paşinyanın noyabrın 10-da Ermənistan parlamentin

də Qarabağda Rusiya sülhməramlılarının missiyasının müddəti ilə bağlı təxribatçı açıqlaması da düşmən ölkə rəhbərliyinin hər vasitə ilə vəziyyəti gərginləşdirməkdə maraqlı olduğunu göstərir. Ancaq Paşinyan özü də bilir ki, sülhməramlı kontingent Qarabağda müvəqqəti olaraq yerləşdirilib. Odur ki, onlara güvənərək təxribat törətmək ermənilər üçün həmişəkindən də ağır nəticələrə gətirib çıxara bilər.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin noyabrın 8-də Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə hərbçilər qarşısında çıxışı zamanı dediyi kimi, ümid edirik ki, nəhayət, ermənilər bu reallığı anlayacaqlar, boyunlarını büküb öz daxili işləri ilə məşğul olacaqlar, bizim torpağımıza göz dikməyəcəklər, Qarabağa göz dikməyəcəklər: “Qarabağ bizim torpağımızdır. Rus sülhməramlılar orada müvəqqəti yerləşiblər, 2020-ci ilin 10 noyabr Bəyanatında onların müddəti göstərilir və əgər kiməsə bel bağlayırlarsa, yenə də faciə ilə üzləşəcəklər.

...Erməni silahlı qüvvələri Qarabağda nə gəzir? Bizim səbrimiz tükənməz deyil və bir daha xəbərdarlıq etmək istəyirəm, əgər bu öhdəlik yerinə yetirilməsə, Azərbaycan lazımi addımlar atacaq.”

Mahir Rəsuloğlu, “İki sahil”