12 noyabr 2022 00:58
539

Makronun ovulmayan umacı, Nikolun gözlədiyi əriştə

Bu günlərdə Ərəb Dövlətləri Liqasının (ƏDL) 31-ci Zirvə Toplantısında iştirak etmək üçün Əlcəzair Xalq Demokratik Respublikasında səfərdə olan və səfər çərçivəsində Şəhidlər abidəsini və Milli Mücahidlər Muzeyini ziyarət edən Prezident İlham Əliyev bəşəriyyətə, insanlığa qarşı qəddarlığın qanlı izlərini əks etdirən eksponatları ürək ağrısı ilə izlədi. Erməni vəhşiliyinin bənzəri olan, damarlardakı qanı donduran bu fotolardakı mənzərələr Azərbaycan xalqına tanış idi.

Şəhidlər abidəsinin altında yerləşən, 1984-cü ildə açılan Milli Mücahidlər Muzeyinin eksponatlarının əksəriyyətində 1830-1962-ci illərdə bu ölkəni müstəmləkə altında saxlayan Fransanın azadlıq uğrunda mübarizə aparan bir xalqa qarşı törətdiyi soyqırımın qanlı izləri əks olunurdu.

Əlcəzairi işğal altında saxladığı illərdə 1,5 milyondan artıq insanı amansızcasına qətlə yetirən fransız əsgərlərinin qəddarlığını, xalqının azadlığı uğrunda mücadilə edən əlcəzairlilərin qəhrəmanlığını əks etdirən tablolar, sənədlər işğala məruz qalan bir xalqın gələcək nəsillərinin müstəqillik mübarizəsinə çağırışdır.

Bu şəkillərdə əks olunan insanların əzabları, kütləvi halda qətlə yetirilən dinc sakinlərin təhqir olunmuş cəsədləri, fransız əsgərinin alınlarına tuşladığı silahdan qorxan insanların gözlərindəki ölüm dəhşəti erməni qəddarlığının oxşarı idi.

Fransanın Əlcəzairdə apardığı soyqırımı siyasətinin bənzərini xalqımız da yaşamışdır. Azərbaycan torpaqlarını 30 ilə yaxın işğal altında saxlayan Ermənistan da havadarı Fransa kimi eyni ssenarilər üzrə soydaşlarımıza qarşı qətliamlar törətmdir. Ərazisinə görə Afrikanın və ərəb dünyasının ən böyük ölkəsinin 11 milyondan çox vətəndaşına vaxtilə muxtariyyət belə verməkdən imtina etmiş Fransanın indi Qarabağda yaşayan 15-20 min erməniyə müstəqillik tələb etməsi isə «Elçisi günüm olanın başına külüm olar» Azərbaycan atalar məsəlinə bənzəyir.

İnsanlara qarşı qəddarlıqları belə oxşar olan Fransa ilə Ermənistanı birləşdirən paralellərə nümunə 1832-ci ildə Fransanın qudurmuş əsgərlərinin gecə saatlarında əlcəzairli El-Uffia qəbiləsinin bütün üzvlərini qətlə yetirmələridir. Ermənistanın qana həris daşnakları da 1992-ci ildə yenə də gecə saatlarında Xocalı soyqırımını törətmiş, 613 nəfərin həyatına son qoymuşlar.

1961-ci ilin oktyabrında Parisdə Fransanın işğalını pisləyən 1500-ə yaxın əlcəzairli polisin açdığı atəşlərin qurbanı olub. Tarixə «Sena qətliamı”» kimi yazılan bu faciənin oxşarı Qaradağlıda, Ağdabanda, Edillidə, Başlıbeldə, Gəncədə, Tərtərdə törədilib. Qanlı qətliamın müəllifi isə fransız əsgərlərindən nümunə götürən erməni terrorçularıdır. Parisin muzeylərində 500 -ü əlcəzairlilərə məxsus olmaqla 21 min insanın kəllə sümüyünün nümayiş etdirilməsinin isə insanlıq tarixində adı yoxdur. Ermənilərin 30 il işğal altında saxladıqları Azərbaycan torpaqlarında qətlə yetirdikləri soydaşlarımızın dəfn edildikləri kütləvi məzarlıqların aşkarlanması prosesi hələ davam etməkdədir.

Bu cür oxşarlıq «Dostunu göstər, sənin kim olduğunu deyim» misalını xatırladır. Hazırda qana hərislik xüsusiyyətinə malik Ermənistanla Fransanın biri-birinə yaxınlıqlarının oxşar məqamlarından aydın olur ki, özünü Avropanın mədəniyyət mərkəzi kimi tanıdan Fransanın mədəniyyətindən də, demokratiyasından da qan iyi gəlir.

Bu günlərdə televiziya kanallarında Fransada başlanan kütləvi aksiyalarla bağlı geniş informasiyalar yayımlanırdı. Parisdə və Fransanın böyük şəhərlərində nəqliyyatı iflic edən kütləvi aksiyalarda iştirakçılara qarşı polis zorakılığına hər məqamda rast gəlinirdi. Hələ Parisin güçələrində «sarı jilet»lilərin aylarla davam edən mitinqlərini, şəhərin küçələrində qurulan barrikadaları, yandırılan maşınları, mağazaları, iştirakçılara qarşı işlədilən gözyaşardığı qazları, isti su şırnaklarını demirik. Yəni, öz ölkəsində doğru-düzgün qayda -qanun yaratmağa gücü, iqtidarı çatmayan Fransanın Prezidenti Emmanuel Makronun Cənubi Qafqazda at oynatmaq istəyi dəryada balıq sevdasına, stəkanda fırtına yaratmaq xəyalına bənzəyir. Amma unudur ki, Azərbaycan artıq ötən əsrin sonlarındakı ölkə deyil. Bu gün Azərbaycan səbatsız, səriştəsiz AXC-Müsavat cütlüyünün iqtidarının dağıtdığı ölkə deyil. Bütün dünyada respublikamızı qüdrətli dövlət kimi tanıdan, həmkarları arasında böyük hörmət, nüfuz qazanan cənab İlham Əliyevin başçılıq etdiyi qüdrətli respublikadır. Yəni, Makron kimi hərdəmxəyallar ancaq Ermənistanda söz sahibi ola bilərlər.

Ötən ay Praqada keçirilən «Avropa siyasi birliyi»nin Zirvə Toplantısı zamanı Azərbaycan, Ermənistan, Fransa, Avropa İttifaqı arasında keçirilən görüşdə söylədiklərini tez unudaraq yenə də fikrini ermənisayaq bəyanatı ilə izhar edən, yaddaşsızlıq xəstəliyinə tutulan Makronun Azərbaycanla bağlı sayıqlamaları göstərir ki, dövlət başçısı olsa da hələ də diplomatiya sahəsində «sinifdə qalıb.» Belə ki, özünə umac ova bilməyən Makorunun başqasına vəd etdiyi əriştə kəsmək niyyəti gülüncdür.

Oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında ermənilərə haqq qazandıran Makronun kağız parçası effekti yaradan bəyanatını, «Fransa heç vaxt Ermənistanı atmayacaq» sözlərinin qızışdırıcı mahiyyətini ifşa edən Prezident İlham Əliyev fransalı həmkarına ünvanladığı «Lakin Azərbaycanın nümayiş etdirdiyi xoş mərama baxmayaraq, Praqadakı görüşdən demək olar bir həftə sonra Fransa Prezidenti təhqiramiz, qəbulolunmaz, yalan və təxribat xarakterli bəyanatlarla çıxış etdi. Bu bəyanatlar mətbuatda var, hər kəs onları görə bilər. Bu bəyanatlarda o, Azərbaycanı dəhşətli müharibə törətməkdə günahlandırıb, bununla da faktları manipulyasiya edərək, Fransa və dünya ictimaiyyətini çaşdırmağa səy göstərib» sözləri ilə Makronun timsahın göz yaşlarına bənzəyən hiylələrini ifşa etdi. Parisdə çoxluq təşkil edən ermənilərin Fransadakı Azərbaycanın diplomatik nümayəndəliyinə hücumlarını «görməyən» Makron burada da erməni təəssübkeşliyini nümayiş etdirdi, vandalizmi dəstəklədi.
Prezident İlham Əliyevin «Biz hələ ki səbir nümayiş etdiririk, lakin bunun da bir həddi var. 2020-ci ilin noyabr Bəyanatının bu iki vacib bəndi icra edilməsə, bizim adekvat tədbir görməkdən başqa seçimimiz qalmayacaq» sözləri Fransa kimi köləsi Ermənistanı da düşündürməlidir.
Zəfər Günü münasibətilə Şuşada keçirilən tədbirdə Azərbaycanın daxili işlərinə müdaxiləyə yol verilməyəcəyini bildirən Prezident İlham Əliyev «Düzdür, Ermənistanın bəzi xarici havadarları bizi nədəsə günahlandırmaq istəyirlər. Onların cavabını da mən vermişəm. Yenə də nəsə banlasalar, yenə də cavablarını verərəm. Bu, məni dayandırmaz. Amma fakt odur ki, biz öz haqqımızı tələb edirik və Azərbaycanın haqlı olması böyük beynəlxalq aktorlar tərəfindən sual altına qoyulmur» sözləri ilə Azərbaycanın dəyişilməyən qətiyyətini bildirdi. Bu məqamda da əsrlərdən bəri xalqımızın yaşatdığı bir məsəli Makrona çatdıraq: «Vaxtından əvvəl, yerli-yersiz banlayan xoruzun başını kəsirlər.»

Həmin tədbirdə dövlət başçımızın vurğuladığı kimi, Ermənistanın hansısa havadarının bəyanatı və yə sayıqlaması Azərbaycan üçün milçək vızıltısıdır. Prezident İlham Əliyevin «Biz heç kimdən qorxmuruq, heç kimdən çəkinmirik. Əgər biz kimdənsə qorxsaydıq, heç vaxt İkinci Qarabağ müharibəsinə start verməzdik» sözlərinin sırğa əvəzinə Makron kimi Nikolun da qulağından asılması vaxtıdır. Miskin Ermənistan isə kimlərinsə onların əvəzindən vuruşacağı möcüzəsini unutmalıdır. Əgər belə bir xəyala düşən tapılsa qarşısında yenə də Azərbaycan Ordusunu, dəmir yumruğu görəcək.

Xuraman İsmayılqızı, «İki sahil»