12 noyabr 2022 01:57
567

Türkofobiya və islamofobiya ermənilərin sağalmaz xəstəliyidir

Azərbaycan tərəfindən sülh sazişi barədə təklifin irəli sürülməsinə baxmayaraq, Ermənistan nəyin bahasına olursa-olsun, ən müxtəlif provakasiyalarla gərginliyi artırmağa, bölgədə münaqişə vəziyyətinin qaldığını görüntüləməyə və bununla da üçüncü qüvvələrin regiona müdaxiləsi üçün bəhanə yaratmağa çalışır. Ermənistanın təxribat xarakterli davranışlarını stimullaşdıran çoxsaylı səbəblər var. Bu səbəblərin sırasında, erməni cəmiyyətinin uzun illərdən bəri ifrat millətçilik, türkofobiya, azərbaycanofobiya, islamofobiya kimi radikal və zəhərli ideoloji atmosferdə “nəfəs almaları”, erməni Qriqoryan kilsəsi, diaspor, öz fəaliyyətlərində terroru vasitə kimi seçən radikal millətçi təşkilatların apardıqları təbliğat, qonşularla normal münasibətlərin qurulmasının tərəfdarı olan sağlam düşüncəli insanların təzyiqlərə məruz qalması, məhv edilməsidir. Məsələn, qonşularla normal münasibətlərin qurulması, müharibəyə son qoyulması çağırışları ilə çıxış edən erməni yazıçısı və ictimai-siyasi xadimi Vardqes Petrosyanın 1994-cü ildə yaşadığı binanın girişində qətlə yetirilməsi, Azərbaycanla sülh tərəfdarı olan siyasətçilərin 1999-cu ildə Ermənistan parlamentində terrora məruz qalmaları və buna bənzər çoxsaylı cinayət hadisələri Ermənistan cəmiyyətində həqiqəti demək istəyənlərin gözünü qorxudub, sağlam düşünməyi bacaran insanlar daim qorxu və basqı altında qalıblar. Məhz bu və Ermənistandan bölgədə maşa kimi istifadə edən xarici qüvvələrin nəzarəti altında olan siyasətçilərin fəaliyyəti nəticəsində erməni cəmiyyəti zamanında regiondakı reallıqları qəbul edə bilməyib, miflərin arxasınca sürünüb, bu miflər darmadağın ediləndə isə ağır psixoloji sarsıntı içərisində qalıb.

Bu gün Ermənistan hakimiyyəti Türkiyə və Azərbaycanı ermənilərə və xristianlara düşmənçilikdə ittiham etmək əvəzinə öz ölkəsindəki hazırki duruma nəzər salsa yaxşı olar. Türkiyə, eləcə də Azərbaycan ərazisində bu günədək ermənilər və digər milliyyətlərdən olan xristianlar yaşayır və onlar bu ölkələrin tamhüquqlu vətəndaşlarıdır. Amma Ermənistan ərazisində bir nəfər də olsun türk yoxdur.

Şübhəsiz ki, Ermənistanın təxribatlarının davam etməsində kapitulyasiyaya uğramış ölkəni yenidən silahlandırmağa, təcavüzkar qüvvələri yenidən ruhlandırmağa cəhd göstərənlərin “xidməti” də az deyil. Bəzi dairələrin “dovşana qaç, tazıya tut” siyasətini davam etdirməsi, öhdəliklərinə sadiq qalmamaları bölgədə davamlı və dayanıqlı sülhün yaranmasına mane olur. Məhz bu səbəbdən, Azərbaycanın sülh müqaviləsi təklifinin uzun müddət masa üzərində qalmayacağını hər kəs başa düşməli və nəticə çıxarmalıdır.

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən IX Zirvə Görüşündə çıxışı zamanı bu məsələlərə bir daha diqqət çəkdi. Qeyd etdi ki, otuzillik işğal bitsə də, onun ağır fəsadları hələ də qalmaqdadır. “Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi Ermənistan tərəfindən yer üzündən silinib. Vaxtilə böyük və çiçəklənən şəhər olmuş Ağdam o dərəcədə dağıdılıb ki, xarici ekspertlər onu “Qafqazın Xirosiması” adlandırırlar. Ermənistan işğal zamanı 67 məsciddən 65-ni yerlə-yeksan edib, qalan 2 məscid isə ciddi zərər görüb və donuz, inək saxlanılması üçün istifadə olunub. Bu, bütün müsəlman dünyasına təhqirdir. İslamofobiya və türkofobiya Ermənistanın rəsmi ideologiyasının bünövrəsini təşkil edir”, - deyə Azərbaycan Prezidenti vurğulayıb. Ermənistan işğal zamanı ərazilərimizdə bir milyondan çox mina basdırdığını xatırladan dövlətimizin başçısı bildirib ki, Vətən müharibəsindən ötən iki il ərzində 270-ə yaxın Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub və ya ağır yaralanıb.

Dövlət başçısı çıxışlarında mütəmadi olaraq vurğulayır ki, bu gün regionda yaranmış yeni iqtisadi inkişaf imkanlarından bəhrələnmək üçün bütün qonşu ölkələr, o cümlədən Ermənistan da şans əldə edib. Lakin bundan sonra ona verilən şansı düzgün dəyərləndirməsi artıq bütünlüklə Ermənistan hökumətinin məsələyə konstruktiv yanaşmasından asılıdır. Ermənistan Azərbaycanın bütün dünya tərəfindən tanınan ərazi bütövlüyünü tanıyarsa, bu zaman regiona uzunmüddətli sülh gələcək. Lakin təəssüflər olsun ki, Ermənistan rəhbərliyində olanlar hələ də konstruktiv mövqe nümayiş etdirmirlər. Ermənistan hələ də bu ölkənin və onun əhalisinin xeyrini ziyanından seçib-ayırmaq iqtidarında olmayan qüvvələr tərəfindən idarə olunur.

Təbii ki, Cənubi Qafqazda regional sabitlik və davamlı inkişafın bərqərar olması üçün kommunikasiyaların açılması, ilk növbədə Zəngəzur dəhlizinin yaradılması, bütün ticarət əlaqələrinin bərpası zəruridir. Bu tələblər Ermənistanın da maraqlarına cavab verir. Çünki Zəngəzur dəhlizi onların da iqtisadi inkişafına xidmət edəcək. Onlar da dəmir yolu ilə həm İranla, həm Rusiya ilə əlaqə yarada bilərlər. Ancaq dövlət başçımızın dediyi kimi, Ermənistanda ifrat millətçilik, türkofobiya, azərbaycanofobiya, islamofobiya insanların və hakim dairələrin beyinlərini o dərəcədə zəhərləyib ki, onlar bunu istəsələr də, dilə gətirə bilmirlər. Lakin Azərbaycanın mövqeyi dəyişməzdir. Zəngilanı Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizi istənilən halda açılacaq.

Sevinc Azadi, “İki sahil”